Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri də bilavasitə xalqın rifah halının daha da yaxşılaşdırılması, eləcə də, bu faktorun daha mütəşəkkil formalaşmasıdır. Belə ki, Prezident İlham Əliyevin istiqamətləndirdiyi siyasət də məhz bu kimi amildən qaynaqlanan uğur ardıcıllığıdır.
Təəssüf doğuran hal odur ki, bəzi qaragüruhçu qüvvələr buna qərəzli don geyindirərək ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar. Aprelin 8-də keçirilən müxalifətin mitinqində də bu məsəlini qərəzli şəkildə gündəmə gətirən "İctimai Palata" liderləri vaxtı ilə xalqın, dölətin malını mənimsəyənlərdir. Lakin xalq reallığı görür və həkimiyyətin atdığı bu addımı yüksək qiymətləndirir. Millət vəkili İsa Həbibbəyli "Səs" qəzetinə verdiyi açıqlamasında bu və digər məsələlərə aydınlıq gətirərək bildirdi ki, əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması ilə bağlı dövlət başçısının imzaladığı fərman ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin tərkib hissəsidir: "Bu hadisə ilk növbədə vətəndaşın öz dövlətinə inamını daha da gücləndirən bir addımdır. Hər bir vətəndaşın müəyyən sosial planları var və dövlətin verdiyi bu vəsait onlar üçün planların həyata keçirilməsinə stimul yaradacaq. Əmanətlərin verilməsi üçün nəzərdə tutulan vəsait dövlətimizin indiki iqtisadi imkanları ilə müqayisədə elə də çox deyil. Amma burada mənəvi və siyasi cəhətdən əhəmiyyət kəsb edən məqamlar var. Yəni vətəndaş öz dövlətinə güvənir ki, dövlət öz vətəndaşının qayğısına qalır. Vətəndaşın problemi dövlətin problemi kimi qəbul olunur. Bu hadisə ilk növbədə vətəndaşın dövlətinə inamını artırır və digər tərəfdən sosial vəziyyətinə kömək edir".
Millət vəkilinin sözlərinə görə, bəzi ölkələrdə əmanətlərin verilməsi üçün uzun zaman tələb olunubsa, Azərbaycanda bu proses maksimum 18 ayda tamamlanacaq. Bu da ölkəmizin bütün məsələləri çevik şəkildə həll etmək iqtidarında olduğunu göstərir: "Şübhəsiz ki, bu Fərman xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması Azərbaycan iqtidarı üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi".
İ.Həbibbəyli bəzi qaragüruhçu qüvvələrin buna qərəzli don geyindirərək ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışdığını da söylədi. Xüsusilə, onu da vurğuladı ki, aprelin 8-də "İctimai Palata" liderlərinin keçirdiyi mitinqdə də bu məsəlini qərəzli şəkildə gündəmə gətirməklə cəmiyyət arasında çaşqınlıq yaratmaq istəyində olublar: "Kimdir "İctimai Palata"da təmsil olunanlar? Vaxtı ilə xalqın, dölətin malını talayıb mənimsəyəndə guya xalqın qeydinə qaldıqlarını nümayiş etdirmək istəyirdilər. Ancaq xalq reallığı görür və hakimiyyətin atdığı bu addımı yüksək qiymətləndirir: "Radikal düşərgənin üzvləri arzu etdikləri şeyləri reallıq kimi qələmə verməyə çalışsalar da, bu, onların arzusu olaraq qalır və heç vaxtda buna nail ola bilməyəcəklər. Onların əmanətlərin qaytarılması ilə bağlı şüarlarına diqqət etsək, belə nəticəyə gələ bilərik ki, dünyanın heç bir yerində əmanətlər birə-bir qaytarılmır. O cümlədən, bunu postsovet məkanına da şamil etmək olar. Çünki ən yaxşı halda 10-20 manata bir manat qaytarılıb. Bu ekvivalent Azərbaycan dövləti tərəfindən də nəzərə alınıb. O ki qaldı müxalifətin əmanətlərin verilməsində yeyintinin olacağı ilə bağlı səsləndirdiyi fikirlərə, bu cəfəngiyyatdan, şər-böhtandan başqa bir şey deyil. Birinci növbədə bunun üzərində dövlət nəzarəti gücləndirilib və Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradılıb. Hesab edirəm ki, radikal düşərgənin bu iddiaları yersiz və məqsədli xarakter daşıyır".
Rauf Əliyev: "Əmanətlərin qaytarılması əhalinin sosial problemlərinin həllinə kifayət qədər dəstək verəcək"
Millət vəkili Rauf Əliyev əmanətlərin qaytarılması ilə bağlı dövlət başçısının imzaladığı Fərmanın böyük əhəmiyyət kəsb etdiyini bildirdi: "Bu hadisə göstərir ki, dövlətimizin siyasətində vətəndaşların maraqlarının təmin olunması başlıca yer tutur. Azərbaycan Prezidentinin imzaladığı bu sənəd birmənalı şəkildə müsbət qiymətləndirilir və etiraf etmək lazımdır ki, bu, praktiki olaraq, tarixi sosial layihədir. Əvvəlla, bu islahat ölkə başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan siyasi iradənin göstəricisidir. Həmçinin, ölkə Prezidentinin Sərəncamı ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşlarına əmanətlərin qaytarılması problemi tamamilə aradan qaldırılacaq. Digər bir tərəfdən isə, əmanətlərin qaytarılması vətəndaşların sosial vəziyyətinin daha yaxşılaşmasına müsbət təsir göstərəcək. Eyni zamanda, tətbiqi ediləcək indeksasiya sistemi imkan verəcək ki, əmanətçilər prosesdən daha səmərəli və daha ədalətli yararlana bilsinlər və nəhayət, bu addım bir daha göstərir ki, dövlət vətəndaşlar qarşısında bütün öhədliklərinə sadiqdir və təbii ki, bu, dövlətə vətəndaşlar arasında yüksək inamın olmasının göstəricisidir".
Əmanətlərin qaytarılması prosesinə gəlincə, millət vəkili bildirdi ki, bu istiqamətdə bütün aidiyyəti dövlət qurumlarının birləşdiyi komissiya fəaliyyət göstərəcək. Əgər əmanətlərin qaytarılması zamanı hər hansı bir sual ortaya çıxarsa, o zaman həmin məsələləri komissiya həll edəcək: "Azərbaycanda tətbiq edilən indeksasiya sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmizdə sovet banklarında olan əmanətlərin 70 faizi 2000 rubladək olan əmanətlərdir. İndi tətbiq olunacaq indeksasiya sistemində 2000 rubla qədər olan əmanətlər ən yüksək indeksasiya kimi götürüldüyünü nəzərə alsaq, bu, o deməkdir ki, banklarda əmanətləri olmuş insanların 70 faizi ən yüksək indeksasiya sistemi ilə ödəniş alacaq. Bu isə indeksasiyanın yalnız iqtisadi deyil, həm də sosial tərəfinin olmasından xəbər verir".
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...