PDF Oxu

İqtisadiyyat

  • 20

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində BMT Baş Məclisi ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində BMT Baş Məclisi ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycana səfəri çərçivəsində iyunun 18-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə nazir Əli Abbasov 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini diqqətə çatdıraraq bu sahədə əldə olunan uğurlardan, İKT sahəsində həyata keçirilən milli və regional layihələrdən danışmışdır.

Nazir vurğulamışdır ki, Azərbaycan həm BMT Baş Məclisinin qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi üzrə əlaqələndirici, həm də istismarına başlanılan "Europe Persia Express Gateway" layihəsində əsas təşəbbüskar və iştirakçılardan biridir. Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace"in artıq ixrac xidmətlərinə başladığını deyən Ə.Abbasov, ölkədə bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, İnformasiya Texnologiyaları Universitetinin yaradılması istiqamətində də işlərin aparıldığını diqqətə çatdırmışdır.

İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi ilə əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə TASİM layihəsinin əhəmiyyəti vurğulanmış, BMT tərəfindən layihəyə göstərilən dəstək yüksək qiymətləndirilmiş, həmçinin digər istiqamətlər üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər