"Qlobal iqtisadi tənəzzülün səngimədiyi bir şəraitdə cari ilin 6 ayında Azərbaycan iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialını nümayiş etdirib. İqtisadiyyatın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artıb. Bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Samir Şərifovun sözlərinə görə, son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir: "Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib. Nəzərə alınmalıdır ki, 2012-ci ildə və cari ilin ötən 6 ayında dövlətin maliyyə vəsaiti hesabına nəhəng investisiya proqramlarının həyata keçirilməsi büdcə xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb olub. 2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1 faiz, 2013-cü ildə isə 31,6 faiz artıb".Maliyyə naziri bildirib ki, əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib: "Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması yuxarıda qeyd olunan iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir"."2013-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9 faiz) çox icra olunub. Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz (1 milyard 391 milyon manat) çox olub. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8 faiz çox icra edilib. Sosial yönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib" – deyə maliyyə naziri sözlərinə əlavə edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...