PDF Oxu

İqtisadiyyat

  • 11

Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 milyon manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 milyon manat güzəştli kredit verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini yanvarın 31-də Qaradağ rayonunun Ələt qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Qaradağ rayonunun Sahil qəsəbəsində "Azəri" firmasına məxsus metal konstruksiya istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxılmışdır.

Tədbirdə güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir istixana kompleksinin, eləcə də kiçik istixana təsərrüfatlarının, ət kəsimi müəssisəsinin yaradılması və ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Bakı qəsəbələrində sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən ət emalı müəssisəsinin, müasir quşçuluq təsərrüfatının və çörək istehsalı müəssisəsinin yaradılmasına yönəldiləcəkdir. Bu layihələrin reallaşması hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər