Qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi 7 faiz artacaq
2012-ci ildə də respublikamızın davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı tərzdə təsdiqləyirlər. Belə ki, cari ilin ilk ayının göstəriciləri onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu il də respublikamızın bütün sahələr üzrə dinamik inkişafında mühüm dövr olacaq.
Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturasından asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqıdan gəlir vergisinin vergi tutulmayan məbləğinin minimuma yaxınlaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcək. Ümumilikdə, 2012-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaq.
Qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi 7 faiz artacaq
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizini təşkil edir ki, bu da 2011-ci ilə nisbətən 1,1, 2010-cu ilin faktiki icrasına nisbətən 10,4 faiz çoxdur. Eyni zamanda, bu ilin dövlət büdcəsinin gəlirləri 16436,4 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci illə müqayisədə 882,2 milyon manat və ya 5,7 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 5033,4 milyon manat, yaxud 44,1 faiz çoxdur. Gəlirlərin 12035,0 milyon manatı və 73,2 faizi neft, 4401,4 milyon manatı, yaxud 26,8 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Cari ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 548 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da ÜDM-in 1,3 faizini təşkil edir.
Komitənin verdiyi məlumata görə, cari ildə xam neftin bir barrelinin qiyməti bu ilin dürüstləşdirilmiş büdcəsində olduğu kimi, 80 ABŞ dolları, habelə, ortamüddətli dövrdə bu məbləğ daha az, yəni 75 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Cari ildə ümumi investisiyanın 44,8 faizi qeyri-neft sektoru tərəfindən qoyulacaq. Başqa sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi 7 faiz artacaq. Eyni zamanda, ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.
Uğurlu və dayanıqlı iqtisadi inkişaf
Hazırda sosial-iqtisadi inkişaf prosesinin davamlılığının təmini nöqteyi-nəzərindən respublikanın perspektiv inkişaf strategiyasının yaxın və uzaq dəqiq hədəflər əsasında düzgün müəyyənləşdirilməsi, reallığa adekvat elmi-iqtisadi proqnozların, təhlillərin irəli sürülməsi son dərəcə vacib məsələlərdən biridir. Bu reallığı düzgün müəyyənləşdirən Prezident İlham Əliyev də hər bir mərhələ üçün respublikanın qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirməklə ölkənin bütün resurslarını bu istiqamətdə səfərbər edir. 2011-ci il aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyi görüşdə dövlət başçısı bu məsələ ilə bağlı demişdir: "Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun".
2011-ci il 29 noyabr tarixdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncam Prezident İlham Əliyevin uzaq hədəflərə hesablanmış səmərəli iqtisadi siyasət yürütdüyünü bir daha təsdiqləyir. Prezident İlham Əliyev çıxışlarında 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 10 dəfəyədək artırılmasının vacibliyini bildirərək, Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görmək niyyətini böyük əzmlə bəyan etmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan dövləti hərtərəfli inkişafı təmin etmək üçün bütün zəruri addımların atılmasında maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir.
R.HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...