Azərbaycan "Doing Business-2013" hesabatında bir sıra indikatorlar üzrə mövqeyini yaxşılaşdırdı
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) dünya ölkələrinin sosil-iqtisadi parametrlərinin əks olunduğu "Doing Business-2013" adlı növbəti hesabatını açıqlayıb. Hesabatda dünya ölkələrində biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə qiymətləndirmələr aparılıb. Azərbaycan yeni hesabatda ümumi reytinq üzrə ötən ilki mövqedə qərarlaşıb - 67-ci yer. Amma ayrı-ayrı sahələr üzrə qiymətləndimələrə əsasən, Azərbaycan çox irəliləyişlər əldə edib.
Respublikamız hesabatda mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində ən yaxşı vəziyyətin olduğu on ölkə arasında yer alıb. Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 185 ölkə arasında 9-cu yerdə qərarlaşıb və bu, ümumdünya göstəricilərinə tam uyğundur. Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergi inzibatçılığı (bir il əvvəlki 79-cu yerə qarşı 76-cı yer) və ödəyəbilməmə icazəsi (99-cu yerə qarşı 95-ci) kimi subpozisiyalarda daha yaxşı uğur qazanıb. Ölkəmizin digər göstəricilər üzrə də vəziyyəti xeyli yaxşıdır. Məsələn, Azərbaycan müəssisələrin qeydiyyatı üzrə 18-ci yer, vergiqoyma üzrə 76, kreditləşdirməyə görə, 53, ödəniş qabiliyyətinin olmamasının icazəsi üzrə 95, müqavilələrin yerinə yetirilməsinin təminatı ilə bağlı 25, investorların hüquqlarının müdafiəsi üzrə 25-ci yerdə qərarlaşıb. Ölkəmiz "biznesin başlanması" indikatoru üzrə 18-ci yerə layiq görülüb ki, bu da son 4 ildə ən mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Bundan başqa, investorların hüquqlarının müdafiəsi indikatoru üzrə yüksək yerdə qərar tutmaqla Azərbaycan cəlbedici sərmayə mühitinə malik ölkə olduğunu, eyni zamanda, sərmayədarların fəaliyyətinə geniş imkan yaratdığını təsdiqləmiş olur. Azərbaycan son illər biznesin idarə edilməsi üçün daha əlverişli normativ-hüquqi mühit yaradıb və bu göstərici üzrə ən yüksək inkişaf etmiş dünya dövlətləri ilə eyni cərgədə yer alıb.
Hesabatda vurğulanır ki, qlobal maliyyə və iqtisadi böhran fonunda əvvəlki illərin göstəriciləri ilə müqayisədə 2010-12-ci illərdə daha çox ölkə öz ödəniş qabiliyyətinin olmamasının həlli sistemlərini yaxşılaşdırıb. Bu islahatların əksəriyyəti Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESR) üzvü olan, gəlirlərin yüksək səviyyədə olduğu ölkələrdə reallaşdırılıb. Həmin ölkələr sırasında Azərbaycanın da yer alması bu sahə üzrə ölkəmizin güclü islahatlar həyata keçirdiyini təsdiqləyir.
"Doing Business-2013" hesabatında qeyd olunur ki, Azərbaycan son illər ərzində daha çox islahat aparmış ölkələr sırasına daxildir. Respublikamızda biznes üçün ən əlverişli mühitin təmin olunması istiqamətində son 5 ildə davamlı və pozitiv islahatlar həyata keçirilib. Biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına imkan verib. Bu tədbirlər nəticəsində Azərbaycan "Doing Business" hesabatlarında hər il mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda bildirilir ki, Azərbaycan regionun aparıcı dövlətlərindən biridir və yüksək reytinqə malik ölkələr sırasında yer tuta bilər.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadi inkişafı sürətləndirməklə yanaşı, respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illərdə geniş miqyas alan islahatlar ölkəmizdə bütün iqtisadi bölmələrdə idarəetmə sisteminin beynəlxalq standartlara çatmasına səbəb olub. Həyata keçirilən bu tədbirlər nüfuzlu tədqiqat institutlarının hazırladığı rəy sorğularında və hesabatlarda öz müsbət təsdiqini tapmaqdadır. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə iqtisadi-ticari münasibətləri genişləndirməsi qeyd olunan hesabatlarda əsas nailiyyətlər kimi səciyyələndirilir.
Azərbaycan dünyada ən əhatəli və kompleks islahatlar aparmaq iqtidarında olan ölkədir. Son bir ildə bu islahatlar sahibkarlıq sektoru ilə yanaşı, başqa iqtisadi sahələri də əhatə etməkdədir. Xüsusilə də, "bir pəncərə" mexanizmi ümumilikdə sahibkarlıq sektorunda canlanmanı intensivləşdirib. Bu tendensiya Azarbaycanda biznesə olan marağın artması fonunda əlverişli investisiya mühitinin formalaşmasının təzahürü kimi qiymətləndirilə bilər. Dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin də bağlanmasına səbəb olsa da, respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib, buna görə də yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi çevik və praqmatik iqtisadi siyasət məntiqi nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və müsbət iqtisadi göstəricilər ölkəmizin lider mövqeyə çıxmasına zəmin yaradır.
Ümumiyyətlə, son illər beynəlxalq maliyyə institutları və ən nüfuzlu agentliklər tərəfindən hazırlanan reytinq cədvəllərində və hesabatlarda Azərbaycan davamlı islahatları sürətləndirən ölkə kimi qeyd olunur. Azərbaycan hökuməti dünya iqtisadiyyatına inteqrasiya, beynəlxalq əməkdaşlıq sahəsində islahatları dərinləşdirməklə yanaşı, işgüzar mühitin və əlverişli biznes atmosferinin təmin olunmasını, sahibkarlığa dəstəyin gücləndirilməsini, iş adamları üçün rəqabət sisteminin möhkəmlənməsini, idxal-ixrac əməliyyatlarında şəffaflığın daha da genişləndirilməsini və digər sahələr üzrə tədbirləri iqtisadi islahatların başlıca prioritetləri hesab edir. Azərbaycan digər hesabatlarda da islahatçı dövlət kimi qiymətləndirilir. Dünyanın ən nüfuzlu maliyyə institutları və reytinq agentliklərinin qiymətləndirmələrində respublikamızdakı işgüzar mühit, əlverişli biznes atmosferi öz əksini tapıb, rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi təqdir olunur.
Bir müddət əvvəl Dünya İqtisadi Forumunun da hesabatı açıqlanmışdı və hesabatda Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolu, dünya ticarətinə inteqrasiyası, idxal və ixracın stimullaşdırılması və digər elementlər qiymətləndirilib. Sənəddə, həmçinin, ölkələrin daxili və xarici bazarlara çıxışı, gömrük orqanlarının effektiv işləməsi, nəqliyyat və kommunikasiya infrastrukturu, həmçinin, biznes mühitinin indeksləri və yeri mühüm qiymətləndirilib. Həmin hesabatda Azərbaycanın reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...