PDF Oxu

İqtisadiyyat

  • 19

Gələcəyə baxış: İqtisadi artım real sektorun inkişafı hesabına baş verəcək

Gələcəyə baxış: İqtisadi artım real sektorun inkişafı hesabına baş verəcək

Düzgün müəyyənləşdirilən siyasətin nəticəsi olaraq ötən hər ili, hər ayı uğurlu nəticələrlə başa vuran Azərbaycanın qarşısında yeni imkanların yarandığı beynəlxalq səviyyədə də qeyd edilir, bunu şərtləndirən amillər əsaslı şəkildə şərh olunur. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. "Strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir."

Sözsüz ki, cari ilin prioritetləri müəyyənləşdirilərkən ötən ilin uğurlarının təhlilinə ehtiyac yaranır. Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha mühüm uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi uğurlarımızın təsdiqidir. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına böyük stimul verir.

Bu günlərdə parlamentdə Nazirlər Kabinetinin illik hesabatı dinlənildi. Bu fikir xüsusi vurğulandı ki, ölkə iqtisadiyyatı 2009-cu ildən başlayaraq dünyanı bürüyən və bu günə qədər davam edən iqtisadi və maliyyə böhranı şəraitində dayanıqlığını qoruyub saxlamış, ötən il ümumi iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4 faiz artmışdır. Ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Bu artımın nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsul həcminin 80 faizdən çoxu ölkəmizin payına düşür. Ölkəmizdə adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüşdür.

Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolu inkaredilməzdir. Qeyri-neft sektorunun inkişafını uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın məhz bu sahənin hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. ÜDM-də özəl bölmənin payının 83 faiz olması da bu diqqətin bariz nümunəsidir.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bildirirdi ki, inkişaf etmiş ölkələrdə də paytaxtla bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Ötən il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı əsasında 33 ölkədən 60-a yaxın nümayəndənin iştirakı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransda da bu fikir xüsusi qeyd edilmişdir ki, Azərbaycan hər dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, həyata keçirdiyi islahatları zamanın tələbinə uyğunlaşdırmaqla uğurlarının davamlılığını təmin edir. Dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubda da bildirilmişdir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.

Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölkələr arasında körpü rolunu oynayır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşrutların müəyyənləşdirilməsinə maraq göstərir. Qeyd edək ki, cari ildə istifadəsi nəzərdə tutulan, əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, dünyaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycanın səyləri nəticəsində gerçəkləşir. Məlum olduğu kimi, maliyyə probleminin mövcudluğu layihəninin icrasını mümkünsüz etmişdi. Lakin Azərbaycan dövləti dəmir yolunun Gürcüstan hissəsinin də maliyyəsini öz üzərinə götürməklə layihənin reallaşmasına stimul verdi. Gürcüstan tərəfi həmin vəsaiti kredit əsasında ödəyəcək. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, bu kimi beynəlxalq əhəmiyyətli layihələrin icrasına zəmin yaranır. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun maliyyələşdirdiyi istiqamətlərdən biri də məhz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Fondun aktivlərinin həcmi cari ilin yanvarın 1-ə olan məlumata əsasən 30 milyard dollardan çoxdur. BTQ dəmir yolu layihəsinə 222, 4 milyon manat vəsait yönəldilib. Dövlət başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Ötən il 94 min yeni iş yeri açılıb. Ümumilikdə isə son səkkiz ildə yeni iş yerlərinin sayı bir milyondan artıqdır. İşsizliyin səviyyəsi 5,4 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası əldə olunan nəticədən də aydın görünür. Yoxsulluğun səviyyəsi 7,6 faizdır. Ötən il əhalinin pul gəlirləri təxminən 20 faiz artaraq, 36,6 milyard manata çatmış, onun adambaşına düşən məbləği 3 min 400 manat olmuşdur. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. Dövlət başçısı çıxışlarında daim bildirir ki, iqtisadi göstəricilər rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Minimum əmək haqqının ildə ən azı iki dəfə artırılmasının vacibliyi qeyd edilir. Bu əminliyə əsas verən isə artan iqtisadi imkanlardır. Ötən il dövlət başçısı İlham Əliyevin 1 dekabr 2011-ci il tarixli sərəncamı ilə əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin aydan minimum aylıq əməkhaqqının məbləğinin 10 faiz artırılaraq 93,5 manat müəyyən edilməsi də deyilənlərin təsdiqidir.

Ötən il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artırıldı. Ünvanlı Sosial Yardım Proqramı 120 min ailəni əhatə edir. Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir. Ölkəmizin valyuta ehtiyatları 41 milyard dollardan artıqdır. Son 15 ildə ölkə iqtisadiyyatına 120 milyard dollardan artıq vəsait qoyulub. Bu, sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Ötən il neft-qaz sektorunda əldə olunan uğurlara diqqət yetirməklə qarşıdakı illərdə əldə olunacaq uğurlar barədə aydın təsəvvür yarana bilər. Yeni yataqların aşkarlanması, müxtəlif ölkələrlə imzalanan sazişlər, Anlaşma Memorandumları bunu söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. "Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır."

Müharibə şəraitində olan ölkə üçün diplomatik uğurlarla yanaşı hərbi qüdrətin də artırılması vacib amillərdəndir. Ötən il bu istiqamətə ayrılmış vəsaitin həcmi 2003-cü illə müqayisədə 20 dəfə artmışdır. Nəticədə ordunun ən müasir silahla və texniki vəsaitlə təchiz edilməsinə, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə mökəmləndirilməsinə və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə nail olunmuşdur. Bu artım sözsüz ki, iqtisadiyyatın aynası olan dövlət büdcəmizin ilbəil artmasından irəli gəlir. Cari ilin dövlət büdcəsinin 22 milyard manatdan artıq olması deyilənlərin təsdiqidir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,3 milyard dollar olmuşdur. Ümumiyyətlə, son 8 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,9 dəfə, bütövlükdə investisiyalar 5 dəfə, o cümlədən qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin real gəlirləri 2,6 dəfə artmış, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Bu ölkəmizin hərtərəfli inkişafının göstəricisidir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin uğurların davamlılığını təmin etmək, qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə imzaladığı 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamında da qeyd edilir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar keçirilən dəyirmi masada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlı olan dövlətimiz Konsepsiyanın hazırlanmasında da bu meyarlara önəm verməkdə qərarlıdır.

Artıq Konsepsiyada nəzərdə tutulan mühüm vəzifələrin həlli istiqamətində real fəailiyyətə başlanılmışdır. Növbəti 10 ildə bu günədək üç dəfə artan ÜDM-nin daha iki dəfə artırılması başlıca hədəflərdəndir. 2014-2018-ci illəri əhatə edəcək növbəti Dövlət Proqramında strateji istiqamətlərə daha çox diqqət yetiriləcək. Əvvəllər başlanmış və davam edən layihələr bəhrəsini verəcəkdir.

Sosial infrastrukturun tətbiqini daha artıq səviyyəyə çatdırmaq üçün başlıca məsələ əhalinin enerji, su, kanalizasiya ilə təminatını maksimum həyata keçirməkdir. Artıq bölgələrdə qazlaşdırmanın səviyyəsi 85 faizi təşkil edir. 2013-cü ilin sonuna kimi ölkə ərazisində qazlaşdırmanın 95 faizə çatdırılması əsas prioritet kimi qarşıda durur. "Bu böyük vəsait tələb edən məsələdir, böyük texniki imkanlar olmalıdır" söyləyən Prezident İlham Əliyev prosesin iki istiqamət üzrə davamını vacib hesab edərək həm paytaxtda, həm də regionlarda mövcud olan, lakin istismar müddətini başa çatdıran boruların təzələnməsi ilə yeni xəttlərin çəkilməsinə paralel, eyni səviyyədə diqqət göstərilməsini başlıca vəzifə kimi qarşıya qoyur. Strateji baxımdan daha vacib olan elektrik enerjisi ilə təminata diqqətin artırılması digər infrastruktur layihələrin vaxtında həllinə imkan yaradır. Ölkəmizdə enerji təhlükəsizliyinin tam təmin olunmasına baxmayaraq dinamik inkişafda olan iqtisadiyyatımız üçün başlıca amil hesab edilən bu sahəyə önəmli istiqamət kimi daim diqqət yetirilir. Məqsəd mövcud olan enerji gücünü daxili istehlakdan ən azı 10 faiz artıq səviyyəyə çatdırmaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf dövlətimizin siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev uğurlarımızı qeyd edərkən bu fikri hər zaman bəyan edir ki, qazanılan uğurlarla kifayətlənməməliyik. Biz hər zaman irəliyə baxmalıyıq.


"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər