Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin başlıca hədəfi ölkəmizin davamlı, hərtərəfli iinkişafını təmin etməkdir. Burada elmin, texnikanın və texnologiyanın qabaqcıl nailiyyətlərinin cəmiyyətin bütün sahələrində genişmiqyaslı tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Dayanıqlı, çoxşaxəli, modern infrastruktura malik iqtisadiyyat
Eyni zamanda, milli iqtisadiyyatın daha çox dayanıqlı, geniş, modern infrastruktura malik olması əsas götürülür. Bu baxımdan, milli iqtisadiyyatın inkişaf xəttinin seçimində müəyyənlik və aşkarlıq mövcuddur. Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində insan amilinə, sosialyönümlülük prinsipinə xüsusi önəm verilir. Başqa sözlə, Azərbaycanın müasir iqtisadi inkişaf konsepsiyası sosialyönümlü bazar iqtisadiyyatı modelinə söykənir.
Beləliklə, milli iqtisadiyyatın inkişafında insan amilinə yüksək dəyər verilməsi, sosialyönümlülük prinsipi mühüm rol oynayır. Dövlət iqtisadi inkişafın sosialyönümlüyünə görə, əhalinin aztəminatlı təbəqəsinə hərtərəfli dəstəyə görə məsuliyyəti öz üzərinə götürür və buna zəmanət verir. Sosial-iqtisadi inkişafın Azərbaycan modelinin vacib elementlərindən biri müəllifi Ümummilli Liderimiz Heydər Əliyevin olduğu, hazırda böyük müvəffəqiyyətlə gerçəkləşən neft-qaz strategiyasıdır.
Azərbaycanın iqtisadiyyatına irihəcmli sərmayənin, böyük maliyyə kapitalının cəlb olunması məhz bu strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir. Hazırda Azərbaycanın xarici şirkətlərlə karbohidrogen yataq və strukturlarının istismarına dair 31 müqaviləsi mövcuddur. Bunlara, ümumilikdə, 35 milyard dollar investisiya yatırılıb. Son 20 il ərzində isə neft-qaz strukturuna yönələn sərmayənin həcmi 45 milyard dollardan artıqdır. İndi ölkədə hasil edilən neftin 80, qaz yataqlarının isə 70 faizinin istismarı beyəlxalq konsorsiumların payına düşür.
Davamlı sosial-iqtisadi islahatlar strategiyası
Eyni zamanda, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin, bilavasitə, rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən sosial-iqtisadi islahatlar ölkəmizin siyasi-iqtisadi nüfuzunun getdikcə daha da möhkəmlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına xidmət edir.
Bəllidir ki, sosial-iqtisadi islahatların uğurla gerçəkləşməsi demokratik tərəqqi ilə bilavasitə bağlıdır və qloballaşan dünyada bu iki amili bir-birindən ayırmaq mümkün deyil. Başqa sözlə, fəal, səmərəli iqtisadi təşəbbüskarlıq üçün azad, demokratik düşüncə tərzi olduqca vacibdir, bu iqtisadi fəallığı, məsuliyyət hissini şərtləndirən başlıca amillərdən biri kimi çıxış edir. Bu, demokratik transformasiya kursunun uğurla davam etdirilməsi, demokratikləşmə prosesinin intensiv şəkildə gerçəkləşməsi ilə bilavasitə bağlıdır. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə demokratik tərəqqiyə, insan haqlarının qorunmasına, möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik".
Mövcud resurslardan səmərəli istifadə
Milli inkişaf strategiyasının hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması istiqamətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasıyla bağlı mühüm struktur islahatları həyata keçirildi. Belə ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlətin təməl atributlarından və əlamətlərindən biri kimi, ilk növbədə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində kompleks tədbirlər görülüb. Mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinə birmənalı şəkildə mühüm töhfələr bəxş edib.
Bununla yanaşı, bəhs edilən istiqamətdə konstitusiyaya müvafiq surətdə normativ-hüquqi aktların qəbul edilməsi, müvafiq sərəncam və fərmanların verilməsi, ölkəmizin milli maraqlar və dəyərlər əsasında beynəlxalq konvensiyalara və müqavilələrə qoşulması insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizminin səmərəliliyini təmin edən növbəti strateji faktor kimi dəyərləndirilməlidir. Məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirirlər. Bu, müasir şəraitdə sosial-iqtisadi təsisatlaşmanın başlıca atributu kimi dəyərləndirilir.
Əldə edilmiş uğurlar gələcək addımların atılması üçün stimul olmalıdır
Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, biz müasir dövlət qururuq: "Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks-təqdirdə, biz bu inkişafa nail ola bilməzdik".
Bəlli olduğu kimi, ölkəmizdə yoxsulluğun aradan qaldırılması, regionların sosial-iqtisadi inkişafı, insan kapitalının stimullaşdırılması ilə bağlı müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilib. Bunun nəticəsində yoxsulluğun səviyyəsi 7 faizdən aşağı düşüb, regionlarda müasir tələblərə cavab verən sosial-iqtisadi infrastruktur formalaşıb, müxtəlif təyinatlı çoxsaylı yeni müəssisələr istifadəyə verilib. Bütövlükdə, idarəçilik sisteminin təkmilləşdirilməsi, cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik inkişafa sadiqliyini bilavasitə sübut edir.
Bu mənada, Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan, hazırda geniş ictimai müzakirə obyekti olan "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının formalaşdırılması, icrası ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın büdcəsi davamlı şəkildə artır
Hazırda milli iqtisadiyyatın sürətli inkişafı Azərbaycana xaricdə layihələrə investisiya yatırımında fəal iştirak etməyə imkan verir. Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Rumıniyanın iqtisadiyyatına investisiyalar yatırır. ARDNŞ Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə GENİŞ yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahibdir. Şirkət nəhəng türk neft-kimya kompleksi olan "Petkim"in ortağıdır. Ölkənin dövlət büdcəsində əhəmiyyətli dəyişikliklər baş verir, büdcənin həm gəlirlər, həm də xərclər hissəsinin əhəmiyyətli dərəcədə artır. Bu baxımdan, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 37,7% artıb və 15,7 milyard manat təşkil edib, xərcləri isə 30,8% artıb və 15,4 milyard manat olub, dövlət büdcəsi profisitlə yerinə yetirilib. 2012-ci ildə büdcənin artma tendensiyası davam edib, Dövlət Büdcəsi müvafiq əlavələrdən sonra 20 milyard manata çatıb, müvafiq icmal büdcəsinin həcmi isə 25 milyard dollardan çox qiymətləndirilir.
Ölkə iqtisadiyyatında baş verən müsbət dəyişikliklər xarici ekspertlərin də diqqətindən yayınmır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və reytinq agentlikləri kimi beynəlxalq maliyyə təşkilatlarının ölkəmizlə bağlı rəyləri olduqca müsbətdir.
Ölkəmiz inkişaf potensialına görə, aparıcı mövqe tutur
Azərbaycan qloballaşma proseslərində nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi ilə olduqca fəal və ardıcıl şəkildə iştirak edir. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilib, 2007-ci ildə digər bir tarixi hadisə baş verib - "Şahdəniz" yatağından qazın Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə ixracına başlanılıb, hazırda isə Bakı-Tbilisi-Qars dəmiryolunun inşası üzrə işlər davam edir.
Bununla yanaşı, TRACECA və Şimal-Cənub nəqliyyat-kommunikasiya infrastrukturu da modernləşdirilir. Bu gün Azərbaycan öz inkişaf potensialına regionda və MDB məkanında aparıcı mövqeyə malik bir dövlət kimi dəyərləndirilir. Belə ki, hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir və müvafiq nisbətin getdikcə daha çox ölkəmizin xeyirinə dəyişməsi təmayülü davam edir. Dünyada öz nefti ilə məşhur olan Azərbaycan mühüm tranzit ölkələrdən sayılır və regionda Azərbaycanın iştirakı olmadan hər hansı ciddi layihənin reallaşması qeyri-mümkündür.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...