PDF Oxu

İqtisadiyyat

  • 31

“Azərsu” ASC üç ayda 12 min 996 ədəd “smart-kart” tipli sayğac quraşdırmışdır

“Azərsu” ASC üç ayda 12 min 996 ədəd “smart-kart” tipli sayğac quraşdırmışdır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debütor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə "smart-kart" tipli elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-mart aylarında, 10 min 764-ü əhali və 2 min 232-si qeyri-əhali qrupu abunəçiləri olmaqla, ümumilikdə 12 min 996 "smart-kart" tipli sayğacın quraşdırılması təmin edilmişdir. Ümumiyyətlə, 2012-ci ilin mayından bu günədək 37 minədək "smart-kart" sayğac quraşdırılmışdır.

"Azərsu" ASC "smart-kart" sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlamış və daha sonra regionlarda həyata keçirilmişdir. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minədək "smart-kart" sayğac quraşdırılmışdır. Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul və digər şəhərlərin də abunəçiləri bu cür sayğaclarla təmin olunacaqlar.

Cari il aprelin 1-nə "Azərsu" ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və "smart-kart" sayğaclarla təmin olunmuşdur. Bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçmişdir.

Su təchizatı və çirkab suların axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına "smart-kart" tipli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

AzərTAc

Digər xəbərlər