Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikasının yeni başladığımız 2013-cü ildə daha da sürətlənəcəyi, maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın sosial-iqtisadi hədəfləri tammiqyaslı şəkildə yerinə yetirəcəyi proqnozlaşdırılır. Yeni ilin makroiqtisadi və makrososial inkişaf proqnozlarına əsasən, 2013-cü ildə ölkədə güclü maliyyə sabitliyi potensialı möhkəmlənəcək, inflyasiyanın birrəqəmli həddə saxlanması və iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsi əsas məqsədlərdən olacaq. Ölkədə sosial infrastruktur, investisiya layihələrinin davamlılığının təmin olunması, sosial proqramların icrasının genişləndirilməsi əsas prioritetlərdən olacaq.
Gələn il Azərbaycanda iqtisadi artım tempinin kəskin artması gözlənilir.
Azərbaycan hökumətinin rəsmi proqnozlarına əsasən, 2013-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 54 milyard manat, iqtisadi artımın isə 8,5 faiz olacağı gözlənilir.Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkədə iqtisadi artım tempi 1,3 faiz təşkil edib. Rəsmi proqnozlara görə isə ilin sonunadək bu rəqəm 2,5 faizə qədər yüksələcək. 2013-cü ildə iqtisadi artım tempinin bu ilə nisbətən 3 dəfədən çox artacağı gözlənilir. Hökumətdən verilən məlumata görə, belə kəskin artım dövlət investisiyalarının artacağı ilə bağlıdır. Artım tempinin yüksəlməsi özünü inflyasiya göstəricilərində də büruzə verəcək. Hökumətin proqnozlarına görə, 2013-cü ildə ölkədə inflyasiya 6,3 faiz səviyyəsində gözlənilir ki, bu da hökumətin ötən il 2013-cü il üçün verdiyi ilkin proqnozdan artıqdır.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadi inkişafı sürətləndirməklə yanaşı, respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illərdə geniş miqyas alan islahatlar ölkəmizdə bütün iqtisadi bölmələrdə idarəetmə sisteminin beynəlxalq standartlara çatmasına səbəb olub. Həyata keçirilən bu tədbirlər nüfuzlu tədqiqat institutlarının hazırladığı rəy sorğularında və hesabatlarda öz müsbət təsdiqini tapmaqdadır. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə iqtisadi-ticari münasibətləri genişləndirməsi qeyd olunan hesabatlarda əsas nailiyyətlər kimi səciyyələndirilir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dünya dövlətlərinin 2012-1013-cü illərə dair hesabatında bir sıra dövlətlərin iqtisadi vəziyyətində müəyyən irəliləyişlərin olması, eyni zamanda, bəzi ölkələrin iqtisadi geriləməyə məruz qalacağına dair proqnozlar öz əksini tapıb. Qurumun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə ekspertlər qrupunun qənaətinə görə, ümumilikdə, hesabata daxil olan dövlətlərin əksəriyyəti böhranın təsirləri ilə bağlı mənfi tendensiyalardan xilas ola bilməyəcək. Qeyd olunan dövlətlərdə ən azı 1,5 faiz iqtisadi geriləmə müşahidə olunacaq. Ən çox iqtisadi geriləmə Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanda qeydə alınacaq. Ermənistan böhranın zərərlərini ən çox hiss edən ölkə kimi iqtisadi cəhətdən dözülməz vəziyyətə düşüb. Son 7 ildə bu ölkənin iqtisadiyyatında 15 faizdən çox geriləmə qeydə alınıb. Təşkilat digər postsovet ölkələrində, Qazaxıstan və Rusiyada bəzi neqativ halların müşahidə olunmasına diqqət çəkərək bu dövlətlərdə xarici maliyyə və bank təşkilatlarının passiv rol oynamasını da qeyd edir. Bu isə həmin ölkələrin tamamilə daxili maliyyə qurumlarının təsiri altına düşməsinə gətirib çıxaracaq. Nəticədə, bu ölkələrdə kredit dərəcələri kəskin şəkildə yüksələcək, iqtisadi sahəyə təsirləri hiss olunacaq. Xüsusilə də, tikinti şirkətləri kredit faizlərinin yüksək olması ucbatından ciddi problemlərlə üzləşəcək.
AYİB 2013-cü ildə iqtisadi artımın davam edəcəyini və 2012-ci illə nisbətdə daha yüksək inkişaf indikatorlarının qeydə alınacağı proqnozlaşdırır. Belə ki, ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə ümumi daxili məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. İqtisadi artım qeyri-neft sektoru hesabına baş verəcək. Neftdən kənar sahələrin sektorial artım dinamikası ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə artımı üçün real zəmin yaratmış olacaq.
AYİB Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq bu qənaətə gəlib ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempi qorunub saxlanılıb. Təşkilat hesab edir ki, keçid dövrü ölkələrinin ümumi iqtisadi mənzərəsinin təhlili bütün dövlətlərin dünyada baş verən böhran meyillərinin təsirinə məruz qalmasını göstərir. Amma dünya bazarında baş verən tendensiyalar Azərbaycanın maliyyə bazarına o qədər də ciddi təsir etməyib. Azərbaycan dünyadakı böhran meyillərindən yan keçməyə müvəffəq olub. Bunun nəticəsidir ki, daxili maliyyə bazarı sabit qorunub saxlanılıb. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib.
Azərbaycanda ümumi daxili məhsulun inkişaf tempi 2005-ci ildən sonra daha yüksək indikatorlar üzrə artmağa başlayıb. 2005-2011-ci illər üzrə ÜDM-in artım temping görə, respublikamız dünyada ən yüksək göstəricilərdən birinə sahib olub. Adambaşına düşən ümumi daxili məhsulun artım tempinə görə, Azərbaycan dünyanın 181 ölkəsi arasında ilk sırada qərar tutub. Son 7 ildə bu göstərici 2,3 dəfədən çox artıb. Əgər 2005-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 min 456 dollar təşkil edirdisə, 2012-ci ilin əvvəlində bu göstərici 10 min 202 dollara çatıb.
Beynəlxalq Valyuta Fondunun ekspertlərinin fikrincə, Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı nikbin ssenarilər mövcuddur. Proqressiv meyillərin yaranmasında sabitlik faktoru mühüm rol oynayır. Sabitlik, iqtisadi-siyasi islahatlar və inkişaf bir-biri ilə üzvü surətdə bağlıdır. Qeyri-sabit olan ölkədə böhran meyillərinin qarşısını almaq çətin olur və nəticədə iqtisadi inkişaf zəifləyir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynamış olur.
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib. Respublikamız inkişaf dinamikasına görə, Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və də dayanıqlılıq müşahidə olunmuşdur. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifaha halı yaxşılaşıb.
Avropa Bankının ekspertlərinin rəyinə görə, Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin, həcminin, artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradıb.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...