Aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, bu barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə qurumun rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ötən onillikdə mühüm iqtisadi inkişafa nail olmuşdur. Cənubi Qafqaz regionuna daxil olan Azərbaycanın iqtisadiyyatı ötən illər ərzində sürətlə inkişaf etmişdir.
"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaqdır. Forumda əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Bakıda keçiriləcək Dünya İqtisadi Forumu regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...