Hazırda Azərbaycan sosial-iqtisadi göstəricilərinə görə, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən sayılır. Bu gün ölkəmizdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial infrastrukturun daha da genişləndirilməsi, təkmilləşdirilməsi üçün kompleks tədbirlər gerçəkləşdirilir. Ölkədə hər bir vətəndaş dövlətin, cəmiyyətin qayğısını hiss edir, Azərbaycanda baş verən sürəkli tərəqqini, davamlı inkişafı öz həyatında duyur, görür, yaşayır. Müsbət, pozitiv sosial inkişaf təmayülü müasir, modern Azərbaycan iqtisadiyyatı üçün xarakterik xüsusiyyətdir.
Həyata keçirilən sosial təyinatlı kompleks tədbirlər
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, insan amili, ölkə vətəndaşlarının rifahı, əhalinin firavan yaşayışının təmin edilməsi həyata keçirilən çoxşaxəli islahatların, sosial siyasətin prioritet xəttini təşkil edir: "Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, müasir sosial infrastruktur yaradılır". Ölkədə həyata keçirilən sosial təyinatlı kompleks tədbirlər, çoxsaylı səhiyyə, idman, təhsil müəssisələrinin istifadəyə verilməsi deyilənlərə əyani misaldır. Son bir neçə ildə Azərbaycanda iki mindən artıq orta məktəb, 400-dən artıq yeni, müasir tələblərə cavab verən xəstəxana, 34 olimpiya mərkəzi tikilib istifadəyə verilib. Ehtiyacı olanlara dövlət ciddi maddi-mənəvi yardım göstərir, ölkədə 500 mindən artıq insan aylıq əsaslarla dövlətdən müvafiq maliyyə dəstəyi alır. Son illərdə Azərbaycanın dövlət büdcəsi 9 dəfədən çox artıb. Bu, iqtisadiyyatın digər sahələrində əldə edilən mühüm tərəqqi ilə yanaşı, sosial yönümlü xərclərin genişlənməsinə, geniş sosial-mədəni təyinatlı müxtəlif layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradıb.
Əhalinin bütün təbəqələrinə göstərilən diqqət...
Səmərəli sosial siyasətin prioritetləri heç də bununla məhdudlaşmır, geniş, sosial yönümlü tədbirlər, dövlət proqramları şəbəkəsini əhatə edir. Əhalinin həssas, fəal zümrəsi sayılan gənclərə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək gənclərlə bağlı 2005-2009 və 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı qəbul olunub. Təkcə sonuncu proqramın icrasına dövlət tərəfindən 80 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, bu, yalnız bir sosial təyinatlı Dövlət Proqramının icrasına ayrılan vəsaitdir. Eyni zamanda, indiyədək 11-dən artıq sosial təyinatlı dövlət proqramları gerçəkləşdirilib, onların mühüm bir qismi regionların, paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Ümumilikdə, ölkəmizdə sosial inkişafa hər il yüz milyonlarla vəsait yönəldilir ki, bu da sosial zümrələrin, əhalinin müxtəlif təbəqələrinin, cəmiyyətin, sosial fəaliyyət sferasının tərəqqisinin uğurlu təməlini yaradır.
Hazırda Azərbaycan iqtisadiyyatın bütün sahələrində çox yüksək göstəricilərə nail olub. Ölkəmiz uzun illərdir ki, postsovet məkanında inkişaf tempinə görə liderliyini qoruyub saxlayır. Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) həcmi 2011-ci ildə 63,4 milyard dollara çatıb ki, bu da bütün Cənubi Qafqaz ölkələrində yaradılan ÜDM-in 80 faizini təşkil edir. İstehsal və xidmət sferasının dinamik inkişafı sosial sahədə də əhəmiyyətli canlanmaya səbəb olur, sosial layihələrin dəyərini, əhəmiyyətini artırır, səmərəli vətəndaş təşəbbüslərinin genişlənməsini, innovasiya, sosial tərəqqi təmayülünün qüvvətlənməsini şərtləndirir.
Modern sosial texnologiyalara yiyələnən ölkə
Heç də təsadüfi deyil ki, Azərbaycan bu gün insan inkişafı göstəricilərinin yüksəlməsinə görə böyük tərəqqi əldə edən ölkələrdən sayılır. Bu gün ölkəmiz modern sosial texnologiyalara yiyələnmək baxımından, öndə gedən dövlətlərdən biridir. Ümümdünya İqtisadi Forumunun informasiya texnologiyalarının inkişafına dair hesabatı da bunu əyani şəkildə təsdiqləyir. Bu hesabatın yekunlarına görə, Azərbaycan müvafiq inkişaf səviyyəsinə görə, 9 pillə irəliləyib və 142 ölkə sırasında, müvafiq olaraq, 61-ci yeri tutur. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurlar bu gün cəmiyyətin sosial həyatına da sirayət edir, insanların sosial-iqtisadi, intellektual, elmi-praktik fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Bütün bunlar - dinamik iqtisadi münasibətlərə və sivil hüquqi normalara cavab verən irimiqyaslı, məqsədyönlü sosial-iqtisadi islahatlar Azərbaycanın demokratik, inkişaf etmiş, sosial yönümlü, dünyəvi dövlət imicini daha da möhkəmləndirir. Həyata keçirilən məqsədyönlü sosial siyasət dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanı, vəhdəti daha da qüvvətləndirir.
Azərbaycanın social siyasəti çox yüksək dəyərləndirilir
Ümumilikdə, dünyanın aparıcı maliyyə qurumları, sorğu mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafını, ölkədə həyata keçirilən effektli sosial siyasəti çox yüksək dəyərləndirirlər. "Doing buisness-2012", "Gallup İnternational" kimi nüfuzlu beynəlxalq qurumların müvafiq hesabatları, araşdırmaları da deyilənləri əyani şəkildə təsdiqləyir. Belə ki, "Doing buisness-2012" müvafiq hesabatında Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə, 3 pillə irəliləyərək, 66-cı yeri tutub. Bu baxımdan, "Gallup İnternational"ın dünyanın 51 ölkəsində keçirdiyi sosial-iqtisadi təyinatlı sorğunun nəticələri diqqəti cəlb edir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda məqsədyönlü sosial siyasətin gerçəkləşdirilməsi prioritet fəaliyyət istiqamətlərindən birini təşkil edir. Ölkədə güclü, effektli, səmərəli sosial siyasətin həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan sosial məsələlər uğurla həll olunur və bu gün Azərbaycanda yaşayış səviyyəsinin göstəriciləri əksər inkişaf edən ölkələrlə müqayisədə yüksək sayılır. Müasir sosial infrastrukturun yaradılması əhalinin ehtiyaclarını qarşılamaq, insanların mənəvi-psixoloji və fiziki sağlamlığı baxımından, xüsusi əhəmiyyətə malikdir. Bu mənada, istifadəyə verilən çoxsaylı xəstəxanalar, məktəblər, olimpiya-idman mərkəzləri, yeni-yeni mədəniyyət ocaqları buna əyani misaldır.
Sosial infrastruktur yenidən qurulur
Respublikamızın regionlarında da infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu sübut edir, sosial sferaya böyük diqqət yetirildiyini göstərir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı bu gün öz bəhrələrini verməkdədir.
Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri, rayonlarda əhali ilə keçirilən görüşlərin intensiv xarakter alması, dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər gerçəkləşdirilən uğurlu sosial siyasətin tərkib hissəsi kimi çıxış edir.
Vətəndaşlarla açıq təmas...
Prezident İlham Əliyev daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirmiş olur. Dövlət başçısı keçirilən bütün tədbirlərdə və görüşlərdə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılması zərurətini önə çəkir, sosial təyinatlı strateji layihələrin icrasını diqqətdə saxlayır. Ümumilikdə, müvafiq göstəricilər əyani şəkildə təsdiqləyir ki, həyata keçirilən bu kimi tədbirlər insanların sosial rifahını daha da yüksəldir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bunlar gerçəkləşdirilən məqsədyönlü sosial siyasətin əsas qayəsini təşkil edir: "Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Naib NİFTƏLİYEV
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...