2013-cü ilin I rübündə məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinə yönəldilib. SİA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyinin və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması hədəfləri nəzərə alınmaqla müəyyənləşdirilib.
Bundan başqa ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən rüb ərzində 844.7 mln.dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Son 5 ilin ilk rübləri üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta bahalaşma göstəricisi 0.4% təşkil etsə də, dövr ərzində məzənnə demək olar ki, dəyişməyib. Məzənnənin standart deviasiyası da çox kiçik olub. Mərkəzi bankın məlumatına görə, milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib. Rüb ərzində manatın məzənnəsinin sabitliyi şəraitində nominal effektiv məzənnənin dəyişimi digər valyuta məzənnələrindən qaynaqlanıb. Manat ABŞ, Avrozona, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan milli valyutalarına nəzərən həm nominal, həm də real olaraq möhkəmlənib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...