Respublikamızın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65 faizə yaxındır
Mərkəzi Bank (MB) 2012-ci ilin birinci yarısı üzrə "Pul siyasəti icmalı"ı açıqlayıb. MB-nin icmalında ölkəmizin maliyyə sabitliyinin dayanıqlılığı, güclü maliyyə ehtiyatlarının davamlı artımının baş verməsi qeyd olunur. Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını təmin edib. Ölkəmizin strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artaraq, 45 milyard dollara çatıb. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65 faizə yaxındır. Bu, inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricidir. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 24-30 faizini təşkil edir. Neftlə zəngin olan ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Demək Azərbaycan hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Bu, göstəriciləri sırasında ən yüksək göstərici MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Qeyd olunan faktor, yəni güclü maliyyə-valyuta rezervləri ölkənin davamlı inkişafı üçün uzunmüddətli zəmanətdir.
Azərbaycan hazırda strateji valyuta ehtiyatlarının həcminə görə, regionda ən yaxşı göstəriciyə malikdir. Ölkəmiz valyuta rezervlərinin həcminə görə, Gürcüstanı 20 dəfə, bədnam qonşumuz Ermənistanı isə 29 dəfə üstələyir. Onu da qeyd edək ki, güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borc müqabilində etibarlə makroiqtisadi sabitliyini möhkəmləndirir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borc göstəricisindən 7 dəfə çox olması ölkəmizin etibarlə makroiqtisadi sabitliyinin ən başlıca göstəricilərindən biri hesab oluna bilər. Halbuki MDB regionunda əksər ölkələrin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir, hətta bəzən çoxdur.
Onu da nəzərə almaq lazımdır ki, respublikamızın ümumi strateji maliyyə rezervlərinin formalaşmasında başlıca rolu neft ixracı amili oynayır və son 2 ildə neft istehsalının və nəqlinin azalması baş verib, ancaq buna baxmayaraq, ölkəmizin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Bu, həqiqətən, respublikamızda həyata keçirilən çevik və çoxvektorlu maliyyə siyasətinin, düşünülmüş uzaqgörən strategiyanın məntiqi nəticəsi sayıla bilər. Azərbaycan hökuməti digər iqtisadi resursların istehsalını və nəqlini artırmaqla, həmçinin, dünyanın nüfuzlu maliyyə qurumlarında saxlanılan valyuta sərvətlərinin səmərəli idarə olunması sayəsində mühüm irəliləyişlərə nail olub.
Hazırda dünyada investorların maliyyə ehtiyacları ilə üzləşdiyi bir vaxtda Azərbaycan güclü investor kimi dünya bazarına daxil olur. Avropanın inkişaf etmiş ölkələri valyuta rezervlərinin tükəndiyi və donorların kreditlərindən asılı düşdüyü bir ərəfədə Azərbaycan potensial netto-maliyyə bazasına malik ölkə kimi dünyada irimiqyaslı sərmayə proqramlarına yönəldir. Qarşıdakı inkişaf erasının tələblərinə uyğun olaraq, Azərbaycan öz milli valyuta rezervlərini maliyyə və qiymətli kağızlar bazarının digər alətlərinə, xüsusilə də, qeyri-valyuta alətlərinə (səhm, istiqraz, daşınmaz əmlak və qızıl) yerləşdirəcək ki, bu da respublikamızın strateji valyuta ehtiyatlarının pozitiv arıtımı üçün əla fürsət sayıla bilər. İndiyədək DNF-nin vəsaitlərinin 95%-i əsasən dollar, avro və funt-sterlinqində yerləşdirilirdisə, perspektiv ssenarilərə uyğun olaraq valyuta portfelinin strukturu daha da genişlənəcək və vəsaitlərin Rusiya və Türkiyə valyutalarına da yerləşdirilməsi mümkünləşəcək. Vvəsaitlər, həmçinin, beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərə də yatırılacaq. Bu, həddindən artıq radikal addımdır və Azərbaycanın dünya maliyyə bazarlarına genişmasştablı daxilolması kimi izah olunmalıdır.
Respublikamızın 2012-2020-cü illəri əhatə edəcək yeni inkişaf tarixi zəngin valyuta sərvətlərinin ölkəmizə daxil olmasının fonunda, sözsüz ki, bütün sahələr üzrə yüksək sıçrayışlarla müşayiət olunacaq mərhələ kimi qiymətləndiriləcək. Makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması qarşıdakı illərdə hökumətin fəaliyyət strategiyasının ana xətlərindən biri olacaq. Qarşıdakı on ildə Azərbaycanın strateji valyuta ehtiyatları 100 milyard dollara çatacaq.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...