Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi alternativ layihələrin reallaşması xarici investisiyaların ölkəyə gətirilməsi imkanlarını artıracaq. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial -iqtisadi yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olundu ki, ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrə layiqincə əməl olunub, layihə və islahatlar reallaşdırılıb.
Uğurlu inkişafımızı şərtləndirən amillər barədə açıqlama verən Prezident İlham Əliyevin vurğuladığı kimi, bütövlükdə, iqtisadi artımın 0,1, qeyri-neft sektorunun 9,4 faiz artması ölkədə aparılan məqsədyönlü, kompleks tədbirlərin müsbət , aparılan siyasətin məntiqi nəticəsidir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün müəyyənləşdirilən parametrlərin reallaşması üçün görülən işlərin nəticəsidir ki, iqtisadiyyatın şaxələndirilməsi üçün praktik işlər səmərə verir, qeyri-neft sənayesində artım 11,1 faizlə ifadə olunur.
Ötən ildə inkişafın əsas makroiqtisadi göstəriciləri olan inflyasiyanın birrəqəmli-7,9 faiz olması, əhalinin pul gəlirlərinin 19,6 faiz artması iqtisadi və sosial inkişafın bariz nümunəsidir.
Sosial siyasət uğurla inkişaf etdirilir
İclasda ölkənin möhkəmlənən maliyyə mənbələri hesabına iqtisadiyyata investisiya qoyuluşunun rekord həddə çatması xüsusi göstərici kimi diqqətə çatdırılmışdır. Təkcə iki il ərzində ölkə iqtisadiyyatına 37 milyon dollar investisiya qoyulmuşdur ki, onun 20 milyard dolları ötən ilin payına düşür. " 2011-ci ildə böyük investisiya proqramımız icra edilmişdir və dediyim bu rəqəmlərin böyük hissəsi dövlət hesabına təşkil edilmişdir, valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə, bizim 41 milyard dollar vəsaitimiz vardır. Bu, bizim strateji ehtiyatlarımızdır" söyləyən Prezident İlham Əliyev ölkədə geniş miqyasda həyata keçirilən layihə və islahatların əhəmiyyətindən bəhs edərək, bildirmişdir ki, sosial sahədə bizim siyasətimiz uğurla davam edir. Sosial islahatlar deyəndə, ilk növbədə, əməkhaqqı və pensiya siyasətini dünya standartlarına uyğunlaşdıran islahatlar nəzərdə tutulur.
Ötən il maaşlar, pensiyalar artırılmış, MDB məkanında hiss olunmayan və əhalinin sosial müdafiəsinin daha etibarlı təminatına yönəldilmiş layihələr həyata keçirilərək 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artırılmışdır.
Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi təqribən 180-190, orta əməkhaqqının həcmi 460 dollara yaxındır. "Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır" söyləyən cənab İlham Əliyev istifadəyə verilən və tikilməkdə olan sosial obyektlərin inşasını insanların rahat yaşamasının təminatına və investisiya proqramlarının səmərəli davamına stimul verdiyini bildirmişdir.
Bölgələr sürətlə inkişaf edir
Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan infrastruktur layihələrinin reallaşması üçün imkanların genişlənməsinə diqqət artırılır. Ötən ilin göstəricilərində qeyd olunduğu kimi, 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət ocaqları tikilir və təmir edilir. İnkişafımızın ən müsbət göstəricilərindən olan yeni iş yerlərinin açılması istiqamətində islahatların davam etdirilməsi, həmişə olduğu kimi, ötən ildə də aktuallığını qorumuşdur. Son səkkiz ildə 1 milyona yaxın iş yerinin açılması, emal müəssisələrində müasir texnika və avadanlıqların tətbiqi əhalinin məşğulluq səviyyəsinin artmasını şərtləndirən amil kimi diqqətdə saxlanılır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. İndi respublikada işsizlik xeyli aşağı düşərək 5,4 , yoxsulluğun səviyyəsi isə 7,6 faiz təşkil edir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir.
Beynəlxalq nüfuz və ali dəyər
Prezident İlham Əliyev müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz ötən ilin yaddaqalan və beynəlxalq aləmdə nüfuz və mövqeyimizin artmasını şərtləndirən hadisələrdən bəhs edərkən xarici siyasətdə əldə olunan nailiyyətlər kimi 155 ölkənin inam və etibarının ifadəsi olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü tarixi nailiyyət adlandırmış, ümumxalq sevincini "Bu, bizim böyük siyasi qələbəmizdir" sözləri ilə ifadə etmiş, "Eurovision -2011"-də ölkəmizin qələbəsini siyasi və mədəni intibahımızın göstəricisi adlandırmışdır.
"Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır" söyləyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmağımızın Dağlıq Qarabağ münaqişəsinin həllində daha böyük səmərə verəcəyini bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Dəfələrlə qeyd olunan "Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır" sözlərini bir daha xatırladan cənab İlham Əliyev problemin həlli istiqamətində əldə olunan irəliləyişlərdən də söz açmışdır. " Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır."
Uğurlu gənclər siyasəti
Ötən il ölkə əhalisinin əksəriyyətini təşkil edən gənclərin həyatında da maraqlı məqamlarla yaddaqalan olmuşdur. Belə ki, konkret vəzifə və istiqamətləri əks etdirən "Azərbaycan gəncliyi: 2011- 2015" Dövlət Proqramı qəbul olunmuş, Gənclər Fondu yaradılmışdır.
İclasda ölkə iqtisadiyyatının aparıcı sahəsi olan enerji, neft-qaz sektorunda hiss olunan yeniliklər barədə də söhbət açılmışdır, yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər uğurlu fəaliyyət kimi dəyərləndirilmişdir.
Yeni iş yerləri, yeni iş həcmləri
"Böyük Azərbaycan qazı üçün demək olar ki, indi qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə investisiyaların gətirilməsinə imkan verəcəkdir. Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir. Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri açılacaqdır" söyləyən dövlət başçımız vurğulamışdır ki, neft-qaz sektorunda görülən işlər hesabına Azərbaycanda sahibkarlar daha da güclənmiş, inşaat, enerji, istehsal sahələrində bizim böyük imkanlarımız, texnoparklar yaranmışdır. İndi neft-qaz sənayesində istənilən vacib məhsulları, boruları, digər məhsulları özümüz istehsal edirik. Şirkətlərin yerli xammal və məhsullardan istifadəsinə diqqəti iqtisadiyyatımızın inkişafına təsir edəcək amil kimi nəzərdə tutan Prezident İlham Əliyev əvvəllər bu sahədə verdiyi tövsiyələri bir daha xatırladaraq, qeyd etmişdir ki, sifarişlərdə daha çox Azərbaycan şirkətləri iştirak edəcəklər və büdcəmizə daha çox vergilər ödəyəcək, daha çox iş yerləri açacaqlar.2011-ci ildə bu kimi vacib hədəflərə çatmışıq. Belə ki, respublikamızda tranzit məsələləri həll olunub, 350 milyard kubmetr qaz yatağına malik "Abşeron"da uğurlu kəşfiyyat işləri aparılmış, Azərbaycan Dövlət Neft Şirkətinin gücü ilə "Ümid" yatağı aşkar olunmuşdur ki, bu nəticələr Avropa Birliyi ilə Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq haqqında imzalanan bəyannamənin şərtlərini əks etdirir.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...