PDF Oxu

İqtisadiyyat

  • 17

2012-ci ilin başlıca makroiqtisadi hədəfləri...

2012-ci ilin başlıca makroiqtisadi hədəfləri...

Azərbaycan hökuməti ötən il artmaqda olan iqtisadi tempi 2012-ci ildə sürətləndirmək, güclü maliyyə sabitliyi potensialını möhkəmləndirmək, inflyasiyanın birrəqəmli həddə qoruyub saxlamaq və iqtisadiyyatın çoxşaxəliliyini təmin etmək niyyətindədir. Yeni ilin başlıca makroiqtisadi hədəfləri milli iqtisadiyyatın artımı fonunda iqtisadi və sosial proqramların icrasına maksimum nail olmaq, qiymət indekslərinə koordinasiyalı şəkildə nəzarət etmək və əhalinin pul gəlirlərinin artım dinamikasını stimullaşdırmaq, eyni zamanda, çevik pul siyasətinin həyata keçirilməsi sayəsində valyuta bazarında sabitliyi qoruyub saxlamaqdan ibarət olacaq.

Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin, o cümlədən, Beynəlxalq Valyuta Fondunun 2012-ci ilə dair sosial-iqtisadi inkişaf proqnozlarına görə, yeni başladığımız ildə Mərkəzi Asiya və Xəzər regionu ölkələrində yanacaq ehtiyatlarının nəqli bu ölkələrin milli iqtisadiyyatında artım meyillərinin yüksəlməsinə səbəb olacaq. 2012-ci ildə dünya bazarlarında neftin bir barrelinin satış qiyməti 100-110 dollar civarında proqnozlaşdırılır. Büdcə paketində neftin bir barreli 80 dollar nisbətində nəzərdə tutulmuş Azərbaycanda yanacaq ehtiyatlarının nəqlinin artması və bunun müqabilində ölkəmizin milli tədiyyə balansında profisitin yaranması gözlənilir. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2012-ci ildə tədiyə balansında ümumi daxili məhsulun 20-25 faizi qədər profisitin olacağı nəzərdə tutulur.

2012-ci ildə iqtisadi artımın davam edəcəyi və 2011-ci illə nisbətdə daha yüksək inkişaf indikatorlarının qeydə alınacağı proqnozlaşdırılır. Belə ki, ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə ümumi daxili məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. İqtisadi artım qeyri-neft sektoru hesabına baş verəcək. Neftdən kənar sahələrin sektorial artım dinamikası ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə artımı üçün real zəmin yaratmış olacaq.

Son 8 ildə həm manatın məzənnəsinin aparıcı xarici valyutalarla nisbətdə möhkəmlənməsi, həm inflyasiyanın birrəqməli həddə qorunub saxlanmasının təmin edilməsi, həm də əhalinin pul gəlirlərinin qiymət indeksinə nisbətən artması hökumətin bu istiqamətdə təsirli addımlar atdığının bariz nümunəsidir. Məsələn, 2004-cü ildən başlayaraq əhalinin gəlirlərinin artım dinamikası inflyasiya həddini bir neçə dəfə üstələyib, eyni zamanda, manatın məzənnəsi dollara nisbətən bir neçə bənd möhkəmlənib. Bütün bu faktorlar son nəticədə əhalinin sosial yaşayış imkanlarına pozitiv təsir göstərdiyini şərtləndirir.

Bir sözlə, manatın sabit məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli rol oynayır. Məhz bu amilləri nəzərə alan hökumət manatın real effektiv məzənnəsini möhkəmləndirmək üçün orta müddətli dövrdə daha çevik məzənnə rejiminə keçidi nəzərdə tutur.

"Səs" Analitik qrupu

Digər xəbərlər