PDF Oxu

İqtisadiyyat

  • 21

Tükənməz uğurların yüksək nəticələri

Tükənməz uğurların yüksək nəticələri

Ötən 2011-ci il Azərbaycan iqtisadiyyatında, xüsusilə, qeyri-neft sektorunda davamlı artım meyilləri müşahidə olunmuşdur. Belə ki, iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf funksiyasına səmərəli təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, bütövlükdə, makroiqtisadi sabitlik qorunmuşdur.

Azərbaycan Mərkəzi Bankının 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə bəyanatında 2011-ci ildə Azərbaycan iqtisadiyyatının daha da güclənməsi vurğulanmışdır. Dünyada qlobal maliyyə böhranın əsasən təsadüf etdiyi 2009-2011-ci illərdə orta iqtisadi artım 5 faiz olmuşdur. 2011-ci ildə qeyri-neft sektoru 9,5 faiz artmışdır. O cümlədən, qeyri-neft sənayesində 11,7 faiz, ticarətdə 9,9 faiz və xidmətdə 22,2 faiz artım olmuşdur. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi 2010-cu illə müqayisədə yaxşılaşmışdır.

İpoteka kreditləşməsi cari ildə də iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 milyon manat məbləğində sosial ipoteka verilmişdir. İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilmişdir. 2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla, 2000 nəfərə 77 milyon manat məbləğində ipoteka krediti verilmişdir. Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 milyon manat) faydalanan ailələrin sayı 8750-yə çatmışdır.

2012-ci ildə daxili dövlət tələbinin yüksək səviyyəsi şəraitində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq 2012-ci ildə ümumi daxili məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. Neft hasilatının gözlənilən həcmini nəzərə alaraq, iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcəkdir. Dövlət xərcləri qeyri-neft sektorunda artım templərini formalaşdıran mühüm amil olacaqdır.


Strateji maliyyə ehtiyatları xarici borcdan qat-qat çoxdur

Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə göstərirlər. Bu barədə "Bloomberg" agentliyində dərc olunan materialda deyilir. Materialda qeyd olunur ki, 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir: " Dünya iqtisadiyyatına böyük təsir imkanına malik olan ABŞ-ın 2,8, Yaponiyanın isə 3 trilyon xarici borcu vardır. Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da, öz növbəsində, işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir". Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi, onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.


Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçünü özündə birləşdirir

Azərbaycanda əldə olunan uğurların gerçəkləşməsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət proqramlarının rolu və əhəmiyyəti mövcuddur. Belə ki, dövlət proqramlarının əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılmasıdır. Dövlət proqramlarında makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.

Bundan başqa, ümumi investisiyada artımın əsasən, ölkə iqtisadiyyatına qoyulacaq xarici sərmayələr hesabına əldə olunması gözlənilir. Bu da respublikanın xarici investorlar üçün cəlbediciliyinin saxlanmasının göstəricisi kimi qəbul edilə bilər. Eyni zamanda, bu il ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar isə ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.


Dayanıqlı Azərbaycan iqtisadiyyatı

Dünyada qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu faktor başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin, ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir. Qlobal iqtisadi böhrana qarşı Azərbaycanda dövlət başçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq iqtisadiyyat təmin edilmişdir. Hazırda dünyanın əksər ölkələrinin iqtisadi sisteminə ciddi problemlər yaradan qlobal maliyyə böhranı Azərbaycana təsirsiz ötüşüb.

RÖVŞƏN

NURƏDDİNOĞLU

Digər xəbərlər