Iqtisadiyyatımızda son illər baş verən sürətli inkişaf sahibkarlığın, kiçik və orta biznesin təşəkkül tapması, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurla reallaşdırılmasından xəbər verir. Vergi islahatları həyata keçirilərkən dövlət xərclərinin maliyyələşdirilməsi perspektivləri barədə məsələnin həlli mühüm əhəmiyyət kəsb edir. Respublikamızda vergi siyasəti bir sıra prinsiplər nəzərə alınmaqla həyata keçirir. Həmin prinsiplər bunlardır: vergi siteminin hüquqi bazasının yaradılması, vergi mədəniyyətinin formalaşdırılması, vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və. s. Vergi siyasətinin həyata keçirilməsi dövləti vergi islahatları aparmağa sövq edən əsas amillərdən biridir.
Qısa müddət ərzində ölkənin bu sahədə başlıca qanunvericilik aktının - Vergi Məcəlləsinin qəbul edilməsinə nail olunub. İnkişaf etmiş ölkələrdə hər 5 - 7 ildən bir əsaslı vergi islahatları, hər 2 - 3 ildən bir isə fəaliyyətdə olan vergi normalarının səmərəliliyinin hərtərəfli təhlili aparılır. Ölkədə aparılan vergi islahatlarının əsas məqsədi yeni istehsal -mülkiyyət münasibətləri şəraitində ölkə iqtisadiyyatının bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliliyini artırmaqdan, sosial-iqtisadi inkişafa şərait yaratmaqdan ibarətdir. Son illər ölkəmizin vergi qanunvericiliyində aparılan dəyişikliklər, sahibkarlarla vergi xidməti əməkdaşları arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına səbəb olmuşdur. Həmçinin, vergi nəzarətinin təkmilləşdirilməsi yolu ilə vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasının təmin olunması məqsədilə vergi orqanlarının inzibati strukturunda islahatların həyata keçirilməsi də zəruridir. Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun sivil vergi sistemi qurulmaqdadır. Dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud vergi sistemlərinin müqayisəsi, respublikamızda aparılan islahatları, görülən işləri daha dəqiq qiymətləndirməyə əsas verir. Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun həcmi gəlirinin 30-40 %-dən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi isə azalır. Bununla əlaqədar olaraq, dövlətin vergi siyasəti vergi yükünün optimal səviyyəsinə nail olmağa yönəldilir. Cari ilin birinci yarısında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 116,0 faiz əməl olunmuşdur. Yəni büdcəyə 2969,9 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 405 mln. manat və ya 15,8 faiz çox vəsait daxil olmuşdur. Bu zaman daxilolmaların 57,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 221,1 mln. manat və ya 15,7 faiz artmışdır. Bu göstəricilərə nəzər saldıqda, iqtisadiyyatın neftdən asılılığının azalmasının şahidi oluruq. Son dövrlərdə regionlardan vergi daxilolmalarında payı artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə regionlardan daxilolmalar 29,4 mln. manat və ya 14,9 faiz artmışdır. Bir sözlə, 2012-ci ilin birinci yarısında vergi ödəyicilərinin təxminən 72,2 faizi büdcə qarşısındakı vergi öhdəliklərini vaxtında icra etmişlər. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıqıdər. 2012-ci ilin birinci yarısı ərzində vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə əmlaklarının siyahıya alınması barədə 22816 sayda qərar açılmışdır və bunlardan 94,1% borclar ləğv edildiyinə görə bağlanılmışdır. Ölkəmiz son 10 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atıb. Ölkəmizdə 400 mindən çox vergi ödəyicisi var. Vergi xidməti Azərbaycanda elektron hökumətin qurulması prosesində fəal iştirakçılardan biridir. Nazirlik bu xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlayıb. Vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş Dövlət Proqramı həyata keçirilir. 2011-ci il iyulun 1-dən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin dövlət qeydiyyatı elektron formada həyata keçirirlər.
Ruqiyyə Cəfərova
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...