ARDNŞ-in İnsan Resursları Departamenti və "Azneft" İstehsalat Birliyi (İB) tərəfindən "Bibiheybətneft" NQÇİ-də "İnsan resurslarının idarə olunması" və "Əmək qanunvericiliyi" mövzularında təlim-seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd müəssisə və təşkilatlarda maarifləndirmə işlərinin təkmilləşdirilməsi, bu sahədə biliklərin artırılması olmuşdur. Seminarda Departamentin fəaliyyət istiqamətləri olan işə qəbul və yerləşdirmə, uçot və işçilərlə əlaqələr, təlim və inkişaf, testləşdirmənin təşkili haqqında ümumi məlumat verilmiş, şirkətdə yüksək səviyyəli kadrların seçilməsi və işə qəbul olunması prosesi, "vakansiyanın təsviri forması"nın doldurulması qaydaları və karyeranın idarə olunması sistemi nümayiş etdirilmişdir. Eyni zamanda, dinamik inkişaf edən şirkət kimi ARDNŞ-in işçilərə verdiyi yüksək dəyər vurğulanmış, güclü insan kapitalının formalaşdırılması üçün bütün kateqoriyalardan olan işçilərin insan resurslarının idarə olunması ilə bağlı proseslərdə daha fəal iştirak etmələri tövsiyə olunmuşdur. Seminarda, həmçinin Əmək Məcəlləsinin əsas müddəaları və əmək münasibətlərini, əmək müqavilələrini tənzimləyən normativ hüquqi aktların təqdimatı olmuş, Məcəllənin praktiki istifadəsi ilə bağlı geniş məlumat verilmiş, bu sahədə situativ tələbdən doğan məsələlər işıqlandırılmışdır.
Mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış və dinləyicilərin sualları cavablandırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...