PDF Oxu

İqtisadiyyat

  • 6

Milli Məclisin deputatları “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak edəcəklər

Milli Məclisin deputatları “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Cavanşir Feyziyev və Rasim Musabəyov "Rusiya-Azərbaycan regionlararası dialoq-2013" adlı IV forumda iştirak etmək üçün iyunun 5-də Rusiya Federasiyasının Volqoqrad şəhərinə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, biznes strukturlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, ekspertlər iştirak edəcəklər.

"Rusiya-Azərbaycan regionlararası dialoq-2013" forumunun açılışında bu iki ölkənin dövlət başçılarının iştirakçılara müraciətləri oxunacaqdır. Plenar iclasda dövlət və hökumət rəsmilərinin çıxışları dinləniləcək, daha sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olacaqdır.

Tədbir çərçivəsində keçiriləcək "dəyirmi masa"larda regionlararası əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, enerji tərəfdaşlığının intensivləşdirilməsi imkanlarına nəzər salınacaqdır. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi diqqət mərkəzində olacaq, Xəzər regionunda sabitliyin təmin edilməsində Rusiya ilə Azərbaycanın rolundan söhbət açılacaqdır. Həmçinin Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəslin dialoqunun qurulması istiqamətində fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin deputatları "dəyirmi masa"nın ətrafındakı diskussiyalarda fəallıq göstərəcək, təkliflər irəli sürəcəklər.

Sonda forumun nəticələri barədə yekun bəyannamə qəbul ediləcəkdir.

Biznes qurumlarının rəhbərləri ilə "dəyirmi masa" moderatorları birgə mətbuat konfransı keçirəcəklər.

Forum çərçivəsində təşkil edilmiş sərginin təntənəli açılışı, həmçinin Volqoqradın görməli yerlərinin, "Stalinqrad döyüşü qəhrəmanları"nın xatirə kompleksinin ziyarət edilməsi də nəzərdə tutulmuşdur.

Səfər iyunun 7-də başa çatacaqdır.

AzərTAc

Digər xəbərlər