Azərbaycan Mətbuat Şurası və "Kaspi" qəzetinin birgə təşəbbüsü ilə "Erməni təcavüzü": XX əsrdə və indi" mövzusunda elmi praktik konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda KİV əməkdaşları, tanınmış elm adamları və siyasətçilər iştirak edib. Konfransda Xocalı faciəsindən söhbət açılıb və həmin hadisələr zamanı dinc azərbaycanlılara qarşı törədilən soyqırımı aktının dünya KİV-də işıqlandırılması ilə bağlı məsələlərə toxunulub. Toplantıda çıxış edən AMEA-nın əməkdaşı, tarix elmləri doktoru Solmaz Abidin bildirib ki, tarix boyu ermənilər xalqımıza qarşı cinayətlər törədib. Əslində bu hadisələrin kökü 1905-ci ildən də o tərəfə gedib çıxır. Xocalı soyqırımı da həmin cinayət xronologiyasının davamıdır.
Ermənilər öz məkrli niyyətlərində hələ də qalmaqdadır. Beynəlxalq təşkilatlar və institutlar tərəfindən bu hadiələr tanınmalı və cinayət törətmiş şəxslər cəzalandırılmalıdır.
Konfransda çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli isə bildirib ki, bu gün Azərbaycan mətbuatında müəyyən bir jurnalist qrupu formalaşıb ki, onlar yalnış məqalələrlə çıxış edirlər: "Hansı ki, o yazılar da bizim əleyhimizə işləməkdədir. Həmin məqalələrdə işıqlandırılan ziddiyyətli fikirlərdən istifadə edən ermənilər bunu öz mətbuatında bizim əleyhimizə işlədirlər. Bu cür yazılar da Azərbaycanın adına ləkədən başqa bir şey gətirmir. "Eurovision" ərəfəsində belə məqalələr meydana gəlir, lakin bunun qarşısı mütləq alınmalıdır".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında son iki əsrdə erməni qəsbkarlığı ilə müşaiyət olunan hadisələrdən söhbət açıb: "XX əsrin ən ağır faciəsi kimi tarixə düşən Xocalı soyqırımı eyni zamanda insan hüquqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Lakin əsrin ən dəhşətli faciəsinə beynəlxalq miqyasda hələ də lazımi qiymət verilməyib.
Söz sənəti xadimlərimiz tarix boyu erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin beynəlxalq miqyasda tanınması istiqamətində şərəfli mübarizə yolu keçiblər. Rusiya imperiyasının tərkibində belə öz qələmləri ilə mübarizə aparıblar. XIX əsrdən etibarən hadisələrə ideoloji müstəvidən yanaşıblar. Müasir dövrdə Topxana meşəsindəki erməni özbaşınalığından tutmuş digər qanlı qətllərədək hər bir nüans Azərbaycan mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Jurnalistlərimizin yazdıqları məqalələr və çəkdikləri video-sujetlər bunun bariz nümunədir" .
Ə.Amaşov erməni təcavüzünün dünyaya tanıdılması sahəsində media təmsilçilərimizin qarşısında duran vəzifələrdən bəhs edərkən elmi-praktik konfransların bir çox məqamlara aydınlıq gətililməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib. Şura sədri MŞ-nin həyata keçirdiyi tematik tədbirlərin, müsabiqələrin də mövcud istiqamətdə aparılan işlərdən olduğunu bildirib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Soyqırım faktının sosial psixologiyamıza, təfəkkürümüzə təsiri" mövzusunda məruzə ilə çıxış edib: "Erməni işğalı yalnız torpaqlarımızın zəbti ilə səciyyələnmir, mənəviyyatımıza, psixologiyamıza təsir edir. Onlar cəzasız qaldıqlarından özbaşınalıqlarını tarixin bütün dövrlərində davam etdiriblər. Erməni vəhşiliklərinə, xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə beynəlxalq arenada layiqli qiymət verilməyib. Biz humanist xalqıq, lakin erməni faktoru bu humanistliyimizin önünə keçməməlidir" .
"İki sahil" qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə: "Xocalıya ədalət tələbi hər bir azərbaycanlının borcudur. Hər birimiz bu həqiqəti canımızla və qanımızla dünyaya çatdırmalıyıq. Bu ədalətsizlikdə dünyaya Azərbaycanın haqq səsini eşitdirməliyik. Belə bir konfransı reallaşdırdığına görə Azərbaycan Mətbuat Şurası və "Kaspi" qəzetinə təşəkkür edirəm", - deyib. Konfransda çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Xocalı faciəsi ilə bağlı dünya miqyaslı tədbirlədən söz açaraq qeyd edib ki, məsələnin bu il dövlətimiz tərəfindən dünya arenasına çıxarılması daha böyük səmərə verib: "Bunun nəticəsidir ki, Pakistan və Meksika parlamentlərində Xocalı faciəsinin soyqırımı olması barədə qərar çıxarılıb. Dünyanın əksər ölkələrində bununla bağlı tədbirlər keçirilir. Əgər əvvəllər belə aksiyalarda azərbaycanlılar çoxluq təşkil edirdisə, bu gün başqa xalqların nümayəndələri də tədbirlərimizdə iştirak edir, bizimlə həmrəy olduqlarını büruzə verirlər".
Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev isə bildirib ki, ermənilər XIX əsrdən indiyə kimi Azərbaycan xalqına qarşı məkrli niyyətlərini, soyqırımı siyasətini davam etdirir: "Cənubi Qafqazın ən qədim xalqları sırasında olsaq da bu yerlərə sonradan köçürülmüş ermənilər bizə daim düşmən gözü ilə baxıblar. İmkan düşən kimi xalqımıza qarşı misli görünməmiş cinayətlər törədiblər. Xocalı soyqırımı da orada yaşayan insanların məhz azərbaycanlı olması səbəbindən ermənilər tərəfindən törədilib. Tarixi mənbələrə istinadən demək olar ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlər nəticəsində təxminən 2 milyona yaxın insan ziyan çəkib. Amma xalqımızın unutqan olduğunu da qeyd etmək lazımdır. Ola bilsin ki, bu bizim xalqın humanistliyindən irəli gəlir. Yəqin ki, Qarabağı azad edəndən sonra da başımıza gətirilən zülmləri unudacağıq, ermənilərlə münasibətlərimiz yenidən bərpa olunacaq. Ermənilər isə unutqan deyillər və onlar Azərbaycan xalqına qarşı olan kin-küdurətlərini nəsildən-nəslə ötürürlər".
B.Quliyev çıxışında bildirib ki, bəzi insanlar öz yazılarında Azərbaycana qarşı mənfi fikrlər səsləndirir ki, bu da Ermənistan mətbuatında Azərbaycana qarşı istifadə olunur: "Bu kimi halların qarşısının alınmasını çox istərdik. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı xalqa müraciətində bu faciənin ürək ağrıdan məqamları ifadə olunub. İstərdim ki, xalqımız dövlət başçımızın ətrafında birləşib bu mübarizədə birgə olsun, belə hadisələri heç vaxt unutmasın".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...