Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirdi ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilmişdir. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapmışdır. 2011-ci ildə investisiya qoyuluşunda rekord nətisə əldə olunmuş və bu rəqəm 20 milyard dolları təşkil etmişdir. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə, son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçmişdir. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatmışdır.
Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev iclasdakı nitqində Azərbaycan Respublikasının 2011-ci il üçün sosial-iqtisadi inkişafını, eyni zamanda, xarici siyasət rakursundan da ələ alaraq qiymətləndirmişdir. Bu nitqində cənab Prezident, iqtisadi siyasət ilə xarici siyasətin mahiyyət olaraq bir-birinə bağlı olduğuna diqqəti yönəldir. Məhz daxili sosial-iqtisadi inkişaf nə qədər yüksək olarsa, xarici siyasətdəki siyasi gediş və təşəbbüslər də bir o qədər də geniş olacaqdır. Prezident İlham Əliyevin bu kontekstdə ifadə etdiyi fikirlər daxili sabitlik və sosial-iqtisadi inkişafın xarici siyasət kursuyla əlaqəsi baxımından çox əhəmiyyətlidir: "Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa, onu edirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır."
Prezidentin bu fikirləri düşünülmüş siyasətin və əsaslandırılmış daxili və xarici siyasət əlaqəsinin bariz təzahürüdür. Məhz bu siyasət daxili sabitlik və sosial-iqtisadi inkişafı əsas tutaraq xarici siyasətdə öz təsirini hər zaman göstərir və göstərəcəkdir.
Dövlətin xarici siyasət kursu praqmatik
reallıqları əks etdirir
Prezident İlham Əliyevin iclasdakı nitqinin əsas məqamlarından biri xarici siyasətin inkişaf dinamikası ilə bağlı idi. O, vurğuladı ki, keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə etmişdir. Bu uğurlar, eyni zamanda, ölkənin daxili sosial-iqtisadi inkişafıyla birbaşa bağlıdır. Ölkədə sosial-iqtisadi sahənin inkişaf etməsi xarici siyasətə də öz təsirini göstərir. Cənab Prezidentin aşağıdakı fikirləri xarici siyasət strategiyamızın əsas məqamlarını da açıqlayır: "2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş vermişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız, bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, biz bu qurumda ilk növbədə, ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır. Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq. Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də, biz əsil döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər.
Xarici siyasətdə Dağlıq Qarabağ problemi
Dövlətimizin başçısı Dağlıq Qarabağ problemini də qeyd olunan iclasda ön plana çıxartdı. O bildirdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmamışdır. Müsbət hallara gəlincə, Prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirdi. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğuladı.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq, danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır. Danışıqlar, əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat, sadəcə olaraq, bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır. Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır! Mən nə üçün bunu deyirəm? Çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə, ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq, bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir status qazanmasına razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa, məsələ tezliklə öz həllini tapa bilər.
Yeri gəlmişkən, qeyd olunmalıdır ki, 2012-ci ildə hər üç həmsədr olan ölkələrdə, yəni ABŞ, Fransa və Rusiyada prezident seçkiləri keçiriləcəkdir. Əlbəttə ki, Dağlıq Qarabağ problemi ilə bağlı yeni seçiləcək və ya öz vəzifələrinə davam edəcək prezidentlərin bəyanatları da siyasi aktuallıqlarını mühafizə edir.
Digər tərəfdən, cənab Prezident İlham Əliyev 17 yanvar 2012-ci il tarixində Xocalı Soyqırımı ilə bağlı yeni Sərəncam imzalamışdır. Bu Sərəncam həm tarixi yaddaşımızın mühafizəsi və həm də ermənilərin soyqırımı təşviqatlarına tutarlı bir cavabı təşkil edir. Məhz bir neçə il əvvəl Leyla xanım Əliyevanın rəhbərliyi ilə dünya miqyasında "Xocalıya Ədalət" kampaniyası altında keçirilən tədbirlərin də böyük əhəmiyyəti olmuşdur.
Nəticədə cənab Prezident İlham Əliyevin iclasda ifadə etdiyi həm daxili, həm də xarici siyasətlə əlaqədar əsaslandırılmış arqumentləri və aparılan islahatlar barəsindəki görüşləri gələcək illər üçün əhəmiyyətli, strateji mövzuları əhatə edir. Məhz 2012-ci və digər illərdə Azərbaycanda aparılacaq quruculuq işləri və islahatlar qeyd olunan iclasda dilə gətirilən düşüncələrin reallaşması olaraq görüləcəkdir.
Rəşad İlyasov,
fəlsəfə doktoru
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...