Azərbaycanın enerji siyasətinin son 2 ildə daha yeni məzmun kəsb etməsi ("Abşeron" və "Ümid" qaz yataqlarının kəşfi, trans-enerji sazişlərinin imzalanması) karbohidrogenlərin nəqlinin həm diversifikasiyası, həm də coğrafiyasının genişlənməsi ilə xarakterizə olunmaqdadır. Milli enerji siyasətində qaz faktorunun ön plana keçməsi isə respublikamızın xarici siyasi və iqtisadi həyatında mühüm hadisələrin baş verməsi ilə müşayiət edilməkdədir. Məlum olduğu kimi, qaz ehtiyatlarının nəqlinin artması, yeni yataqların kəşf olunması, hasilatla bağlı digər amillər ötən il qaz strategiyasının zənginləşməsini şərtləndirib. Təbii ki, bu amillər qaz bumunun keyfiyyət baxımından yeni mərhələyə keçid alması kimi səciyyələndirilə bilər.
Son bir ildə isə qaz faktorunun dominantlığı fonunda trans-kontinental siyasi xətt bütövlükdə siyasi və coğrafi hüdudlarını genişləndirib, yeni tarixi hadisələrin baş verməsi üçün əsaslı zəmin yaradıb. Azərbaycanın dünya enerji siyasətinə möhür vurduğu siyasi qətiyyət davamlılıq xarakteri daşımaqla yanaşı, yeni iqtisadi tarixi hadisələrin yaranmasına səbəb olur. Artıq Azərbaycan bölgədə ən qətiyyətli bir aktor kimi yeni trans-kommunikasiya dəhlizlərinin yaradılmasında presedent müəllifə çevrilib və respublikamızın davamlı olaraq yeni sazişlərə imza atması iyerarxik bir məna da daşıyır. Bir neçə gün əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış daha bir tarixi sazişi bu mənada ölkəmizin əzmkarlığının daha bir nümunəsi adlındırmaq olar. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında saziş çox mühüm iqtisadi və siyasi hadisə olmaqla yanaşı, regionun coğrafiyasının Azərbaycan ştrixləri fonunda yenidən dəyişməsinin təzahürü sayıla bilər.
TANAP layihəsinin reallaşmasını zəruri edən başlıca geoiqtisadi amillər nədən ibarətdir? İlk öncə, onu qeyd etmək lazımdır ki, TANAP-dan əvvəl regionda çox strateji əhəmiyyətə malik trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb və onların icrası istiqamətində görülən işlər irəliləməkdədir. Yəni bu saziş əvvəlkilərin məntiqi davamı sayılır və enerji marşrutlarının şaxələndirilməsində ən ana arteriyalardan hesab edilə bilər. Heç kimə sirr deyil ki, Azərbaycan hökumətinin qətiyyəti və qardaş Türkiyənin əzmkarlığı sayəsində indiyə kimi Şərq-Qərb marşrutlarının ən mühüm komponentləri olan nəql marşrutları yaradılıb. Azərbaycanın karbohidrogen rezervlərinin həcminin artması fonunda dünya nəql coğrafiyasında daha yeni marşrutların labüdlüyü ixracın panoramasının da zənginləşməsinə zəmin yaradıb. Yəni, Azərbaycan və Türkiyə dayanmadan irəliyə doğru yeni addımlar atıb və regionda enerji sistemləri şəbəkəsinin böyük bir landşaftını yaratmaqda qətiyyət nümayiş etdirirlər.
TANAP-ın mühüm tərkib hissəsi olan ən mühüm enerji seqmentlərindən biri də məhz ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı yaradılıb. Söhbət Türkiyə ilə imzalanmış yeni qaz sazişindən gedir. 2011-ci ilin ən mühüm siyasi-iqtisadi hadisəsi hesab olunan həmin sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaratdı. Saziş dünyanın süpergücləri və Avropa Birliyi tərəfindən böyük rezonans doğurub və yeni enerji əməkdaşlığı ilə bağlı sənəd qlobal miqyasda mühüm əhəmiyyət daşıyan iqtisadi-siyasi hadisə kimi səciyyələndirilib. Dünya dövlətləri iki qardaş ölkənin böyük qətiyyət nümayiş etdirərək, əsrin ən nəhəng tranzit sazişlərindən birini imzalamasını təkcə bu regionun ölkələrinin enerji təhlükəsizliyi üçün deyil, ümumilikdə, bütün Avropa və Qərb üçün starteji əhəmiyyətə malik trans-kommunikasiya şəbəkəsi sistemi kimi qiymətləndirdilər. Sazişin imzalanmasından sonra ABŞ hökuməti Azərbaycanın müəllifi olduğu enerji marşrutlarının sırasının daha da genişlənməsini xüsusilə təqdireədən bir bəyanatla çıxış etdi. ABŞ dövlət katibi Hillari Klinton Türkiyə və Azərbaycan arasında imzalanmış qaz tranzitinə dair sazişi alqışlayaraq, nəql olunacaq yanacağın bölgədə geniş əməkdaşlıq formatının güclənməsinə, təhlükəsizlik şəbəkələri sisteminin möhkəmlənməsinə səbəb olacağını diqqətə çatdırdı. Həmin saziş "Cənub dəhlizi" enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni-yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açdı və bunun davamı, məntiqi sonluğu TANAP-ın imzalanması oldu.
TANAP layihəsi bölgə dövlətləri üçün hansı siyasi və iqtisadi məna daşıyır, saziş dünyanın enerji arxitekturasında nə kimi fundamental dəyişikliklərə səbəb ola bilər?! Qeyd etdiyimiz kimi Azərbaycanla Türkiyə bu mühüm sazişi imzalamaqla dünya siyasi və iqtisadi tarixinə ən mühüm hadisə kimi möhür vurdu. Bu sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqlini nəzərdə tutur. Yəni TANAP "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir. Ən əsası isə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq perspektiv proqramdır. Maliyə baxımıdan isə, regionda analoqu olmayan layihə sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, TANAP layihəsi Türkiyə ilə Azərbaycanın maliyyə və texniki imkanları hesabına reallaşacaq və beş il müddətinə başa çatması nəzərdə tutulan layihənin dəyəri 7 milyard dollardır. Bu, artıq layihənin hansı "coğrafi imperiyaya" malik olmasının göstəricisidir.
TANAP layihəsinin seqmentleri o qədər genişdir ki, burada hər bir təchizatçıya geniş yer var, o cümlədən, Rusiya və İran da bu layihəyə qoşulmaqla nəhəng bir qaz platforması yaratmış ola bilər. Yəni bu marşrutlar şəbəkəsi ilə Avropaya il ərzində 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar, bu isə illik 50-60 milyard kubmetr təbii yanacaq deməkdir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, bu layihəyə Xəzərin qərb sahilindəki ölkələrin qoşulması ilə 50 milyard kubmetr qaz nəqlinə nail olmaq lazımdır. Demək, burada Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycan, Rusiya, Gürcüstan, Rumıniya, Bolqarıstan, Macarıstan, Yunanıstan, İtaliya və digər dövlətlərin yer alması realdır. Şimal qonşumuz Rusiyanın bu layihəyə qoşulması reallaşdığı halda, Cənub qaz dəhlizi ilə vəhdət təşkil edən böyük bir kontinental sistem yaranmış olacaq. Rusiya öz nəzarətində olan qaz marşrutlarının bu vahid şəbəkəyə cəlb edilməsinə xoş niyyət nümayiş etdirməklə regionda geniş sabitlik, təhlükəsizlik dəhlizinin yaranmasına səbəb ola bilər. Bütün bu hədəflərin real konseptləri isə, təbii ki, TANAP layihəsinin vektorial prinsipləri ehtiva edir. Bir sözlə, TANAP regional layihələrin açarı kimi də tarixə düşə bilər.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...