Bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək
Yenə də Avrozonanın iflası yönündəki proqnozlar yaxşı heç nə vəd etmir. 2008-ci ildəki qlobal maliyyə böhranını öncədən təxmin edən tanınmış iqtisadçı-alim Nutiel Rubin vəziyyətin bu cür davam edəcəyi təqdirdə, Avrozonanın yalnız 6 aylıq ömrünün qaldığını söyləmişdir. Sonra tamamilə ya da qismən bir çöküşün reallaşacağını bildirmişdir. Avrozonanın və avronun "dəfn edilməsi" ssenariləri ilk dəfə səsləndirilmir. Digər tərəfdən bir çox mütəxəssis avronun unudulub getməsinin mümkün olmadığına əmindirlər. Çünki avro dünya üçün imtina edilməz olan dolların bir alternativdir.
Uğursuzluğun göstəriciləri
Avroya şübhə ilə yanaşanlar, alınan ortaq pul vahidi qərarının iqtisadi deyil, daha çox siyasi olduğuna işarə edirlər. "Rusiyanın Səsi"ndə yer alan xəbərdə bildirilir ki, FBK Analitik Departamentinin direktoru İqor Nikolayevin sözlərinə görə, Avrozona layihəsi böyük layihə idi və baş tutdu, lakin bölgəni yeni iqtisadi inkişafa təşviq etmədi: "Avrozona hər şeydən əvvəl, siyasi məqsədlər üçün yaradılmışdı. Avrozonanın yaradılmasından 8-10 il əvvəl və sonrakı dövrlərinin ixracat, idxalat, ümumi daxili məhsulun ortalama illik göstəricilərin dinamikliyini araşdırdıq, müqayisə etdik. Gözə dəyəcək hər hansı uğur görmədik. İxracatla idxalata gəlincə, göstəricilərdə belə qeydə alınıb".
Ümumiyyətlə, Avrozona yaradılarkən ilk öncə dolların alternativi olaraq qəbul edilməmişdi. Bu, hər şeydən əvvəl, Almaniyanın Avropa Birliyi bazarlarında nəzarətinin gücləndirilməsinə yönəldilmiş layihə idi. Bundan başqa, Almaniya iqtisadiyyatları sürətli inkişaf edən Asiya və Latın Amerikası ölkələrinin güclənməsinə hər hansı bir formada cavab verməli idi.
Çıxış mexanizmini heç kim düşünməyib
Bəzi analitiklərə görə, Avrozona ölkələrinin milli pul vahidlərinə geri dönməsi avro böhranından çıxış üçün kifayətdir. Amma problem budur ki, "razılaşmalı ayrılma" qeyri-mümkündür. Avrozona yaradılarkən, bölgədən çıxış mexanizmini heç kim düşünməmişdi. Ayrılmaq üçün 15 il ərzində qurulan iqtisadi bağların qırılması zəruri olacaq. Avropa şirkətlərinin səhmləri, bağlanan müqavilələr, bütün bunların milli valyutaya çevrilməsi xeyli zaman və vəsait tələb edir. Daha başqa, bir əhəmiyyətli nöqtə var. "Avrozonanın dağılması" anlamı çox geniş bir şəkildə şərh olunur. Avropada vahid pul məkanının parçalanması üçün üzv ölkələrin yarısının zonadan çıxması və ya Fransa və Almaniyanın inkişaf etmiş iqtisadiyyatlarının ayrılması lazımdır.
Avro sıradan çıxacağı təqdirdə
İqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, Avrozonanın dağılması AB-nin həm iqtisadi, həm də siyasi maraqlarına uyğun deyil: "İqtisadi baxımdan ona görə maraqlı deyil ki, Avrozonanın dağılması AB-də olan bir sıra ölkələrin qısa zamanda müflis olmasına gətirib çıxara bilər. Çünki zonanın dağılması üzv ölkələrin öz milli valyutalarını dövriyyəyə buraxması deməkdir. Avronun sıradan çıxacağı təqdirdə, rezerv olaraq alman markasına keçəcək. Bu isə seqment baxımdan çətindir. Həm də valyuta məzənnələrinin azalmasında problemlər yaradacaq. Bu da AB-nin maraqlarına uyğun deyil. Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, vahid valyutanın dövriyyəyə buraxılması AB-yə Vahid Avropa Evi yaradılması mövzusunu gündəmdən çıxaracaq. Bu da AB-nin siyasi əhəmiyyətini də azaldacaq. Psixoloji tərəf isə ondan ibarətdir ki, AB-yə dünyanın aparıcı aktorlarından biri kimi inamın azalmasına gətirib çıxaracaq. Ona görə də, yaxın 6 ayda Avrozonanın dağılacağını güman etmirəm".
Ekspert bildirir ki, ehtimalı az olsa da, əgər Avrozona dağılarsa, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək: "Cüzi təsiri isə iki istiqamətdə ola bilər. Birincisi, Azərbaycanın dövlət rezervlərinin 30 faizi avro ilə saxlanılır. Avrozona dağıldıqda avronun və dövlət rezervlərinin dəyərsizləşməsinə gətirib çıxara bilər. Digər təsir isə dolayı təsirdir ki, Avropada iqtisadi problemlərin genişlənməsi səbəbindən neftə olan tələbatın azalması və neftin bazarda qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın dövlət gəlirlərinin azalması baş verə bilər. Bunların hər ikisi isə dolayı təsirlərdir. Çünki Azərbaycan iqtisadiyyatı Avropa Birliyi iqtisadiyyatının tərkib hissəsi deyil".
CABİR
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...