PDF Oxu

İqtisadiyyat

  • 17

Madriddə “FİTUR” Beynəlxalq Turizm Sərgisi keçirilib

Madriddə “FİTUR” Beynəlxalq Turizm Sərgisi keçirilib

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən "FİTUR" Beynəlxalq Turizm sərgisində Azərbaycan lövhəsinin təşkili, "VI Exceltur Tourism Leadership Forum"unda iştirak, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və İspaniya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın müzakirə olunması və turizm sahəsi üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılması ilə əlaqədar Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti İspaniyaya səfər etmişdi.

Səfər çərçivəsində BMÜTT-nin baş katibi Taleb Rifai ilə təşkil edilən görüşdə BMÜTT və Azərbaycan Respublikası arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, "FİTUR-2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının təmsil olunması, 2012-ci ilin 12-14 aprel tarixlərində Bakı şəhərində keçiriləcək "AİTF" XI Beynəlxalq Turizm və Səyahət Sərgisində BMÜTT-nin ayrıca lövhə ilə təmsil olunması, Azərbaycan Respublikası tərəfindən təyin edilmiş nümayəndənin BMÜTT-də işləməsi məqsədilə təşkilata təqdim edilməsi, ölkəmizin statistika üzrə mütəxəssisləri üçün Azərbaycanda və ya İspaniyada təlim proqramının təşkil edilməsi, 2012-ci ilin sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "Kulinariya Konfransı", ekspert rəyi alınması məqsədilə "Turizm haqqında Azərbaycan Respublikasının qanunu"nun BMÜTT-yə təqdim olunması, 2013-cü ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "Mədəniyyətlərarası Dialoq Forumu"nda turizm üzrə sessiyanın təşkil edilməsi və digər məsələlər müzakirə edilib. Eyni zamanda, BMÜTT-nin icraçı direktoru Zoltan Somoqi, Avropa üzrə regional direktor İzabel Garanya, davamlı turizm proqramının rəhbəri Luiji Kabrini, İpək Yolu Proqramının rəhbəri Alla Peressolova, Əlaqələr üzrə Proqramın rəhbəri Marselo Risi, turizm bazar meyilləri üzrə proqramın rəhbəri Con Kester, texniki əməkdaşlıq və xidmətlər üzrə direktor Harş Varma, nəşrlər üzrə proqram rəhbəri Dirk Qlasser ilə görüşlər keçirilib.

"FİTUR" Beynəlxalq Turizm Sərgisinin rəsmi açılış mərasimində İspaniya Şahzadəsi Filip və xanımı Şahzadə Litisia, "FİTUR" Sərgisinin Təşkilat Komitəsinin Prezidenti Antonio Vazqez, BMÜTT-nin baş katibi Taleb Rifai, "Exceltur"un sədri və "Melia Hotels İnternational"ın vitse-prezidenti Sebastian Escarrer və bir sıra dövlətlərin turizm üzrə yüksək vəzifəli şəxsləri iştirak edib. Mərasimdə Şahzadə Filip və xanımı Şahzadə Litisia ilə görüş keçirilib. 166 ölkədən 10.434 şirkət iştirak edən sərgidə 209.260 ziyarətçi müşahidə olunub. Sərgidə quraşdırılmış respublikamızın turizm imkanlarını əks etdirən xüsusi hazırlanmış 52 m. sahəsi olan lövhədə Mədəniyyət və Turizm Nazirliyinin və turizm şirkətlərinin nümayəndələri təmsil olunub. Sərgi müddətində Azərbaycan lövhəsinə çoxlu sayda turizm şirkətləri və yerli ziyarətçilər yaxınlaşıb. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri, cari ilin 22-26 may tarixlərində respublikamızda keçiriləcək "Eurovizion-2012" Mahnı Müsabiqəsi haqqında məlumatlar verilərək, ölkəmizin turizm potensialına və Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları ziyarətçilərə təqdim olunub. Sərgidə təmsil olunan turizm şirkətləri ilə digər ölkələrin turizm şirkətləri arasında görüşlər keçirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. "FİTUR" Beynəlxalq Turizm Sərgisində Azərbaycan mədəniyyətinin təbliğ olunması məqsədilə "Dövlət Mahnı və Rəqs Ansamblı"nın 4 nəfərdən ibarət heyəti xüsusi proqram üzrə həm səhnədə, həm də Azərbaycan lövhəsində çıxış ediblər. Həmçinin, sərgi zamanı Azərbaycanın turizm potensialını əks etdirən filmlər və reklam çarxları ziyarətçilərə nümayiş etdirilib.

"FİTUR" Beynəlxalq Turizm Sərgisində Ermənistan turizm şirkətləri tərəfindən "Dağlıq Qarabağ"ın və işğal olunmuş digər Azərbaycan ərazilərinin turizm məkanları kimi təbliğ olunmasının və "Dağlıq Qarabağ"ı ayrıca bir dövlət kimi göstərən bir sıra xəritələrin və reklam-çap məhsullarının sərgi iştirakçılarına paylanmasının qarşısının alınması istiqamətində danışıqlar aparılıb. Andorra Knyazlığının turizm və ətraf mühit naziri Frankes Kamp Torres, həmçinin, İspaniya Krallığının turizm üzrə dövlət katibi Dona İzabel Boreqo ilə görüşlər keçirilib. Görüşlər zamanı Andorra Knyazlığı və İspaniya Krallığı ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması, həmçinin, turizm sahəsi üzrə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Sözügedən səfər çərçivəsində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən görüşlərin təşkil olunmasına və "FİTUR" Beynəlxalq Turizm Sərgisinə lazımi köməklik və dəstək göstərilib.


ZÜMRÜD

Digər xəbərlər