Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Regional İqtisadi
Perspektivlər hesabatında avrozonadakı böhranın daha da dərinləşdiyi və artıq zona
ölkələrinin sərhədlərini aşdığı bildirilir. Hesabatda qeyd olunur ki, avrozona böhranı
Şərqə doğru genişlənir, Rusiya iqtisadiyyatı çökmək ərəfəsindədir; neft ucuzlaşmaqda
davam edərsə, fəlakət Azərbaycana da çata bilər.
Avrozonadakı böhranın sərhədləri genişlənir
Avrozona böhranının mənfi təsiri Şərqə yayılır və özünü xammalın
qiymətlərinin, tələbatın azalmasında göstərir. Bu tendensiyalar hazırda daha çox
Rusiya iqtisadiyyatına mənfi təsir göstərir.AYİB-dən, həmçinin, bildirilib ki, bu il ərzində Sloveniya,
Macarıstan və Xorvatiyada iqtisadi artım zəifləyib. Eyni zamanda, Rumıniya və Serbiya
iqtisadiyyatında da zəifləmələr müşahidə olunur. Polşa və Slovakiyada isə, əksinə
olaraq, inkişaf edib.Bankın proqnozları qlobal böhranın əhatə dairəsinin genişlənəcəyini
bir daha təsdiqləyir. Böhranın sərhədləri genişlənəcəyi təqdirdə, Azərbaycan iqtisadiyyatı
hansı təsirlərə məruz qala bilər?
Böhran yalnız rezervlərə təsir göstərə bilər
Gözlənildiyi kimi, baş verənlər Avrozonanın sərhədlərindən
kənara çıxdı. İqtisadçı-ekspert Vüqar Bayramov bunu Şərq ölkələrinin Avropa ölkələri
ilə sıx iqtisadi əlaqələri ilə əlaqələndirib. Bu isə, birmənalı şəkildə, onların
Avrozonadakı maliyyə böhranından təsirlənməsinə gətirib çıxarıb.İqtisadi ekspert avrozonada baş verən böhranın Azərbaycana
mənfi təsir göstərəcəyini düşünmür: "Əvvəla, burada baş verən böhran daha çox
səhm və maliyyə bazarında baş verən böhrandır. Azərbaycanın səhm və maliyyə bazarı
isə Avropanın səhm və maliyyə bazarından ayrı formalaşdığı üçün bu böhranın ölkəmizə
təsir imkanları, demək olar ki, yoxdur. Eyni zamanda, Azərbaycan səhm bazarı yeni
formalaşdırılan bir bazardır. Bununla belə nəzərə alsaq ki, Azərbaycan rezervlərinin
təxminən 30 faizi Avropada saxlanılır. Azərbaycan üçün böhranın əsas təsiri məhz
avronun məzənnəsinin aşağı düşməsi ola bilər. Bu da avro ilə saxlanılan rezervlərin
dəyərlərinə təsir göstərir ki, bu zaman Azərbaycan itkilərlə üzləşə bilər. Eyni
zamanda, Azərbaycanın bütövlükdə ixrac dövriyyəsinin 65 faizi məhz Avropa Birliyinin
payına düşür. Baxmayaraq ki, onun böyük hissəsi neft məhsullarının payına düşür,
bütün hallarda Avropadakı maliyyə böhranının dərinləşməsi Azərbaycanın maraqlarına
uyğun deyil. Hələlik, böhranın ölkə iqtisadiyyatına hər hansı bir mənfi təsir göstərəcəyi
proqnozlaşdırılmır. Yalnız rezervlərə təsir göstərə bilər".
Rusiyada maliyyə böhranı olarsa...
Avrozonadan ən çox ziyan çəkən ölkələrdən biri də Rusiya olacaq.
Çünki Rusiya Avropanın səhm bazarına sıx şəkildə inteqrasiya olunub. Bundan başqa,
Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə Rusiya iqtisadiyyatına inteqrasiya olunub.
Rusiyada iqtisadi durum isə sürətlə pisləşməyə doğru gedir. Rusiya iqtisadiyyatı
çökərsə, bunun Azərbaycana təsirindən danışan ekspertin sözlərinə görə, Rusiyada
maliyyə böhranı baş verərsə, bu, Avropadan fərqli olaraq, Azərbaycana mənfi təsir
göstərə bilər: "Təbii ki, bunun Azərbaycanın makroiqtisadi göstəricilərinə
birbaşa təsiri olmayacaq. Sadəcə, Azərbaycanda müəyyən sektorlara təsir göstərə
bilər. Çünki Rusiyada işləyən və Azərbaycanda yaşayan ailəsinə pul göndərən soydaşlarımızın
sayı minlərlədir. Bu isə Rusiyadan Azərbaycana daxil olan vəsaitin azalmasına səbəb
ola bilər. Rəsmi məlumatlara görə, hər il Rusiyadan Azərbaycana 1 milyard manatdan
artıq vəsait daxil olur. Hətta Rusiya mətbuatı bu rəqəmin 3 milyard dollara yaxın
olduğunu bildirir. Bütün hallarda rəsmi rəqəmlərə istinad etsək, 1 milyard dollar
heç də kiçik məbləğ deyil. Bu pullar daha çox bölgələrdə yaşayan əhalinin Rusiyada
yaşayan qohumları tərəfindən onlara göndərilir. Ümumiyyətlə isə, bütövlükdə, Azərbaycan
iqtisadiyyatına başqa bir formada təsir etmə imkanına malik olmayacaq".
AYİB Azərbaycan üzrə iqtisadi artım proqnozunu da yeniləyib
AYİB-in tərtib etdiyi yeni hesabata əsasən, 2012-ci ildə Azərbaycanda
ÜDM-in artım tempi 2,5%, 2013-cü ildə isə 3% təşkil edəcəyi gözlənilir. Hesabatda,
həmçinin, qeyd olunub ki, Azərbaycan qlobal maliyyə böhranını uğurla adlayıb. Lakin
hazırda ölkədə iqtisadi artım tempi zəifləyib. Bu da ölkədə neft hasilatının azalması
ilə əlaqədardır.Qeyd edək ki, Dünya Bankının proqnozlarına, əsasən, Azərbaycanda
iqtisadi artım 2012-ci ildə 3,1%, 2013-cü ildə 4,4%, Asiya İnkişaf Bankının proqnozlarına
görə isə, müvafiq olaraq, 4,1% və 3,5% təşkil edəcək.
Cabir