PDF Oxu

İqtisadiyyat

  • 16

Davos İqtisadi Forumu çoxşaxəli Azərbaycan iqtisadiyyatına önəm verir

Davos İqtisadi Forumu çoxşaxəli Azərbaycan iqtisadiyyatına önəm verir

Bu gün dünya mətbuatında əsas müzakirə mövzularından biri də hər il ənənəvi olaraq İsveçrənin kurort şəhəri olan Davosda keçirilən Dünya İqtisadi Forumudur. 100-dən artıq ölkədən 2500 nümayəndənin iştirakı ilə keçirilən həmin tədbirlərdə müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunur. Son zamanlar isə daha çox diqqət yönəldilən məsələlərdən biri Avropanın enerji gələcəyidir. Zəngin təbii resurslara və əlverişli çoğrafi məkana malik olan ölkəmiz daim dünyanın diqqətində olub. Lakin bu reallıq inkaredilməzdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin yaradılması, əlverişli biznes mühitinin formalaşması bu diqqətin daha da artmasına stimul verdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Əsrin müqaviləsi" imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz "Şahdəniz" yatağından qaz hasilatına nail ola bilməzdik. Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir. "Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas məqsəddir" söyləyən dövlət başçısı İlham Əliyev neft strategiyasının uğurlu həllini digər aspektlərdən qiymətləndirərək, inamla vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik, əməkdaşlıq gətirir, gözəl imkanlar yaradır, iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Azərbaycan iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da ön yerdə dayanır. Ölkədə aparılan islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa geniş imkanlar açır. Qeyd edək ki, ötən ilin əvvəllərində beynəlxalq maliyyə qurumları ölkəmizdə iqtisadi inkişafla bağlı proqnozlarını irəli sürmüşdülər. Ölkəmizlə siyasi, iqtisadi, enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artmaqdadır. Forum çərçivəsində bu və ya digər ölkələrlə müxtəlif istiqamətləri əhatə edən sazişlərin imzalanması da Azərbaycanın beynəlxalq aləmdə artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Şaxələndirməni enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi dəyərləndirən Azərbaycan dövləti ölkəmizin maraqlarına uyğun olan layihələrin gerçəkləşməsinə daim dəstək olur.


Davos İqtisadi Forumu yeni bazarların müəyyən edilməsini prioritet istiqamət kimi dəyərləndirir


Dövlət başçısı İlham Əliyev bunu forum çərçivəsində keçirilən görüşlərində, müxtəlif mövzular üzrə sessiyalarda xüsusi vurğulayaraq, bildirmişdir ki, hazırda yeni bazarların müəyyən edilməsi prioritet məsələlərdəndir. Bu layihələrin faydalı olması üçün hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları bir araya gətirilməlidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, dünya bazarına birbaşa çıxış olmayan ölkə üçün həlledici məsələdir: "Neft-qaz sərvəti nə qədər olur-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə, onun heç bir mənası yoxdur." Azərbaycanın neft-qaz ehtiyatları artmaqdadır.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq yaradılan Dövlət Neft Fondunun aktivlərinin həcminin ildən-ilə artması, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi də Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirin xalq arasında ədalətli paylanması və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin milyardlarla dollardan artıq olması neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir.

Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini ifadə edir. Ötən il istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri də fondun vəsaitləri hesabına həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.


Rəqabətə davamlılıq baxımından Azərbaycan iqtisadiyyatı Dünya İqtisadi Forumunda yüksək qiymətləndirilir


Davosda keçirilmiş ötən forumda dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu layihə yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaq. Bu layihənin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu açıqlayır.

Davos İqtisadi Forumunda da qeyd olunduğu kimi, son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyəti, Azərbaycanın malik olduğu potensial qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla dünyanın diqqətindədir. Bu faktor ölkəmizdə yaradılan normal investisiya mühitinin təsdiqidir.

Dünya İqtisadi Forumunda əldə olunan uğurları bir daha diqqətə çatdıran dövlət başçısı İlham Əliyev vurğulamışdır ki, biz gələcəyimizi regionda yaxşı mövqeyə və qonşularla yaxşı münasibətlərə, o cümlədən, Avropa ilə strateji əlaqələrə malik olduqca dinamik və inkişaf etmiş ölkə kimi görürük.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər