Bu gün Azərbaycanın hərtərəfli inkişafı və bu istiqamətdə aparılan ardıcıl işlər bütün sahələrdə özünü göstərir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq ötən 2011-ci ildə də ölkəmizin tərəqqisi davamlı xarakter almış, qarşıya qoyulan bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur. Xatırladaq ki, cari 2012-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı aparılan müzakirələrdə bütün bu deyilənlər öz əksini tapmışdır.
Prezident İlham Əliyev bu barədə öz fikirlərini bildirərkən, bir daha əminliklə vurğulamışdır ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır.
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır
Dövlətdən asılı olmayan səbəblərə görə, eləcə də, neft hasilatının aşağı düşdüyünə görə, ümumi iqtisadi göstəricilər böyük olmasa da, bu amil narahatlıq doğurucu faktor kimi qiymətləndirilməməlidir. Ölkə iqtisadiyyatının mühüm hissəsi neft-qaz sektorunda formalaşır və neft hasilatının aşağı düşməsi istər-istəməz statistik göstəricilərə də təsir edir. Lakin bu templər hökuməti narahat etmir. Bu barədə vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkə iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən digər amillər də mövcuddur. Belə ki, həmin amillərdən bir daha bəlli olur ki, 2011-ci ilin yekunlarına görə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Bu məsələyə münasibət bildirən ölkə rəhbəri qeyd etmişdir ki, lakin bununla yanaşı, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır: "Bu da görülən işlərin uğurlu və məntiqi nəticəsidir. Artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, müvafiq proqramlar qəbul edilmiş, dövlət siyasəti də bu istiqamətdə aparılır".
Bu isə, onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Əgər nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, təbii ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir.
Ölkəmizin qeyri-neft sənayesi də 11,1 faiz artmışdır
Bütün sahələrlə yanaşı, sənayeləşmə sahəsində də olan göstəricilərdə artım tempi müşahidə olunmuşdur. Bununla yanaşı, ölkəmizin qeyri-neft sənayesi də 11,1 faiz artmışdır. Bu haqda vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, hələ bir neçə il bundan əvvəl irəli sürülən sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir: "Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir".
2011-ci ildə isə ilk dəfə olaraq, investisiyalar 20 milyard dollara bərabər olmuşdur
Azərbaycan 2011-ci ildə investisiya qoyuluşu sahəsində də rekord göstəriciyə nail olmuşdur. Hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə böyük templə artmaqdadır. Belə ki, 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuş, 2011-ci ildə isə, ilk dəfə olaraq, investisiyalar 20 milyard dollara bərabər olmuşdur. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur ki, əvvəlki dövrdəki investisiyaları da buraya əlavə etsək, həmin göstəricilərdən bəlli olur ki, ötən illərdə ölkədə nə qədər əsaslı və əhəmiyyətli işlər görülmüşdür. Ölkə iqtisadiyyatına yerli investorlarla yanaşı, xarici sərmayədarlar da böyük maraq göstərirlər. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatımıza yüksək maraq göstərirlər. Çünki xarici sərməyadarlar Azərbaycanın uğurlu inkişafına inanır və etibar edirlər. Eyni zamanda, söyləmək muümkündür ki, həmin sərmayələrin təşkilində və reallaşmasında aparılan uğurlu dövlət siyasəti həlledici rol oynamaqdadır.
Təbii ki, bu faktor da dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlardan qaynaqlanan amillərdəndir. Statistik rəqəmlər də deyilənləri təsdiq edir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da demək mümkündür ki, xarici sərmayədarlar Azərbaycana investisiyaların qoyuluşunu inamla davam edirlər. Təkcə ötən 2011-ci ildə Azərbaycanda nəhəng investisiya proqramları həyata keçirilmişdir. Lakin yuxarıda qeyd olunan rəqəmlərin bir hissəsi də dövlət hesabına təşkil edilmişdir ki, nəticədə dövlətin valyuta ehtiyatları sürətlə artmışdır. Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev bu sahəyə münasibət açıqlayarkən, həmin amili bu cür vurğulamışdır: "İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə, bizim 41 milyard dollar vəsaitimiz vardır".
Tikinti və quruculuq işləri, hər yerdə olduğu kimi, bölgələrdə də reallaşdırılır
Ötən il dövlətin apardığı sosial sahədə də bir çox uğurlar əldə edilmişdir. Maaşlar, pensiyalar artırılmış, 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətin əsas istiqamətlərindən biri kimi dəyərləndirilməkdədir. Əlbəttə ki, bu göstəricilər Prezident İlham Əliyevin bütün sahələrlə yanaşı, sosial siyasətə də verdiyi üstünlüklərin, diqqətin uğurlu nəticələridir. Bunun göstəricisidir ki, hazırda ünvanlı sosial yardım alan ailələrin sayı 120 min nəfəri təşkil edir. Prezident İlham Əliyev bu barədə fikirlərini açıqlayarkən vurğulayıb: "Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır". Təbii ki, qeyri-neft sektorunun inkişafı söylənilən sahələrlə yanaşı, başqa sahələrin də tərəqqisinə şərait yaradır. Bütün bu uğurların arxasında isə dövlətin apardığı mükəmməl siyasət və xalqın rifahı kimi əhəmiyyətli faktorlar dayanmışdır.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...