Respublikamız MDB-də orta aylıq əməkhaqqı səviyyəsinə görə, üçüncü yerdə durur
Məlum olduğu kimi, MDB Statistika Komitəsi bilik ölkələrində orta aylıq əmək haqqı səviyyəsi ilə bağlı statistikanı açıqlayıb. Məlumatda qeyd olunur ki, birlik ölkələri arasında orta əmək haqqı səviyyəsinə görə Rusiya liderdir - 23,7 min rubl (795 dollar). İkinci yerdə Qazaxıstan (92,2 min təngə (təxminən 630 dollar)), üçüncü pillədə Azərbaycan yer alıb (368 manat (təxminən 470 dollar). Statistika İdarəsinin məlumatında orta aylıq əmək haqları ilə bağlı göstəricilər təxminən ilin ilk 5 ayını əhatə etsə də, son 2 ayda Azərbaycanda maaşlarla bağlı artımın dinamikası ölkəmizə dair göstəricinin, əslində, daha yüksək olduğunu göstərir. Belə ki, Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında ölkəmizdə orta aylıq əmək haqqı 8,3 faiz artaraq 384,5 manata (təxminən 500 dollar) çatıb.
Orta aylıq əmək haqınını artımı, təbii ki, ölkədəki iqtisadi inkişafın sosial məzmununun göstəricisidir və sosioiqtisadi reformaların uğurla həyata keçirilməsini təsdiqləyir. Ümumiyyətlə, iqtisadi və sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli çevik və mükəmməl iqtisadi strategiya nəticəsində, sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya 2012-ci ilin ötən dövrü ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir.Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır.
Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində bütün sosial kateqoriyaların yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib. 2003-2012-ci illər ərzində ölkəmizdə makroiqtisadi və sosial sabitliyinin qorunub-saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlər davam etdirilib. Ümumiyyətlə, sosial rifah çoxkomponentli məzmun daşımaqla həm də formaca geniş spektrlidir. Sosial yüksəlişin təkanverici faktoru kimi liberal islahatların məqsədyönlülüyünü və azad rəqabət şəraitində ölkədəki yaşayış imkanlarını yaxşılaşdıran sosial qrupların gəlir əldə etmək münasibliyini də xüsusi olaraq nəzərə almaq gərəkdir. Bu isə nəticə etibarilə yaxşı yaşayışın simvollarından biri olan orta təbəqənin formalaşması ilə sıx bağlıdır.
Sosial sahədə islahatlar prosesi dərinləşdikcə dövlət vətəndaşların sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması üçün üzərinə götürdüyü öhdəlikləri tam məsuliyyəti ilə həyata keçirir, sosial reformaların bütün elementlərinin tətbiqini dərinləşdirir. Cənab İlham Əliyev ölkədə güclü sosial müdafiə sisteminin qurulmasına nail olub. Vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması ilə bağlı məqsədyönlü işlər görülüb. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
2003-2012-ci illər Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər.2003-cü ildən başlayaraq iqtisadiyyatda yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyillərini daha da sürətləndirdi, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ümumiyyətlə, İlham Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və dövlət başçısı buna ötən illərin güclü sosial müdafiə konsepsiyasının uğurlu nəticələri ilə nail oduğunu təsdiq etmiş olur.
Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd edək ki, dövlət başçısının pensiyaçıların və digər sosial kateqoriyaların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirmiş olub. Pensiyaların artımı ölkəmizdə 1 milyondan çox vətəndaşa şamil olunub və bununla da ölkəmizdə orta pensiya məbləği pensiyalarının baza hissəsi 150 dolları ötüb. Ümumilikdə, sosial sektorda pensiyaların və minimum əməkhaqlarının artım dinamikasına nəzər saldıqda, Azərbaycan hökumətinin son 8 ildə bu istiqamətdə intensiv və əhatəli tədbirlər həyata keçirdiyini görmək olar. Ötən müddət ərzində Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 6 dəfə artıb. Qeyd etdiyimiz kimi, hazırda ölkəmizdə orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da respublikamızın həmin göstərici üzrə MBD ölkələrinin əksəriyyətini üstələdiyini təsdiqləyir. Məsələn, pensiyaların orta aylıq həcmi Ermənistanda 21,6 dollar, Belarusda 82,1 dollar, Qazaxıstanda 124,2 dollar, Qırğızıstanda 17,1 dollar, Moldovada 48,5 dollar, Rusiyada 98 dollar, Tacikistanda 18,3 dollar, Özbəkistanda 55,3 dollar, Ukraynada 89,8 dollar, Qazaxıstanda 170 dollar təşkil edir. Azərbaycan bu göstəriciyə görə, MDB məkanında Qazaxıstandan sonra 2-ci yeri tutur.
Onu da qeyd edək ki, 2012-ci ilin büdcə layihəsində sosialyönümlü xərclərin həcmi əvvəlki illə müqayisədə daha da artırılıb. Bu isə, onu göstərir ki, ölkəmizdə minimum əməkhaqqının, pensiyaların, müavinətlərin və maaşların artırılması davamlı xarakter daşıyır. Ümumiyyətlə, büdcə layihələri hazırlanarkən strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu komponentlər 2012-ci ilin büdcə zərfinin başlıca makroiqtisadi və sosial indikatorlarını təşkil edir.
Hazırda respublikamızda reallaşdırılan iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, ölkə Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetidir. Prezident İlham Əliyev bəyan edib ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...