Beynəlxalq Valyuta Fondu dünya ölkələrinin dövlət borcu üzrə renkinqini tərtib edib. Siyahıda inkişaf etmiş dövlətlərin böyük əksəriyyəti hazırda dünya üzrə ən böyük borc payı olanlardır. Renkinqdən də bunu görmək mümkündür. İrlandiya, Yaponiya və ABŞ hazırda dünyada ən böyük borca malik ölkələr qrupuna daxildir. Həmin ölkələrin 2 trilyon dollardan artıq xarici borcları var. Sinqapur, Belçika, Norveç, İtaliya, Yunanıstan, Kanada, Fransa, Almaniya kimi ölkələrin də borc şkalasında vəziyyətləri yaxşı deyil. Qeyd olunan ölkələrin xarici borcları 800 milyon dollardan 1,5 trilyon dollara kimi artır.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun strukturuna diqqət yetirəndə, onların xarici borc məbləğinin adambaşına 8 min dollardan 40 min dollara kimi artmasını görmək olar. Bu ölkələrin bəzisində adambaşına düşən ÜDM-in illik həcmi real gəlirlərdən 2-3 dəfə çoxdur. Bu isə insanları illik gəlirlərinin az qala yarısının dövlətin xaricdən aldığı vəsaitlər hesabına formalaşdığını şərtləndirir. Ümumilikdə, hazırda dünya üzrə borcun ümumi məbləği ümumi daxili məhsulun 49 faizi həcmindədir. Dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir.
Renkinqin təhlili bu qənaəti formalaşdırır ki, hazırda dünya üzrə ən aşağı xarici borc məbləğinə malik olan ölkələr qrupunda Azərbaycan əsas yer tutur. Azərbaycan MDB-də ən az xarici borca malik ölkə olmaqla yanaşı, bu göstərici üzrə dünyanın ilk onluğuna daxildir. Hazırda dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbəti cəmi 8 faiz təşkil edən ölkəmiz bu göstəriciyə görə dünyada üçüncü yeri tutur. Məlum olduğu kimi, xarici borc beynəlxalq maliyyə təşkilatlarından, xarici dövlətlərdən alınmış maliyyə vəsaitləridir. Böyükhəcmli xarici borc bir sıra ölkələr üçün ötən əsrin sonlarından başlayaraq ciddi problemlər yaradıb. Amma bütün bunlara baxmayaraq, respublikamızda 1997-ci ildən başlayaraq vüsət alan və 2000-ci ilin əvvəllərində yüksək zirvəyə çatan kapital axını xarici borc amili fonunda təhlükəli səciyyəyə malik deyil. Yəni ölkəmizin iqtisadiyyatını mənfi tendensiyalara apara biləcək xarici borc təhlükəsi qətiyyən yoxdur.
Hökumət xarici borcun milli məhsulda müəyyən hədd daxilində qorunmasını təmin edib. Bu, siyasət 15 il əvvəldən başlayaraq, öz praqmatikliyi ilə nəzərə çarpır. Məsələn, MDB-də ümumi xarici borc əmsalına görə də ən yaxşı nəticə 1996-cı ildə ölkəmizdə qeydə alınıb. Ümumiyyətlə, 1995-1999-cu illər ərzində respublikamızda adambaşına düşən xarici borcun məbləği təxminən 120 dollar təşkil etdiyi halda, Rusiyada bu rəqəm 850 dollar, Ermənistanda 250 dollar, Gürcüstanda 295 dollar, Qazaxıstanda 288 dollar, Ukraynada 235 dollar, Belarusda 248 dollar olub. Yeni əsrin əvvəllərində və ilk onilliyində də bu tendensiya hökm sürür ki, Azərbaycan xarici borcun təhlükəlilik əmsalına görə, ən yaxşı nəticəyə sahibdir. Ümumiyyətlə, ölkəmizdə bu sahədə heç bir risk əmsalından söhbət gedə bilməz.
Ümumiyyətlə, iqtisadi islahatların və cəlbedici sərmayə mühitinin yaradılması həm milli məhsulun, həm də artım tempinin yüksək meyillər üzrə artmasını şərtləndirmiş olur. Xarici və daxili sərmayələr ümumi maliyyə-investisiya strukturlarına əlverişli stimul verməklə bərabər, iqtisadi inkişaf indikatorlarının da artımı üçün əhəmiyyətli zəmin deməkdir. Buna görə də, ümumilikdə, kapital qoyuluşlarının həcmi ilə ümumi daxili məhsul arasında sıx əlaqə bütövlükdə iqtisadi tempin yüksəlməsinə gətirib çıxarır. Reallıq bundan ibarətdir ki, ÜDM-də kapital qoyuluşlarının təxminən 1 faiz artması iqtisadi artım tempinin 0,1-0,4 faiz yüksəlməsinə səbəb olur. Bu mənada, ölkəmizdə 1995-ci ildən başlayaraq, əsas kapitala yönəldilən investisiyaların ÜDM-də çəkisinin artması növbəti illər üçün ümumi inkişafa öz təsirini göstərmiş oldu.
İqtisadiyyatın qanunauyğunluqlarının digər əsas tələblərindən biri isə xarici borcun ÜDM-də hansı səviyyədə olmasında və bu meyara görə təhlükəli şkalaya keçid almasındadır. Yəni ÜDM-də xarici borcun səviyyəsi yüksəkdirsə, daha doğrusu, 40 faizi ötübsə, bu, təhlükəli hədd sayıla bilər. Azərbaycanın xarici borcu 1997-2003-cü illərdə ÜDM-in 13-17 faizinə bərabər olub. MDB regionu ölkələrinin əksəriyyətində isə bu rəqəm ölkənin büdcə gəlirlərindən 2-3 dəfə çox idi.
Eləcə də, son 10 ilin müvafiq göstəricilərinə nəzər salmaqla, qeyd etdiyimiz faktorun təhlükəlilik dərəcəsini görə bilərik. Hazırda əksər MDB ölkələri milli məhsulda 30-40 faizlik hədlə borc öhdəliyinə malikdir. İşğalçı Ermənistan bu cür real təhlükədən uzaqlaşmayıb və ÜDM-in 50 faizi qədər xarici borc öhdəliyi daşıyır. Respublikamızda hazırda bu rəqəm ÜDM-in 7-8 faizi nisbətindədir.
Qeyd edək ki, borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Digər tərəfdən, hər hansı bir ölkənin milli təhlükəsizliyinin xüsusi bir dairəyə yaxınlaşması, qorxulu bir tendensiyaya gəlib çatması onun xarici ticarət dövriyyəsinin həcmi ilə mütənasibliyində özünü göstərir. Yəni həmin ölkənin ixrac qabiliyyəti və balansı onun xarici borcunun məbləği ilə qeyri-mütənasib olduqda, iqtisadi təhlükəsizliklə bağlı mənfi sindromlar müşayiət olunmağa başlayır. 1997-2000-ci illərdə bu tendensiyanı MDB zonasında bir çox ölkələrin timsalında görmək olar. Xüsusilə də, bu ağır sindrom Ermənistanın iqtisadi sferasında dərin kök salmış bir problemdir. Həmçinin, digər MDB ölkələrində də bu sahədə vəziyyət ürəkaçan səviyyədə deyil.
Məsələ ondadır ki, xarici borcu yüksək olan ölkələrin, xüsusilə də, MDB ölkələrinin strateji valyuta ehtiyatlarının həcmi də bu rəqəmdən aşağıdır. Bu isə daha ağır fəsadlar deməkdir. Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 45 milyard dollara çatıb ki, bu da 4 milyard dollarlıq xarici borcu 9,5 dəfə çox üstələyir. ÜDM-in 70%-i həcmində strateji valyuta ehtiyatlarına malik olması respublikada makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amillərdən sayılır. Azərbaycanda adambaşına düşən gəlirin xarici borcla müqayisədə 4,2 dəfə çox olması, adambaşına düşən valyuta ehtiyatlarının həcminin isə 5 min dollar təşkil etməsi davamlı inkişaf üçün etibarlı zəmin formalaşdırır.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...