PDF Oxu

İqtisadiyyat

  • 27

Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər vasitəsilə əhali tərəfindən 200 minə yaxın əməliyyat həyata keçirilmişdir

Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər vasitəsilə əhali tərəfindən 200 minə yaxın əməliyyat həyata keçirilmişdir

Bu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

DSMF-dən AzərTAc-a bildirmişlər ki, fondun təqdim etdiyi xidmətlər "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə ən çox müraciət edilən elektron xidmətlər sırasındadır.

Cari ilin ötən dövründə "Pensiya kapitalı barədə məlumat" (21 min 729 əməliyyat), "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (21 min 659 əməliyyat), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (8 min 370 əməliyyat), "Pensiya kalkulyatoru" (6 min 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olmuşdur.

Cari ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunmuşdur. Bununla bağlı bu ilin iyulun 1-nə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 min 10 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilmişdir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 76 yerli orqanı üzrə 590 min 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunmuşdur.

2013-cü ilin yanvar-iyun ayları ərzində 43 min 368 sığortaedən tərəfindən 131 min 583 əməliyyat həyata keçirilərək cəmi 12 milyon 55 min 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilmişdir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da asanlaşdırılması, əlavə vaxt itkisinin qarşısının alınması, insan amilinin rolunu son dərəcə azaldılması ilə nəticələnmişdir.

Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılmışdır.

AzərTAc

Digər xəbərlər