Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri də bilavasitə xalqın rifah halının daha da yaxşılaşdırılması, eləcə də, bu faktorun daha mütəşəkkil formalaşmasıdır. Belə ki, Prezident İlham Əliyevin istiqamətləndirdiyi siyasət də məhz bu kimi amildən qaynaqlanan uğur ardıcıllığdır.
Dövlət başçısının sovetdənqalma əmanətlərin qaytarılması haqqında imzaladığı mühüm Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir. Artıq bildiyimiz kimi, Azərbaycanda əmanətlərin qaytarılması 2 milyondan artıq şəxsin əmanət hesablarına şamil ediləcək. Qeyd edək ki, əmanətlərin qaytarılması ilə bağlı müvafiq prezident Fərmanına əsasən, birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının iştirakı ilə xüsusi komissiya yaradılacaq. Pulların alınması prosesi 2012-ci ilin iyunundan başlayacaq və 2013-cü il dekabrın 31-də başa çatacaq.
MDB-nin heç bir ölkəsi məsələni Azərbaycandakı kimi qısa müddətdə həll etməyib
Əmanətlərin fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldiləcək. MDB-nin heç bir ölkəsi bu məsələni belə qısa müddətdə həll etməyib. Baxmayaraq ki, bu məsələnin 4-5 il bundan əvvəl həll edilə bilməsi barədə iddialar var. Lakin ölkə o zaman bir sıra problemlərə malik idi, kifayət qədər resurslar və təcrübə yox idi.
Bu baxımdan da əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması ilə bağlı dövlət başçısının imzaladığı Fərman ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin tərkib hissəsidir. Bu hadisə ilk növbədə vətəndaşın öz dövlətinə inamını daha da gücləndirən bir addımdır. Çünki hər bir vətəndaşın müəyyən sosial planları var və dövlətin verdiyi bu vəsait onlar üçün planların həyata keçirilməsinə stimul yaradacaq. Əmanətlərin verilməsi üçün nəzərdə tutulan vəsait dövlətimizin indiki iqtisadi imkanları ilə müqayisədə elə də çox deyil. Amma burada mənəvi və siyasi cəhətdən əhəmiyyət kəsb edən məqamlar var. Yəni vətəndaş öz dövlətinə güvənir ki, dövlət öz vətəndaşının qayğısına qalır. Vətəndaşın problemi dövlətin problemi kimi qəbul olunur. Bir sözlə, bu hadisə ilk növbədə vətəndaşın dövlətinə inamını artırır və digər tərəfdən sosial vəziyyətinə kömək edir.
Xüsusilə yaşlı nəsil belə bir qərarın verilməsini gözləyirdi
Bu hadisə göstərir ki, dövlətimizin siyasətində vətəndaşların maraqlarının təmin olunması başlıca yer tutur. Prezident İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman minlərlə ailənin sevincinə səbəb olub. Xüsusilə yaşlı nəsil belə bir qərarın verilməsini gözləyirdi. Keçmiş SSRİ respublikalarından bir çoxu bu prosesi həyata keçiriblər. Amma məsələni təhlil edəndə, ayın görünür ki, əmanətlərin qaytarılması ilə bağlı Azərbaycanın tətbiq etdiyi qaydalar əhali üçün daha sərfəlidir. Digər tərəfdən, bəzi ölkələrdə əmanətlərin verilməsi üçün uzun zaman tələb olunub. Lakin Azərbaycanda bu proses maksimum 18 ayda tamamlanacaq. Bu da ölkəmizin bütün məsələləri çevik şəkildə həll etmək iqtidarında olduğunu göstərir. Yəni digər respublikalarla müqayisədə Azərbaycan dövləti öz vətəndaşlarının maraqlarını maksimum səviyyədə qoruyur və təmin edir. Şübhəsiz ki, bu Fərman xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasının Azərbaycan iqtidarı üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...