Artıq 2012-ci ilin ilk ayını başa vurmaq üzrəyik. Arxada qalan yarım aydan artıq müddətdə isə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra layihələrin hazırlandığının şahidi olduq. Əslində, belə layihələr hələ bir müddət öncə 2012-ci ilin dövlət büdcəsinin təsdiqi zamanı elan olunmuşdu.
Ancaq məsələ orasındadır ki, görülən işlər deməyə əsas verir ki, Azərbaycan hökuməti təkcə dövlət büdcəsində nəzərdə tutulan infrastruktur layihələrin icrası ilə kifayətlənməyərək prosesin davamlılığını təmin etmək məqsədilə yeni-yeni sosial-iqtisadi layihələrə imza atmaq barədə düşünür. Əslində, ötən ildə nəzərdə tutulan irimiqyaslı layihələrin həyata keçirilmə miqyası deməyə əsas verir ki, cari ildə belə layihələr əbəs yerə hazırlanmır. Çünki 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi heç kimə sirr deyil.
Ölkədə ümumi iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4 faiz yüksəlib
Məlumat üçün qeyd edək ki, ölkədə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti Azərbaycan iqtisadiyyatının bütün sahələrində öz müsbət nəticəsini verib. Kənd təsərrüfatından tutmuş qeyri-neft sektoruna qədər bütün sahələrdə tətbiq edilən sosial proqramlar nəticə etibarilə ölkə iqtisadiyyatının davamlılığını təmin etməkdə stimul rolunu oynayıb. Bu kimi halların nəticəsidir ki, ötən il ölkədə ümumi iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4 faiz yüksəlib. Məlumdur ki, qeyri-neft sektorunun inkişafı sosial-iqtisadi inkişafla yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olur. Təkcə bu fakt deməyə əsas verir ki, bir neçə il əvvəl irəli sürülmüş sənayeləşmə təşəbbüsü artıq öz nəticələrini verməkdədir. Azərbaycanda liberal iqtisadiyyat hökm sürdüyündən, ötən il ölkə iqtisadiyyatına ilk dəfə olaraq 20 milyard dollar investisiya yatırılıb. Halbuki 2010-cu ildə bu göstərici 17,6 milyard dollar təşkil edib. Bir il ərzində investisiyanın bu qədər artmasını ölkədə iqtisadiyyatın inkişaf səviyyəsinin göstəricisi kimi qəbul etmək olar. Məhz bu amil xarici investorların Azərbaycana inamını artırır və investisiyaların qoyuluşu davamlı proses alır. Onu da nəzərdən qaçırmayaq ki, 2011-ci ildə, ilk dəfə olaraq, Azərbaycanın valyuta ehtiyatları 41 milyard dollara çatıb.
Cari ildə qarşıda duran vəzifələr müəyyən edilib
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial- iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib ki, 2011-ci il tarixdə bütün sosial-iqtisadi məsələlərin həllini tapdığı il kimi qalacaq: "Əminəm ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Bir daha demək istəyirəm ki, 2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapmışdır".
Dövlət başçısı sosial və iqtisadi nailiyyətlərin davamlı olmasını təmin etmək məqsədilə cari ildə də qarşıda duran vəzifələri müəyyən edib. Onun sözlərinə görə, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli, bütün proqramlar vaxtında icra edilməlidir: "Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə, strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir".
Sosial ödəmələr, sosial infrastruktur layihələri uğurla icra ediləcəkdir
Prezident İlham Əliyev 2012-ci ildə də qarşıda duran bütün vəzifələrin uğurla icra ediləcəyinə əmin olduğunu vurğulayıb: "2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir. Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın".
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...