Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra, ölkəmizdə ötən müddət ərzində sosial-iqtisadi quruculuq sahəsində əldə olunan ardıcıl, davamlı uğurlar beynəlxalq aləmdə belə, özünə layiqli yer tutmuşdur. Söz yox ki, ölkəmizin yeni, mütərəqqi və mütəşəkkil inkişaf strategiyasının məqsədi əhalinin rifah halının yüksəldikməsi, milli gəlirin səviyyəsinin daha da artırılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, şaxələnmiş və ixracyönümlü dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdir. Güclü iqtisadiyyat və güclü siyasət əsasında artıq beynəlxalq aləmdə böyük nüfuz sahibi olmuş güclü Azərbaycan dövləti yaranmışdır. Ölkəmiz artıq regional çərçivədən çıxaraq, dünya müstəvisində söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin strateji tərəfdaşlarıyla birlikdə irəli sürülən təşəbbüslər Azərbaycana yalnız uğur gətirir və bundan sonra da gətirəcək.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş və əhəmiyyətli proqramlar icra olunmuşdur. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı diqqəti daha çox cəlb edir. Məhz bu proqramın qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində hazırda regionların siması tamam dəyişmiş, tikinti - abadlıq, yenidənqurma işləri geniş vüsət almışdır. Bu əsasda, görülən nəhəng işlərə töhfə verəcək önəmli məqamlardan biri də Azərbaycanın inkişafında əhəmiyyətli rol oynayan sahibkarlardır. Bu gün Azərbaycanda sahibkarlar üçün kifayət qədər əlverişli şərait yaradılıb. Bunun əsas məqsədi ölkəmizdə özəl sektorun sürətli inkişafına təkan verməkdir. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə yaradılmış Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir, onların fəaliyyətlətinin çoxşaxəli olması üçün mühüm addımlar atılır. Məhz bu kimi amilin nəticəsdir ki, son üç il ərzində təkcə bu sahədə 20 mindən çox insan daimi iş yerləri ilə təmin olunub. Bütün bunlar o deməkdir ki, dövlət sahibkarlığın inkişafında maraqlıdır və bu sahəyə böyük önəm verir. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən Prezident İlham Əliyev vurğulamışdır: "Azərbaycanın iqtisadi qüdrətinin artmasında sahibkarlıq fəaliyyətinin rolu böyükdür. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir".
Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi çoxsaylı görüşlərdə dövlət tərəfindən sahibkarlara siyasi dəstəklə bərabər iqtisadi dəstək də verdiyini vurğulayıb. Dövlət başçısı sahibkarların müxtəlif sosial layihələrə qoşulmasını yüksək qiymətləndirərək demişdir: "Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələr icra edirlər. Bölgələrdə, xüsusilə, məktəb tikintisinə, sosialyönümlü tədbirlərə yardımlar edilir. Mən bunu dəstəkləyirəm".
Lakin təəssüflə qeyd etmək istərdik ki, bu kimi mütərəqqi inkişaf siyasətinə kölgə salmağa çalışan bəzi məmurlar qrupları da mövcuddur və həmin məmurlar şəxsi mənfəətlərini güdmələri fonunda sahibkarlığın inkişafına xələl gətirir, həmin istiqamətdə görülən işlərin reallaşmasına zəmin yaratmırlar. Belə ki, sözügedən hallara ən çox əyalətlərdə rast gəlinir. Redaksiyamıza "Sabirabad Konserv" ATSC-nin sədri Əlabbas Şıxəliyev tərəfindən daxil olan şikayət məktubuna görə, adıçəkilən şəxs sahibkarlıqla məşğul olduğu müddətdə dövlət tərəfindən göstərilən diqqət və qayğını, dəstəyi daim hiss edib. Ə.Şıxəliyev məktubunda xatırladıb ki, rəhbərlik etdiyi Sabirabad konserv zavodu 1982- ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilb. Zavod tikilb istifadəyə verildiyi ilk illərdə 32 min tona qədər nar məhsulu qəbul etmiş və yüksək keyfiyyətli müxtəlif çeşidli məhsullar istehsal olunmuşdur: "1998-ci ildən zavod açıq tipli səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. İşsizliyin aradan qaldırılmasında və yoxsulluğun səviyyəsinin azaldılmasında bizim də kollektivin müəyyən rolu olmuşdur. Biz dövlət tərəfindən sahibkarlara göstərilən dəstəkdən də yararlanmışıq. İqtisadi İnkişaf Nazirliyinin xətti ilə zavodumuza 2005-2007-ci illərdə iki dəfə aşağı faizlə uzunmüddətli kredit verilmişdir. Biz bu kreditdən səmərəli istifadə edərək, istehsal sahəsini daha da gücləndirdik. Bu il fevralın 24-də Göyçay rayonunda İqtisadi İnkişaf Nazirliyi tərəfindən keçirilən narçılığın inkişafına həsr olunmuş müşavirədə bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsi məsələsi geniş müzakirə olundu. Sahibkarlığın inkişafına dövlət tərəfindən ayrılmış vəsaitin artırılması da bizi xeyli ruhlandırdı".
Ancaq bəzi məmurlar tərəfindən törədilən əngəllər zavodun tam sürətlə işləməsinin qarşısın almaqdadır. Apardığımız araşdırmalardan sonra məlum olmuşdur ki, 2011-ci il dekabrın 27-də "Azərenerji" ASC-nin İmişli Regional Enerji Təchizatının işçiləri Ə.Həbibov və C.Quluyev və "Azərenerji" ASC-nin nümayəndələri A.Kərimov və A. Əfəndiyev zavodun elektrik sayğacına müdaxilə edilməsini sübutları olmadan "əsas" gətirərək, qərəzli şəkildə akt tərtib etmiş və 57 min 905 manat cərimə yazmışdır. Ə.Şıxəliyev sayğaca heç bir müdaxilə olunmaması barədə dəfələrlə İmişli Regionl Enerji Təchizatı İdarəsinin rəisi Rövşən Rəsulova rəsmi müraciət etsə də, buna əhəmiyyət verilməmişdir. Sonradan isə məlum oldu ki, qərəzli aktın tərtib olunması bilavasitə Rövşən Rəsulovun sifarişidir. Buna etiraz olaraq, baş verənləri qanunsuz adlandıran zavodun direktoru Ə.Şıxəliyev həmin idarənin verdiyi elektrik enerjisindən imtina edib və həmin vaxtdan müəssisəyə elektrik enerjisi verilmir. Bu da ATSC-yə və orada çalışan işçi qüvvəsinə külli miqdarda ziyan vurub.
Aparılan araşdırmalardan o da məlum olub ki, 2010-cu ilin dekabr ayının 27-dən 2011-ci ilin mart ayının 10-na qədər 260.018 manat dəyərində məhsul istehsal edildiyi halda, 2012-ci ilin yanvar ayının 6-dan bu vaxta qədər 141.374 manat həcmində məhsul istehsal edilmişdir. Zavoda ötən müddət ərzində 118.644 min manat ziyan dəymişdir. Artıq istehsal tam dayanmış, işlə təmin olunmuş çoxsaylı insanlar işsiz, zavod isə tamamilə iflic vəziyyətində qalmışdır. Belə ki, İmişli RET-in rəisi R. Rəsulovun müəssisəyə qarşı qərəzli münasibətinin nəticəsində 70 nəfər aztəminatlı işçi əmək haqqından məhrum olmuş və hazırda işsiz qalıblar. Məktubda o da bildirilir ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinə süni əngəl yaradılmasının qarşısının alınması ilə əlaqədar qəti göstəriş verməsinə baxmayaraq, İmişli RET-in rəisi R.Rəsulovun sahibkarlara qənim kəsilməsi başa düşülən deyil. Bu səbəbdən də, İmişli RET-in nümayəndələrinin tərtib etdikləri qərəzli aktdakı faktın obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə rəsmi müraciət edilib. Nazirliyin mütəxəsisslərinin elektrik sayğacına baxışından və yoxlamasından sonra məlum olub ki, sayğaca ümumiyyətlə, heç bir müdaxilə olunmayıb. Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi Şirvan regional sektorunun məsləhətçi müfəttişləri Rahil Cəfərov və Cəfər Hüseynovun, Sabirabad Elektrik Şəbəkəsinin "SMART kart" sayğaclar üzrə şəhər nəzarətçisi Üzeyir Qurbanovun və "Sabirabad Konserv" ATSC-nin böyük mühəndisi Cahid Şıxəliyevin iştirakı ilə 2012-ci il yanvarın 9-da tərtib olunmuş Ş-5 saylı aktda bildirilir: "Azərenerji" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 004672 saylı, 27.12. 2011-ci il tarixli akt reallığı əks etdirmir, enerji təchizatı müəssisəsindən məsələyə yenidən baxılması tələb edilir".
Ə.Şıxəliyevin məktubunda vurğulanır ki, cəmiyyətə tətbiq edilən qərəzli cərimə aktı ilə əlaqədar olaraq, 4 dəfə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin qəbuluna düşmək üçün müraciət edib: "Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin komissiya təşkil edərək, cəmiyyətin elektrik sayğacına müdaxilə olub-olmamasını araşdırmaq üçün müraciət etdim. Müraciətimə cavab olaraq, məhkəmə ekspertiza mərkəzi tərəfindən cəmiyyətin elektrik sayğacı əhatəli şəkildə yoxlanılaraq, 4063 saylı ekpertiza rəyi ilə sayğaca heç bir müdaxilənin olmamasını aşkar etdi. 10.02.2012-ci ildə müraciətimlə əlaqədar olaraq, "Azərenerji" ASC-nin prezidenti E.Pirverdiyevin köməkçisi Məhərrəm Nəcəfov tərəfindən qurum rəhbərliyinin qəbuluna dəvət olundum. Dəvətlə əlaqədar "Azərenerji" ASC-yə gələrkən, Məhərrəm Nəcəfov mənə bildirdi ki, prezidentin vaxtı olmadığı üçün sizi mən qəbul edirəm, şikayətinizi mənə bildirin. Qəbul zamanı İmişli REŞ-nin rəisi R.Rəsulovun Sabirabad REŞ-nin rəisi F.Daşdəmirlinin özbaşına və qərəzkar əməlləri, İmişli REŞ-nin əhatə etdiyi regionların enerji təsərrüfatında dövlət əmlakının mənimsənilməsi barədə şikayətimi bildirdim. Həmçinin, Məhərrəm Nəcəfova R.Rəsulovun cəmiyyət içində "mənim arxam M.Nəcəfovdur" deyə iddia etdiyini söyləyərkən, təsdiq etdi ki, R.Rəsulovu İmişli REŞ-ə, o, rəis təyin etdirib: "R.Rəsulovun tabeçiliyində olan elektrik şəbəkəsi rəhbərləri ilə, o cümlədən, Sabirabad elektrik şəbəkəsinin rəisi F.Daşdəmirli ilə əlaqəyə girərək, öz şəxsi mənafelərini təmin etmək üçün dövlət əmlakının mənimsəyirlər".
Bütün bu baş verənlərdən belə qənaətə gəlmək olar ki, Məhərrəm Nəcəfovun rəhbərliyi altında bir qrup ziyankar ünsürlər sahibkarların qarşısında maneə yaratmaqla, sahibkarlığın inkişafı əleyhinə çıxırlar.
Tərtib olunan aktda, həmçinin, qeyd olunub: "Eektrik Enerjisindən İstifadə Qaydaları"nın 8.16-cı bəndində yazılır: "İstehlakçının, o cümlədən, məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin ən orta gündəlik sərfinə görə, hesablama dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır".
Göründüyü kimi, bəzi təşkilatlar hələ də köhnə iş üsullarından, bürokratiya və süründürməçilikdən əl çəkməyərək, sahibkarlıq fəaliyyətinin inkişafına süni əngəllər yaradırlar. R.Rəsulov kimilərin qərəzli əməlləri də bütün bu deyilənlərdə öz sübutunu tapır. Lakin bütün bunlara baxmayaraq, sahibkarlar öz işlərini günün tələbləri səviyyəsində qurur, bəzi hallarda süni əngəllərlə üzləşsələr də, ölkənin iqtisadi gücünün artmasında üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirirlər. Onlar inanırlar ki, sahibkarlığın inkişafına süni əngəllər yaratmağa çalışan mənfəətçi məmurlar qanun qarşısında cavab verəcəklər.
A.SƏMƏDOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...