"İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi neft sektorundan sonra Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində xarici ekspertlərlə İKT sektorunun inkişafı məsələləri müzakirə ediləcək. Müzakirələr bu gün Bakıda keçirilən "Baku Futures Forum"unda baş tutacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, İKT sektoru dünyada iqtisadiyatın inkişafının prioritet istiqamətidir: "Hazırda enerji sektorundan asılı olan bir çox ölkələrdə onun inkişafına diqqət yetirirlər. Azərbaycanın neft gəlirlərinin İKT sektorunun inkişafına düzgün yönəldilməsi, həmçinin gələcəkdə iqtisadiyyatın davamlı inkişafının təminatında təcrübəsi bir çox ölkələri maraqlandırır. Bu məsələ konfrans çərçivəsində müzakirə ediləcək mövzulardan biri olacaq".
" "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində ölkənin iqtisadi potensialının 2020-ci ilədək iki dəfə artırılması nəzərdə tutulur ki, bu prosesdə İKT sektoruna böyük rol ayrılıb. Bu dövrdə İKT sektorunun 4- 4,5 dəfə artımı nəzərdə tutulur. Bununla bağlı əlverişli iqtisadi mühitin yaradılması, bu sahəyə investisiya axınının təmin olunması və insan kapitalının inkişaf etdirilməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Azərbaycanda texnoparklar şəbəkəsi yaradılır, bu sahəyə investisiya dəstəyinin verilməsi üçün İKT Fondu fəaliyyətə başlayıb. İKT universitetinin işə düşməsinə isə hazırlıq gedir",- deyə nazir fikirlərinə əlavə edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...