PDF Oxu

İqtisadiyyat

  • 8

2011-ci il Zəngilan rayonu üçün uğurlu keçdi

2011-ci il Zəngilan rayonu üçün uğurlu keçdi

Dünən YAP Nərimanov rayon təşkilatının akt zalında Zəngilan rayonunun 2011-ci ildə sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin yekunu və 2012-ci il üçün qarşıda duran vəzifələrlə vağlı tədbir keçirildi. Hesabat yığıncağında məruzə ilə çıxış edən Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.

R.Həsənov 2011-ci il ərzində rayonda görülən işləri təhlil edərək, həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Bildirdi ki, ötən ildə məcburi köçkünlərin 209 nəfəri yeni iş yerləri ilə təmin edilmişdir ki, bu da keçən ildəkindən iki dəfə çoxdur. Son üç ildə isə bu rəqəm 448 nəfərə çatmışdır.

R.Həsənov məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsinin və inkişaf etdirilməsinin vacib olduğunu vurğulayaraq, bu sahədə əməli işlərin görüldüyünü bildirdi: "Məhz bu uğurlu işlərin nəticəsidir ki, ötən ildə iri buynuzlu mal-qaranın sayı 908, qoyun-keçilərin sayı 5492 başa, ət istehsalı 51,3 ton, süd istehsalı 64 ton, yun istehsalı 5 ton, taxıl istehsalı 482 ton, yumurta istehsalı isə 361 min ədədə çatmışdır ki, bu da ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə çoxdur. Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərimizə istifadə üçün ayrılmış əkin və həyətyanı sahələrinin suvarılmasına texniki xidmət göstərmişdir. Ərazidəki yeni qəsəbədə qurulmuş nasos stansiyasının gücü ilə 20 hektara yaxın həyətyanı və 137 hektar əkin sahələrində kompleks suvarma işləri aparılmış, məcburi köçkünlərin içməli və məişət sularına olan tələbatı ödənilmişdir".

Rayon rəhbəri onu da vurğuladı ki, məcburi köçkünlüyün yaratmış olduğu ciddi çətinlikləri, o cümlədən, işsizliyin aradan qaldırılması üçün rayon icra hakimiyyəti rayon məşğulluq mərkəzinin fəaliyyətini daim nəzarətdə saxlamış və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişdir: "Rayon üzrə məşğulluq mərkəzində 145 nəfər qeydiyyata alınmış, onların 43 nəfəri işə düzəldilmiş, 8 nəfərinə isə işsizlik müavinəti verilmişdir. Müsbət haldır ki, kompüter kursuna göndərilən 16 nəfərdən 6 nəfəri daimi işlə təmin olunmuşdur".

R.Həsənov rayon təhsilində əldə olunan nailiyyətlərdən də danışaraq, bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu milli təhsil konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən müasir tələblərə uyğun, yeni forma və məzmunda uğurla davam etdirilir: "Hesabat ilində rayonda 34 tam orta, 2 ümümorta, 1 ibtidai məktəb və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Bu məktəblərdə 3933 şagird təhsilə cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 788 nəfər müəllim məşğul olmuşdur. 2010-2011-ci tədris ilində 336 nəfər məzun orta məktəbi bitirmək haqqında attestat almış, onlardan 126 nəfəri ali məktəblərə daxil olmuşdur. Məzunların 14 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən yuxarı bal toplayaraq, respublikada yüksək nəticə əldə etmişdir. Rayonumuzun təhsil müəssisələrindən 4 nömrəli ümumi orta, 17, 18, 23, 34 nömrəli tam orta məktəblərdə təmir işləri daha keyfiyyətlə icra olunmuşdur".

R.Həsənov əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırıldığını vurğulayaraq bildirdi ki, ötən il ərzində 3255 nəfərə ambulator xidmət göstərilmiş, şəhər poliklinikası fəaliyyətini dayandırdığına görə köçkünlərə tibbi xidmət işinin müəyyən hissəsi yerli səhiyyə müəssisələrinin köməkliyi ilə həyata keçirilmiş, profilaktik peyvəndlər aparılmışdır.

Ötən ilin rayon gənclərinin həyatında daha əlamətdar il olduğunu söyləyən rayon rəhbəri bildirdi ki, 2011-ci ili rayon idmançıları böyük qələbələrlə başa vurmuşlar: "Belə ki, respublikada keçirilən müxtəlif yarışlarda 62 medal, o cümlədən, 15 qızıl, 20 gümüş, 27 bürünc medal qazanmışlar. Bütövlükdə, 2011-ci ildə rayonun idarə-müəssisə və təşkilatları tərəfindən keçirilən tədbirlərə 2000-dən artıq uşaq, yeniyetmə və gənclər cəlb edilmişdir".

R.Həsənov əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sığorta ayırmalarının köçürülməsi, pensiyaların təyin olunması, maliyyəşdirilməsi və onların ödənişinin təşkili işinin daim diqqətdə saxlanıldığını da bildirdi: "Belə ki, ötən il şöbənin xərcləri 8.462.461 manat təşkil etmişdir ki, bu da 2010-cu ilə nisbətən çoxdur. Bu xərclərin 8.393.803 manatı pensiya və müavinətlərin ödənişlərinə yönəldilmişdir. Şöbə üzrə 2011-ci ildə uçotda olan 5042 nəfər pensiyaçının orta aylıq pensiya məbləği 146 manat olmuşdur".

Hesabat məruzəsi ətrafında çıxış edən rayon maliyyə şöbəsinin müdiri Fuad Bəşirov, rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə, Hacallı kənd ərazi icra nümayəndəsi Ceyhun Qəniyev, 4 saylı tam orta məktəbin direktoru Cəbrayıl Şıxəliyev, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin rayon şöbəsinin müdiri Həsən Ələkbərov və başqaları son illərdə respublikamızda, eləcə də, məcburi köçkün və qaçqınlara ölkə rəhbərliyinin diqqət və qayğısından danışaraq, öz minnətdarlıqlarını bildirdilər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, millət vəkili İmanverdi İsmayılov çıxış edərək, əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışaraq, Zəngilan rayonunun hesabatını qənaətbəxş hesab etdiklərini bildirdilər.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı Prezident İlham Əliyevə müraciət qəbul olundu.


R.KAMALQIZI

Digər xəbərlər