PDF Oxu

İqtisadiyyat

  • 15

“Azərbaycanda əmanətlərin qaytarılmasında daha yüksək ödəniş sistemi tətbiq edilib”

“Azərbaycanda əmanətlərin qaytarılmasında daha yüksək ödəniş sistemi tətbiq edilib”

Bu gün müxalifətin toplaşdığı İctimai Palatanın iclası keçirilib. SİA-nın əməkdaşının da iştirak etdiyi tədbirin gündəliyində sabah keçiriləcək mitinqin mövzusu durub. Məlum olub ki, mitinqdə əsasən bu yaxınlarda ölkə prezidentinin Sovet dövründən qalma əmanətlərin qaytarılması haqda imzaladığı Sərəncam və onun icrası ilə bağlı "problemlər" ətrafında çıxışlar ediləcək. Müxalifət artıq indidən mitinqə toplaşan insanları, öz tərəfdarlarını və eyni zamanda onlara inanan ölkə vətəndaşlarını aldatmağa cəhd edir. Bu qənaətə biz Vüqar Bayramlıdan əmanətlərin qaytarılma mexanizmi, digər possovet ölkələrində oxşar hadisələrə münasibətlərə aydınlıq gətirəndən sonra gəldik. Bir daha əmanətlərin qaytarılması mexanizminə mütəxəssis rəyini dərc edirik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, 1992-ci ilədək sovet banklarında yığılan əmanətlərin MDB ölkələrində və eləcə də Baltik dövlətlərində əhaliyə qaytarılmasına keçmiş ittifaq dağılandan sonra başlanıldı. Baltik ölkələri vəsaitlərin əksər hissəsini nağd şəkildə əhaliyə qaytardılar. Yalnız müəyyən həcmdə vəsait çek şəkilində əhaliyə təqdim edildi. Çek şəklində vəsaitlərin qaytarılmasına Qazaxıstanda da təsadüf edilib. MDB ölkələrində isə əmanətlərin qaytarılmasına ilk dəfə Rusiyada başlanılıb. Şimal qonşumuz 1995-ci ildə prosesə başlayaraq onu təxminən 10 il ərzində tamamlayıb. Daha sonra 1996-cı ildə Qazaxıstanda, növbəti ildə Qırğızıstan və Ukraynada əmanətlərin qaytarılmasına başlanılıb. 2002-ci ildə Moldova, 2005-ci ildə isə Özbəkistan vətəndaşları sevindirilib. Bəzi ölkələr əmanətlərin qaytarılmasına 1997-ci ildən başlasalar da bu prosesi tamamlaya bilməyiblər. Ukrayna hökuməti sözügedən prosesin təxirə salınması ilə bağlı 3 dəfə qərar qəbul edib. Hətta məsələ ilə bağlı şikayətlər Avropa Məhkəməsinə qədər gedib çıxıb. Sonuncu dəfə 2011-ci ildə Ukrayna hökuməti bu məsələnin qeyri-müəyyən dövr üçün təxirə salınması ilə bağlı qərar qəbul edib.

İqtisadçı qeyd edib ki, əmanətlər keçmiş SSRİ dövründə sovet rublu ilə banklarda yerləşdirildiyindən onların qaytarılmasına başlanan zaman bütün keçmiş müttəfiq respublikalarda vəsaitlərin milli valyutalara indeksasiya edilməsinə ehtiyac olub. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq olunan indeksasiya sisteminin digər MDB ölkələri ilə müqayisəsi göstərir ki, bizdə digər ölkələrlə nisbətdə daha yüksək ödəniş sistemi tətbiq edilir. Məsələn, Qırğızıstanda 2500 rubl əmanət üçün hər rubla 1 Qırğızıstan somu verirdilər. Bu, 2500 som edirdi ki, onun da dollar ekvivalenti cəmi 60 dollar idi. Moldovada 1000 rubla qədər olanlara 80 dollar, 2000 rubla isə 120 dollar verildi. Ukraynada 2000 rubla cəmi 200 dollar ödəyirdilər. Azərbaycanda isə 2000 rubla 385 dollar ödəniləcək. Məhz bu müqayisələr göstərir ki, Azərbaycanda əmanətçilərə ödəniş daha yüksəkdir və təbii ki, indeksasiya sistemi daha ədalətli hazırlanıb. Bu baxımdan, Azərbaycanda tətbiq edilən əmanətlərin indeksasiyası sistemi sosial ədalətin qorunmasına və eləcə də vətəndaşların prosesdən əhəmiyyətli şəkildə faydalanmasına imkan verəcək. V. Bayramov əmanətçilər üçün maraqlı olan bir məsələyə də toxunub: "Ötən əsrin 80-ci illərinin sonunda inflyasiya yüksək həddə çatmışdı və sovet rublunun alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Məsələn, əgər 1990-cı ildə bazarda 2000 rubl 65 dollara dəyişdirilirdisə, 1991-ci ildə bu rəqəm hətta 17 dollaradək azaldı. Praktik olaraq, bu gün dollar ekvalenti ilə vətəndaşlara ödəniləcək məbləğ, hətta onların vəsaitlərini banklarda yerləşdirdiyi zamanki məzənnə ilə olan vəsaitdən dəfələrə çoxdur. Azərbaycanda tətbiq edilən indeksasiya sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmizdə sovet banklarında olan əmanətlərin 70 faizi 2000 rubladək olan əmanətlərdir. İndi tətbiq olunacaq indeksasiya sistemində 2000 rubla qədər olan əmanətlər ən yüksək indeksasiya kimi götürüldüyünü nəzərə aslaq, bu, o deməkdir ki, banklarda əmanətləri olmuş insanların 70 faizi ən yüksək indeksasiya sistemi ilə ödəniş alacaq. Bu isə indeksasiyanın yalnız iqtisadi deyil, həm də sosial tərəfinin olmasından xəbər verir.

Digər xəbərlər