Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. SİA-nın xəbərinə görə, bu məqsədlə keçirilən xüsusi təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, DSMF-də bu məqsədlə xüsusi "Çağrı Mərkəzi" (190-0) yaradılıb: "Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnızşəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcək".Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı barədə də məlumatın veriləcəyini deyən fondun sədri bildirib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq: "Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq".Tədbirdə avtomatlaşmış pensiya təyinatının aparılması prosesi əyani şəkildə nümayiş etdirilib. Ayrı-ayrı rayonlardan 190-0 çagrı mərkəzinə zəng vuran vətəndaşlara avtomatlaşmış qaydada pensiya təyinatı aparılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...