Zəngin neft-qaz ehtiyatlarına malik ölkə kimi Azərbaycan yanacaq-enerji resurslarının digər iqtisadi sahələrə yönləndirməklə neftdən kənar sahələrin inkişafını sürətləndirməyə nail olub. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının diversifikasiyası ilə bağlı siyasətin nəticəsi sayıla bilər. 2012-ci ilin ötən 9 ayı ərzində neftdən kənar sahələrin dayanıqlı inkişafı və xüsusilə də, qeyri-neft sənayesinin pozitivliyi uğurlu iqtisadi siyasətin əlamətləri kimi qiymətləndirilə bilər. Qeyd edək ki, ötən üç rübü ərzində qeyri-neft sektorunun artım dinamikaısı 11 faiz olub və digər bölmələrlə müqayisədə çox yüksək göstərici kimi səciyyələndirilə bilər.
İqtisadi inkişaf naziri Şahin Mustafayev 2013-2015-ci illərə dair sosial-iqtisadi inkişaf indikatorlarından bəhs edərək, bildirib ki, qarşıdakı üç il ərzində neft sektorunun payı 52,4 faizdən 22,4 faizə düşəcək. Ş.Mustafayev qeyd edib ki, hesabat dövründə qeyri-neft sektorunun payı müvafiq olaraq 47,6 faizdən 77,6 faizə qədər artacaq. Nazir qeyri-neft sektoru ilə bağlı həyata keçirilən siyasətin mühüm faydalar verdiyini və ölkəmizin gələcək inkişafının məhz həmin sektorun sürətli artım tempi sayəsində mümkün olacağını diqqətə çatdırıb. Qeyd olunduğuna görə, son səkkiz il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,2 dəfə artıb. Bu illər ərzində Azərbaycanda qeyri-neft sektorunun aparıcı bölmələrindən olan sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb.Nazir qarşıdakı 10 ildə isə qeyri-neft sektorunun 2 dəfədən çox artmasının proqnozlaşdırıldığını deyib. Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyillərinə görə, fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni modernizasiya elementlərinin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Burada, ilk növbədə, zəngin neft-qaz ehtiyatlarından əldə olunan gəlirlərin digər iqtisadi sahələrə yönəldilməsi ilə neftdən kənar sahələrin inkişafını xüsusi qeyd etmək olar. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının diversifikasiyası ilə bağlı siyasətin nəticəsi sayıla bilər.
Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominatlığını möhkəmləndirməkdən ibarətdir. Prezident İlham Əliyev növbəti 10 il ərzində neft və qaz hasilatını sabit saxlamaqla iqtisadiyyatın artımının qeyri-neft sektoru hesabına təmin edilməsinin başlıca məqsədlərdən olduğunu bildirib. Ölkəmizin uzunmüddətli iqtisadi inkişaf doktrinasına uyğun olaraq qarşıdakı illərdə neftdən kənar sahələrdə iqtisadi artım və fəallıq daha da yüksələcək, qeyri-neft sahələri iqtisadiyyatın əsasını təşkil edəcək. İndiki mərhələdə enerji satışından gələn gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya isə bu istiqamətdə işlərin planlı və sistemli şəkildə həyata keçirilməsinə imkan verir. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın əsas istiqamətləri də qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominatlığını möhkəmləndirməkdən ibarətdir. Uzunmüddətli inkişaf mərhələsinin başlanğıcında Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konseptual sənədin hazırlanmasını nəzərdə tutur. Qarşıdakı illərdə iqtisadi strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir.
Azərbaycanı Asiya regionu dövlətləri bölməsinə aid edən Dünya Bankı 2012-ci ildə respublikamızda ümumi daxili məhsulun 3,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Ölkəmizdə 2013-cü il üçün proqnoz 4,4 faiz təşkil edir. Milli məhsulun tərkibində neftdən kənar sahələrin, xüsusilə də, qeyri-neft sənayesinin daha çox inkişaf edəcəyi və həmin sahələrdə artım tempinin ikirəqəmli həddə (11,5 faiz) olacağı gözlənilir. ÜDM-in strukturunda neft sektorunun çəkisi ötən ilə nisəbətən artsa da, amma dominantlıq qeyri-neft bölmələrinə aid olacaq. ÜDM-in real artım sürəti də məhz qeyri-neft sektorunun hesabına baş veərəcək və 2012-ci ildə ümumi daxili məhsulun, həcminin, ABŞ dolları ifadəsi ilə 55 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
Onu da qeyd edək ki, ölkəmizin mühüm dövlət proqramlarında ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarında makroiqtisadi inkişafın sürətlənməsində əhəmiyyətli yer tutan qeyri-neft sektoru ilə bağlı müddəalar öz əksini tapıb. Ölkə iqtisadiyyatının ümumi inkişafına impuls vermək və güclü maliyyə siyasətini həyata keçirmək üçün makroekonomik təddbirlərin əsas başlıca hədəflərindən biri də məhz neftdən kənar sahələrin çoxşaxəliliyini təmin etməkdən ibarətdir. Bu siyasətin əsas fundamental prinsiplərindən biri ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini artırmaq, bu istiqamətdə büdcə gəlirlərinin xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırmaq və müxtəlif vergi növləri üzrə vergi bazasını genişləndirməkdir.
İnkişaf etmiş neft ölkələrinin son iyirmi və onillik inkişaf dinamikasına nəzər salsaq, bu ölkələrdə neftdən kənar sahələrin illik artım tempinin təxminən 9-10 faiz nisbətində olduğunu görə bilərik. Azərbaycanın mövcud inkişaf tsikli yaxın illərdə respublikamızın qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ən inkişaf etmiş dövlətlərin göstəricilərini üstələyəcəyini şərtləndirmiş olur. 2012-ci ilin və ölkəmizin ortamüddətli və uzunmüddətli inkişaf ssenariləri də məhz neft-qaz sektorundan asılılığının azalmasından və qeyri-neft sektorunun sürətli inkişafının artımı fonunda bu sektordan daxil olan vergilərin, həcminin, artırılmasından ibarətdir.
XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verəcək və ölkəmizin sərmayə mənbələri sırasında qeyri-neft məhsulları xüsusi paya malik olacaq. Həmin perspektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrin dinamikliyini göstərmək olar.
İqtisadiyyatın diversifikasiyası üçün yaradılmış əlverişli mühit, həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin təkmilləşdirilməsi və digər islahatlar Azərbaycanın uzunmüddətli dinamik inkişafına baza yaradıb.
Ümumiyyətlə, ölkəmizdə sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...