Azərbaycanın zəngin qaz potensialı bu sahədə bir sıra əlavə işlərin görülməsini, qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz strategiyasının uğurları ölkəmizin sabit və davamlı inkişafı üçün möhkəm baza yaradıbdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikası bir sıra mötəbər beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə imicini qazanıbdır.
Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2011-ci ildə də Azərbaycanda sürətli inkişaf dinamikası müşahidə edilib, istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni həyatda bir sıra yeni nailiyyətlər qazanılıbdır. Təbii ki, bu sırada iqtisadi tərəqqini, xüsusilə də, neft-qaz sektorunun daha da inkişafını, modernləşməsini qeyd etmək lazımdır.
Təsadüfi deyil ki, yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "...2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir... 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə "Ümid" yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır..."
Təsadüfi deyil ki, son illər ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin və iqtisadiyyatın "mavi yanacağa" olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul olunmuş xüsusi proqram uğurla həyata keçirilir. Ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilibdir.
Mavi yanacağın
hasilatı iki dəfə artıbdır
Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, son bir neçə ildə Azərbaycanda "mavi yanacağın" hasilatı iki dəfə artmış, qaz təsərrüfatı infrastrukturunun tamamilə yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Belə ki, qaz hasilatının artırılması məqsədilə dəniz yataqlarının yerləşdiyi ərazilərdə yeni özüllər inşa olunmuş, mövcud obyektlərdə bir sıra genişləndirmə işləri həyata keçirilib, əlavə qaz quyuları qazılıb istismara verilibdir. İndi qarşıda duran əsas vəzifələrdən biri də ölkənin qaz təsərrüfatında yığım-nəql sisteminin təkmilləşdirilməsi və "mavi yanacağın" istehlakçılara çatdırılmasını təmin etmək üçün ən müasir infrastrukturun yaradılmasından ibarətdir.
Eyni zamanda, 2011-ci ildə bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə başa çatdıran inşaatçılar ölkənin qaz təsərrüfatının inkişafına mühüm töhfələr vermişlər. Astara kompressor stansiyasının genişləndirilməsi layihəsi inşaatçıların ötən il həyata keçirdikləri mühüm podrat işlərindəndir. Adıçəkilən obyekt ölkəmizin cənub regionunun "mavi yanacaq"la təminatının yaxşılaşdırılması, eləcə də, qonşu İran İslam Respublikasına qazın ixrac olunması üçün nəzərdə tutulubdur. İl ərzində stansiyada mühüm tikinti-quraşdırma işləri həyata keçirilib, burada 10 QKN tipli 6 ədəd kompressor maşını quraşdırılıbdır. Bu da stansiyadan sutka ərzində 3,5 milyon kubmetr qazın nəqlinə imkan yaradır. Yaxın vaxtlarda isə kompressor aqreqatlarının sayını 10-a çatdırmaqla, stansiyanın ümumi gücünün 5 milyon kubmetrədək artırılması nəzərdə tutulur. Xatırladaq ki, Astara kompressor stansiyası ötən ilin aprel ayında dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə istismara buraxılıbdır.
Qaradağ yeraltı qaz anbarında yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulur
Ölkənin qaz təsərrüfatında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də yeraltı qaz anbarlarının tutumunun artırılması ilə bağlıdır. Bu baxımdan ötən il Qaradağ yeraltı qazsaxlama anbarında görülən işlər diqqəti cəlb edir. Belə ki, anbarda quyulara qaz vurulmasını təmin edən kompressor stansiyasının tikintisi sahəsində mühüm işlər həyata keçirən inşaatçılar obyektdə MKS tipli 5 ədəd qazomotokompressor quraşdırılıb, bir sıra yardımçı binalar tikilibdir. Bunun da nəticəsində obyektin vaxtında istismara verilməsi mümkün olubdur. Yeri gəlmişkən, bu il Qaradağ yeraltı qaz anbarında yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulur.
Hazırda ölkənin neft-kimya sənayesi kompleksində bir sıra mühüm işlər görülür, yeni layihələr reallaşdırılır.Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "Azərkimya" İstehsalat Birliyinin Etilen-Politelin Zavodu arasındakı quru qaz və neft kəmərlərinin tikintisi də məhz bu tip layihələrdəndir.
Xatırladaq ki, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihənin icrasına ötən ilin ilk ayında start verilibdir. Layihənin birinci buraxılış obyektinə 55,3 kilometrlik quru qaz kəmərinin çəkilişi daxildir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun sifarişçisi olan layihənin birinci mərhələsi uğurla başa çatdırılıbdır. Dövlət əhəmiyyətli layihəni vaxtında təhvil vermək üçün bütün imkanları səfərbər edən inşaatçılar ötən ilin son rübündə bu məsul vəzifənin də öhdəsindən layiqincə gələrək ümumi uzunluğu 44,6 kilometr təşkil edən neft kəmərini sifarişçiyə təhvil verməyə müvəffəq olmuşlar.
Göründüyü kimi, ölkəmizin neft-qaz sənayesinə mühüm töhfələr verən inşaatçılar dövlət qayğısından ruhlanaraq, sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Qaz təsərrüfatının infrastruktur imkanlarının artırılması isə əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının yaxşılaşdırılmasına, eləcə də, ölkəmizin ixrac potensialının genişləndirilməsinə gətirib çıxarır.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...