Dekabrın 20-də Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan Hökuməti və Almaniyanın KWF Bankı arasında Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsi və çirkab sutəmizləyici qurğuların tikintisinin üçüncü mərhələsinin maliyyələşdirilməsi üzrə sazişlər imzalanmışdır. Sazişlər üzrə ümumi məbləğ 102 milyon avrodur. Sazişlərə dair Xüsusi Razılaşma sənədləri də təsdiqlənmişdir.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ölkələrimiz arasında əməkdaşlığın çox əhəmiyyətli olduğunu vurğulamışdır. Əlaqələrimizin 20 ili ərzində möhkəm hüquqi baza yaradılmış, 60-dan çox sənəd qüvvəyə minmiş, o cümlədən iqtisadi əməkdaşlıq üçün vacib olan investisiyaların təşviqi və qarşılıqlı qorunması, gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması, maliyyə və texniki əməkdaşlığa dair sazişlər imzalanmışdır.
KWF Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller Azərbaycan ilə əməkdaşlıqlarının tarixindən danışmış, əlaqələrin inkişafında maraqlı olduqlarını demişdir.
İmzalanacaq yeni sənədlərə əsasən, KWF Bankı adıçəkilən layihələr üzrə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin bərpasının ikinci və üçüncü fazaları üzrə ümumilikdə 100 milyon avro, müşayiətedici tədbirlər üçün 2 milyon avro kredit, kadastr və investisiya işləri üçün 1 milyon avro qrant ayırmışdır.
Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün müşayiətedici tədbirlərin maliyyələşdirilməsi üzrə Sazişə dair xüsusi razılaşma sənədini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, KWF Bankı adından təşkilatın Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller və Bankın Azərbaycandakı nümayəndəsi Regina-Mariya Şnayder imzalamışlar.
Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə kredit sazişi, kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə maliyyələşdirmə sazişi və Xüsusi Razılaşma sənədini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, KWF Bankı adından təşkilatın Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller və Bankın Azərbaycandakı nümayəndəsi Regina-Mariya Şnayder imzalamışlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...