Dövlət işçilərin gələcək layiqli sosial həyat tərzinin təmin olunması üçün sistemli tədbirlər görür
Azərbaycan hökuməti iqtisadi inkişafın yeni mərhələsində yeni meyarlara, innovativ iqtisadiyyatın tələblərinə cavab verən texnokrat cəmiyyət quruculuğunu təmin etməyi əsas hədəf seçib. Bu meyarların əsas komponentləri keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi, sosial bərabərlik və digər proqressiv elementlərdən ibarətdir. Prezident İlham Əliyev bu meyarlara çatmaq üçün respublikamızın uzunmüddətli yeni inkişaf strategiyasının hazırlanmasını əsas hədəflərdən hesab edir. Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasətin əsas bazislərindən biridir.
Qeyd etdiyimiz kimi, insanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, xüsusilə də, müəssisə və təşkilatlarda işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təxirə salınmaz tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında sosial müdafiə tədbirlərindən danışarkən, vətəndaşların müəəssisə və təşkilatlarda hələ də qeyri-rəsmi çalışmalarına xüsusi diqqət çəkərək əmək bazarında mövcud olan nöqsanlardan bəhs edib: "Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha da güclü olmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir... Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən, pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə".
Dövlət başçısı hesab edir ki, məşğulluq strategiyasına uyğun olaraq, hər bir müəssisə və təşkilatda çalışan insanın güclü sosial müdafiəsi və təminatı həll edilməlidir. İşə götürülən hər bir kəs sosial və qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün sosial təminat mexanizmlərinə malik olmalıdır. Bu meyarlar ölkənin Ali Qanunun da təsbit olunub.
Ölkə Konstitusiyası hər bir kəsin məşğulluğunun təmin edilməsinin dövlətin əsas məqsədlərindən biri kimi özündə ehtiva edir. Ali Qanunda çox mühüm müddəalar bu siyasətin dövlət üçün hansı dərəcədə önəmli olmasının əyani sübutudur; "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır", "İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır", "Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir" və digər müddəalar dövlət siyasətində məşğulluğa güclü maddi və mənəvi dəstək verildiyni ehtiva etmiş olur. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu məşğulluğun təmin olunması üçün konkret hədəflər müəyyən olunub.
Milli Məşğulluq Strategiysasının (MMS) hazırlanması və həyata keçirilməsi isə ölkəmizin sosial həyatında çox mühüm pozitiv dəyişikliklərə gətirib çıxarıb. Bu Strategiyanın məqsədi əməyin sosial səmərəliliyini artırmaq və əmək resurslarından daha səmərəli istifadə etməkdən ibarət olub. Strategiyanın əsas vəzifələrindən biri iş tapmaqda çətinlik çəkənlər üçün iş yerlərinin yaradılması və xüsusi müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsi olub. Bu siyasət, həm də ünvanlı sosial yardım və fəal addımlarla sosial müdafiəni təmin etməyə və ümumilikdə, yoxsulluğu azaltmağa, eyni zamanda, işsizliyin səviyyəsini aşağı salmağa və əhalinin sosial rifahını yüksəltməyə yönəlmişdir. Buna görə əmək bazarını təhlil etməyə, onun ehtiyaclarını öyrənməyə, peşə təlimlərinin təşkilinə, və ümumilikdə, əmək bazarının ehtiyaclarını öyrənib inkişaf etdirməyə səbəb olub.
Son günlər ölkədə əsas aktual mövzu kimi məhz işçilərlə əmək müqavilələrinin bağlanması məsələsinə diqqət verilməsi də məhz yuxarıdakı fikirlərə söykənir. Yəni, hökumət əmək müqavilələrinin bağlanmasını ən mühüm vacib məsələ hesab edir və bunu sosial siyasətin başlıca tələblərindən biri sayır. Sirr deyil ki, bir sıra hallarda işçi ilə işəgötürən arasında gizli razılaşma əldə olunur və belə razılaşmalar nəticəsində uduzan tərəf işçi və dövlət olur. Vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəmələr yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə pozulur, dövlətə milyonlarla ziyan dəyir. Əmək müqaviləsinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsi deyil, həm də vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir. Pensiya - müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əməkhaqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır.
Azərbaycanda əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə, o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalı və sosial sığorta şəhadətnaməsi almalıdır. Gələcəkdə normal pensiya almaq istəyən hər bir kəs daha çox sosial sığorta haqqının ödənilməsinə çalışmalıdır. Hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əməkhaqqının 22%-i miqdarında DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir. Üstəlik, hər bir işləyənin əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur.
Vətəndaş işə başlayarkən aldığı əməkhaqqının tam məbləğdə mühasibat sənədlərində göstərilməsini tələb etməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bunun üçün işçilər öz hüquqlarını dərindən bilməli və onu qorumağı bacarmalıdır. Belə olan halda, dövlət orqanlarının da işi asanlaşmış olar. Əmək müqaviləsi bağlanmadıqda və aylıq əməkhaqqı düzgün göstərilmədikdə, hər hansı bir mübahisə yaranarsa, işçi faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu itirir. İşçinin əmək müqaviləsi olmadıqda, işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər. Bu zaman işçi Əmək Məcəlləsinin 68-76-cı və 77-84-cü maddələrində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi şərtlərinə əməl olunmadan və müavinətlər ödənilmədən şifahi surətdə işdən azad edilir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən sosial və vergi nəzarəti tədbirləri həyata keçirilir. Əgər işəgötürənlər onlara verilən icrası məcburi olan göstərişləri vaxtında yerinə yetirmədən əvvəlki kimi fəaliyyət göstərsələr, o zaman həmin təşkilatlarla bağlı qəti ölçü götürülür və bu barədə məlumatlar hüquq-mühafizə orqanlarına, müvafiq dövlət təşkilatlarına təqdim edilir, onların məsuliyyətə cəlb edilməsi məsələsi qaldırılır. Qeyd etdiyimiz kimi, bu tədbirlərin bir məqsədi var: işçilərin sosial təminatının yaxşılaşması, onların gələcək layiqli sosial həyat tərzinin təmin olunması.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...