Hər il may ayının ikinci ongünlüyündən başlayaraq Astara rayonunda çəltik əkini kampaniyasına başlanılır.
AzərTAc xəbər verir ki, bu il havaların əlverişli keçməsi məhsul istehsalçılarına əkinin optimal müddətdə başa çatdırılmasına imkan yaratmışdır.
Dövlət tərəfindən çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiyanın ayrılması torpaq istehsalçılarının bu sahənin inkişafına marağını artırmışdır.
Çəltikçilik Astara rayonunun ənənəvi əkin sahələrindən biridir. Bu qədim əkinçilik sahəsi əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərində inkişaf etmişdir. Rayonda əsasən "Haşımı", "Sədri", "Daştəsə", "Şabani", "Züdrəst" və "Həsəni" toxum növlərinə daha çox üstünlük verilir.
Çəltik əkini, becərmə və məhsul yığımı zamanı mini texnikaların olmaması səbəbindən torpaq mülkiyyətçiləri və fermerlər bir sıra problemlərlə qarşılaşırlar.
Hazırda çəltikçilikdə əl əməyindən istifadə olunur. Bu sahədə mövcud olan toxumlar cırlaşdığından rayona yeni toxumların gətirilməsi zərurətini yaratmışdır.
Ötən il Astara rayonunda 120 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəmin 170 hektara çatdırılması nəzərdə tutulmuşdur.
2012-ci ildə rayonda 1400 ton məhsul istehsal edilmiş, hər hektarın məhsuldarlığı 65,4 sentner olmuşdur. Bu il isə çəltik sahələrində məhsuldarlığın 70 sentnerə çatdırılması proqnozlaşdırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...