PDF Oxu

İqtisadiyyat

  • 33

İsmət Abasov kənd təsərrüfatının inkişafından danışıb

İsmət Abasov kənd təsərrüfatının inkişafından danışıb

"Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil edib və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artıb. 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir". SİA-nın xəbərinə görə, bunu ötən gün Kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, 2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilib ki, onun da 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir: "2013-cü il iyulun 15-i tarixinə 905 min 80 hektarda və ya ümumi sahənin 88 faizində biçin aparılıb. Biçilən sahələrdən 2 milyon 408 min 191 ton dənli və dənli paxlalıların məhsulu yığılıb və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal edilib ki, onun da 1 milyon 612 min 644 tonunu buğda təşkil edib. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur".

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin 2013-cü ildə 1648 kənd təsərrüfatı texnikası, o cümlədən 1000 taxılyığan kombayn, 394 traktor, 4 qarğıdalıbiçən xeyder və 1150 qoşqu avadanlığı ölkəmizə gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verildiyini diqqətə çatdıran İ.Abasov qeyd edib ki, bununla yanaşı, Cəmiyyət tərəfindən məhsul istehsalçılarının gübrələrə olan tələbatı müəyyənləşdirilməklə, cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 4 milyon 700 min manat büdcə və təkrar istifadə vəsaitləri hesabına 13 milyon 180 min manat dəyərində 30 min ton ammonium nitrat gübrəsinin alınması üçün müvafiq tədbirlər görülüb: "Beləcə, 2013-cü ildə 8200 ton ammonium nitrat gübrəsinin ölkəmizə gətirilməsi təmin edilib. Hesabat dövründə gətirilmiş və Cəmiyyətin bazasında keçən il alınan 47 min ton gübrələr hesabına 2013-cü il iyulun 1-dək kənd təsərrüfatı məhsulları istehsalçılarına 54 min ton müxtəlif gübrələrin güzəştli şərtlərlə satışı təmin edilib".

sia.az

Digər xəbərlər