PDF Oxu

İqtisadiyyat

  • 44

Gələcəyə hesablanmış daha bir addım

Azərbaycan Naxçıvanla Qarsı dəmiryolu vasitəsi ilə birləşdirmək ücün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayırmağa da hazırdır

Gələcəyə hesablanmış daha bir addım

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələri birləşəcək. Bu layihə vasitəsilə yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxışları təmin ediləcək. Azərbaycan bu layihədən iqtisadi dividendlərlə yanaşı, həm də siyasi-strateji üstünlüklər əldə edəcək. Belə ki, bu layihə dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərində bu dəmir yoluna cəlb edilməsi və hər iki istiqamətdə yükdaşımalarının həcmini artıracaq.

Qeyd edim ki, Bakı - Tbilisi - Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Fondu həyata keçirir. 2011-ci il mayın 18-də Bakı şəhərində ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə protokol imzalanmışdır. Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir. Bakını Qarsla birləşdirəcək dəmiryolu xətti layihəsinin ümumi dəyəri 600 milyon dollar qiymətləndirilir. Bunun 422 milyonu tikinti, 178 milyon dolları isə infrastruktur xərcləridir. Maliyyə resursları qıtlığının hiss edildiyi Gürcüstan tərəfinin öhdəliyini örtmək məqsədilə Azərbaycan bu ölkəyə 200 milyon dollar kredit ayırıb. İpək Yolu ideyasının müasir formada bərpası sayılan dəmir yolu xəttindən istifadə imkanları olduqca yüksək qiymətləndirilir. Çünki bu dəmir yolu vasitəsilə ildə 15 milyon ton yükün daşınacağı proqnozlaşdırılır. Bu isə layihənin iqtisadi baxımdan dəyərli olduğunu bir daha təsdiqləyir. Türkiyə hökuməti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb. Azərbaycan ərazisinə düşən hissəsində lokomotiv bazası möhkəmləndiriləcək, infrastruktur yaradılacaq və digər işlər görüləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına 2007-cı ildə başlanmışdır və 2013-cu ilin sonunda başa catması planlaşdırılır. Dəmiryolunun 2014-cü ildə işə düşməsi gözlənilir.

Onuda qeyd edim ki, Azərbaycan Naxçıvanla Qarsı dəmiryolu vasitəsi ilə birləşdirmək ücün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayırmağa da hazırdır. Çünki hesablamalara görə, bu işin maliyyə tutumu təqribən 1 mlrd. ABŞ dollarına başa gələcək. Bu layihə ilə əlaqədar olaraq dəmir yolunun Naxçıvan hissəsində də təqribən 10 km-ə yaxın dəmiryolu xəttinin tikintisi nəzərdə tutulur. Bu hissə hazırkı dəmiryolu xəttini Sədərəkə qədər uzatmağa imkan verəcək. Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır. Azərbaycan bu yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Tranzit daşımaların artacağı ilə əldə olunacaq bütün iqtisadi dayaqlarla yanaşı, tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibliyini qoruyub saxlayacaq.

Ruqiyyə Cəfərova

Digər xəbərlər