PDF Oxu

İqtisadiyyat

  • 11

Ölkəmizdə antikorrupsiya tədbirləri gücləndirilir

Ölkəmizdə antikorrupsiya tədbirləri gücləndirilir

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasına dair müvafiq tapşırıqlarından sonra bu istiqamətdə mühüm addımlar atılıb.

Son dövrlərdə dünyada gedən qlobal proseslərə baxmayaraq, ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafı sürətlənməkdədir. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi ötən 2011-ci ildə və cari 2012-ci ildə də müşahidə olunub.

Düzgün müəyyənləşdirilmiş iqtisadi siyasət strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft gəlirlərinin səmərəli idarə edilməsi və valyuta ehtiyatlarının formalaşdırılması, regionların iqtisadi potensialının artırılması, özəl sektor və sahibkarlığa dövlət tərəfindən dəstəyin göstərilməsi istiqamətində işlərin görülməsi nəticəsində ölkə iqtisadiyyatının dayanıqlığı güclənib. Bütün bu göstəricilər hökumətin həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsidir. Ölkəmizdə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq və şəffaf maliyyə sistemini gücləndirmək məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindən birini təşkil edir.

Məlum olduğu kimi, cari il yanvarın 16-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasına dair müvafiq tapşırıqlarından sonra bu istiqamətdə mühüm addımlar atılıb. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib. Bir sözlə, fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra bələdiyyə, polis, təhsil, səhiyyə, ədliyyə, DİN-in işçilərinə qarşı görülən (cəza və ya inzibati xarakterli) tədbirlər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir.

Eyni zamanda, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin verdiyi məlumata görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl instusional və praktiki tədbirlər həyata keçirilir. Aparılmış dəyişikliklər nəticəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya hüquqpozmalarına qarşı daha çevik mexanizm yaradılıb. 2011-ci ildə idarə tərəfindən vətəndaşların 1084 müraciətinə baxılıb. İdarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, 229 şəxs barəsində 142 cinayət işinin istintaqı isə tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib.

Dövlət başçısı korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması üçün vətəndaşların qəbulunu asanlaşdırmaq, ərizə və şikayətlərə vaxtında və yerində baxmaq, xidmət sahəsində nöqsanlara yol verməmək və göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə elektron hökumət prinsiplərinə keçməyin mühüm və effektiv amil ola biləcəyini bildirib. Prezident İlham Əliyev bəyan edib ki, məmur-vətəndaş təmaslarının aradan qaldırılması, qeydiyyat, arayış və müxtəlif məlumatların əldə edilməsində elektron xidmətindən istifadə bu istiqamətdə müsbət nəticələr verəcək. Ümumiyyətlə, ölkəmizdə antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir. Sözsüz ki, şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza sisteminin tətbiqi neqativ halların və eyni zamanda, bu sahədə şikayətlərin azalmasına səbəb olur. Beləliklə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər