PDF Oxu

İqtisadiyyat

  • 17

İNVESTİSİYA YATIRIMLARI - UĞUR VƏ POTENSİALLAR

İNVESTİSİYA YATIRIMLARI - UĞUR VƏ POTENSİALLAR

Ötən 2011-ci ildə Azərbaycan iqtisadiyyatı növbəti inkişaf mərhələsini həyata keçirdi. İl ərzində nəhəng sosial-iqtisadi layihələrlə yanaşı quruculuq-abadlıq işləri geniş vüsət aldı. Ölkə ərazisində çoxsaylı sənaye, emal, kənd təsərrüfatı və digər təyinatlı istehsal obyektləri tikilib istifadəyə verildi. Nəticədə minlərlə yeni iş yerləri yaradıldı.

Dövlət Statistika Komitəsinin məlumatları da istehsal və sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması siyasətinin uğurla həyata keçirildiyini təsdiqlənir. Ötən il bu məqsədlə dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılıb. Bununla yanaşı, xarici və yerli sahibkarlara ölkə iqtisadiyyatına sərmayə qoymaq üçün münbit şərait yaradılıb. İnvestorlar, o cümlədən, xarici iş adamları arxayındırlar ki, Azərbaycanda onların hüquqları qanunla qorunur və qoyduqları vəsait batmayacaq. Bu əminliyin nəticəsidir ki, xarici investisiyaların ölkəmizə axını ildən-ilə sürətlə artır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə demişdir: "Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sayəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabər olub. Təkcə iki il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək, görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm də xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".


Dövlət ölkənin sənayeləşməsinə xüsusi önəm verir


Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin artmasını təsdiq edən rəqəmlərə diqqət yetirək. Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12776,4 milyon manat vəsait yönəldilib, onun da 7821 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 27,3, tikinti-quraşdırma işlərinə sərf edilən vəsait isə 17,5 faiz çox olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7482,3, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat xərcləyiblər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilib.

Göründüyü kimi, ölkə iqtisadiyyatında daxili investisiyalar üstünlük təşkil edir. Bu da dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. İndi neft gəlirlərindən qeyri-neft sektorunun inkişafı üçün külli miqdarda investisiya qoyulur. Elə 2011-ci ilin özündə əsas kapitala yönəldilən vəsaitin 80,3 faizi daxili, 19,7 faizi isə xarici mənbələrdən ayrılıb. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 32,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri ümumi vəsaitin 47,7, bank kreditləri 7, büdcə vəsaitləri 39,5, büdcədənkənar fondların vəsaiti 3,1, əhalinin şəxsi vəsaitləri 2,6 və s. vəsaitlər 0,1 faiz təşkil edib. Ötən il əsas kapitala yönəldilən bütün vəsaitin 38 faizi sənaye sahələrinin inkişafına, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara sərf olunub. Bu da, onu göstərir ki, dövlət ölkənin sənayeləşməsinə xüsusi önəm verir.


Tikinti sektorunda özəl bölmənin çəkisi dövlət tikinti müəssisələrini üstələyib


Artıq Azərbaycanda neft sənayesi sürətlə inkişaf edərək, ölkəyə böyük miqdarda valyuta gətirir. Odur ki, indi dövlət investisiyaların böyük həcmini qeyri-neft bölməsinə yönəltməyə maraqlıdır. Keçən il də investisiyaların 76,8 faizi qeyri-neft bölməsinə qoyulub.

Ötən il xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi 2010-cu illə müqayisədə 3,2 faiz çox olub. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici vəsaitin 84,2 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi 2010-cu ilin səviyyəsini 26,9 faiz üstələyib. Görülən ümumi tikinti işlərinin 76,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,2 faizi isə əsaslı təmir işləri olub. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilən ümumi işlərin 25,2 faizini, qeyri-dövlət tikinti müəssisələri isə 74,8 faizini həyata keçirib. Rəqəmlərdən aydın görünür ki, ölkədə aparılan uğurlu islahatlar nəticəsində tikinti sektorunda özəl bölmənin çəkisi dövlət tikinti müəssisələrini üstələyib.

Tikinti sektorunda çalışan inşaatçıların əməkhaqları da yüksəlib. Keçən ilin yanvar-noyabr aylarında inşaat bölməsində çalışan 76,7 min nəfərin orta aylıq əməkhaqqı 518,5 manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çoxalıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 547,9 manat olub, mülki təyinatlı inşaat işlərində çalışan işçilərin maaşları 8,5, ixtisaslaşdırılmış tikinti işlərində isə 11,4 faiz artıb.


Cari ildə də ölkədə nəhəng tikinti-quruculuq işlərinin görülməsi nəzərdə tutulub


Onlarca sənaye, istehsal, emal və sosial obyektlər məhz keçən ilin yadigarlarıdır. "Hilton Bakı", "Kempinski Badamdar", "Jumeirah Bilgah Beach Hotel" mehmanxanaları, Abşeronda mebel fabriki, Ağsuda şirə və şərab emalı zavodu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədidə "Atena" süd istehsalı və emalı kombinatı, Qəbələ rayonunda beynəlxalq aeroport, Xızıda Müalicə-Diaqnostika Mərkəzi, Naftalanda "Qaşaltı" sanatoriya kompleksi, Tovuzda Olimpiya İdman Kompleksi və s. keçən ildə tikilib.

Cari ildə də ölkədə nəhəng tikinti-quruculuq işlərinin görülməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda investisiya qoymağa qərar verib. Nəzərdə tutulan işləri həyata keçirmək üçün cari ilin dövlət büdcəsindən vəsait ayrılacaqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Çünki dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyard isə xarici investorların vəsaitidir. Cəsarətlə deyə bilərik ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam etdirirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa, onu edirlər".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər