PDF Oxu

İqtisadiyyat

  • 38

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

İyulun 21-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.

Bazar günü "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,35 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2 ton kartof, 3 ton meyvə və s. təklif olunurdu. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 25,9 ton məhsul satılmışdır.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 40-50, kartof 40-60, yumurtanın 1 ədədi 9 qəpiyə və s. satılır.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 65,3 ton meyvə-tərəvəz, bostan məhsulları, ağartı, göyərti, digər kənd nemətləri gətirmişdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bu dəfə ki yarmarkaya çıxarılan məhsullar arasında göyərti, təzə kartof-soğan, kələm, kahı, lobya, badımcan, bibər, meyvələrdən alma, armud, çiyələk, alça, gavalı, ərik, gilas, gilənar, şaftalı, bostan məhsullarından qarpız, yemiş və digər mövsümə uyğun məhsullar üstünlük təşkil edir.

Şənbə günündə olduğu kimi, iyulun 21-də də yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulun 90 faizindən çoxu satılmışdır.

Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada qoyulmuş nəzarət tərəzisi vasitəsilə hər kəs aldığı məhsulun çəkisini yoxlaya bilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - "Günəş" ticarət mərkəzində (17,6 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,1 ton) satışa bir gün əvvəl Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 19, 7 ton məhsul satılıb qurtarmaq üzrədir.

Hər iki yarmarkada meyvələrdən alma, armud, çiyələk, alça, ərik, gilas, gilənar, şaftalı, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, lobya, badımcan, bibər, göyərti, bostan məhsullarından yemiş, qarpız və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edir.

Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 208 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Şənbə və bazar günlərində yarmarkada bazarlardakından 25-30 faiz ucuz qiymətə 200 tondan çox qarpız, yemiş, alça, gilas, ərik, alma, pomidor, şaftalı, xiyar, kartof, soğan, badımcan, bibər, göyərti və digər məhsullar satılmışdır.

Alıcılar yarmarkada yaradılan şəraitdən razıdırlar. Eyni zamanda, burada alış-veriş etməyin sərfəli olduğunu bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə-bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 31,1 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 1, 8 min ədəd yumurta artıq satılıb qurtarmaq üzrədir.

Yarmarkada ilk baxışdan bir səliqə-sahman, yay mövsümünə uyğun olaraq bolluq və canlanma gözə çarpır, çeşidlərin bolluğu diqqəti cəlb edirdi. Alıcılara mövsümə uyğun olaraq təzə çiyələk, gilas, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur ət, ağartı, göyərti, həmçinin bostan məhsullarından yemiş, qarpız və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı, eyni zamanda, bostan məhsullarının təzə və keyfiyyətli, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Bazar günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi ilk baxışdan nəzərə çarpırdı. Şəhər sakinləri Ağstafa, Bərdə, Siyəzən, Goranboy və digər rayonlardan gətirilmiş meyvə-tərəvəzləri, süd və bostan məhsullarını həvəslə alırdılar.

Fermerlər məhsulları bazarlardakından 25-30 faiz ucuz qiymətlərə təklif edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 25 ton məhsul satılmışdır.

AzərTAc

Digər xəbərlər