Son günlərdə Avropa Birıiyinin dağılmaq ehtimalı yenidən dünya mediasında aktiv şəkildə müzakirə olunur. Xüsusilə də Davos Forumunda bu məsələnin diqqətdə saxlanması, bir çox çıxışlarda Avrozonada böhranın hələ də həllini tapa bilməməsinin qabardılması mövzunu daha da aktuallaşdırıb. Bəs bu ehtimallar reallığa nə qədər uyğundur?
İqtisadçı ekspert, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin fikrincə, əgər Avropa liderlərinin iqtisadi böhrana necə son qoymaq üçün hələ də çıxış yolu tapa bilmədiklərini nəzərə alsaq, narahat olmaq üçün doğrudan da, əsas var: "Çıxış yolu isə ona görə tapıla bilmir ki, strateji məsələlərə yanaşmada əsas dövlətlərin arasında fikir ayrılığı mövcuddur. Qütbün bir tərəfində Britaniya, digər tərəfində isə Almaniya və Fransa dayanırlar. Bu qütbləşmə nəticəsində bütün təkliflər effektini itirir. Məsələn, təkliflərdən biri AB ölkələri üçün büdcə kəsiri minimumunun 3 faizdən 0.5 faizə endirilməsidir. Amma Britaniya və Çexiya buna qarşı çıxaraq, problemin heç də təkcə büdcə kəsirində yox, həm də ticarət kəsirində olduğunu bildiriblər. Beləliklə də, razılığa gəlmək mümkün olmayıb".
Əlibala Məhərrəmzadə vurğulayıb ki, böhrana birdəfəlik son qoyulması üçün irəli sürülən digər təkliflərdə də razılığa gəlinməsi üçün işıq ucu görünmür: "Məsələn, Avropa Maliyyə Stabilliyi Fondunun səlahiyyətlərinin genişlənməsi daşa dirənib. İlk növbədə ona görə ki, Almaniya öz çiynini digər Avropa dövlətlərinin yükünün altına vermək istəmir. Bu səbəbdən də, Davos forumunda Avropadakı hazırkı gərginliyin əsas səbəbkarı kimi Almaniyanın adı tez-tez çəkilirdi. Amma bu sıraya Fransanı da qoşmaq lazımdır. Ötən ildən başlayaraq bu iki dövlət Avropa Birliyinin gələcəyilə bağlı fərqli kurs yürütməkdədirlər və həmin kurs heç də Birliyin möhkəmlənməsinə xidmət etmir".
Bundan əlavə, siyasi əngəllər də iqtisadi mexanizmin işini pozurlar. Ekspert bu əngəllərdən ən böyüyü kimi Avropa Birliyinin ali idarəetmə orqanı olan Avropa Komissiyasının ayrı-ayrı dövlətlərin qərarlarına təsir edə bilməməsini göstərdi. Onun sözlərinə görə, xüsusilə büdcə məsələlərində hökümətlər Brüsseldən gələn tövsiyələri qulaqardına vururlar. Nəticədə Avrozonada böhranlı vəziyyət uzandıqca, sosial problemlər də baş qaldırır. Bu isə sadə əhalidə də Avropa Birliyi formatına qarşı etirazların yaranmasına gətirib çıxarır.
Əlibala Məhərrəmzadənin fikrincə, bütün bunlar onu təsdiqləyir ki, Avropa Birliyi sistem böhranı keçirir. Onu həll etmək üçün isə ciddi və adekvat səviyyəli islahatlar - yəni sistem islahatları keçirilməlidir. Əks halda Avropa Birliyinin mövcudluğu doğrudan da, sual altında qalacaq.
Bəs belə halda pul ehtiyatlarını avro ilə saxlayan insanlara nə məsləhət vermək olar? Əlibala Məhərrəmzadə dedi ki, "Hazırda avronun dünyada bütün valyutalara qarşı zəifləmə tendensiyası gedir və nə qədər davam edəcəyini demək çətindir. Bunu nəzərə alaraq, avro aktivləri riskli sayılır".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...