Elektrik enerjisinin tələbatçılara daha keyfiyyətli və dayanıqlı şəkildə çatdırılması, itkilərin qarşısının alınması enerji sistemi üçün çox vacib məsələlərdəndir. Bu baxımdan ötürücü şəbəkənin yeniləşməsi, yeni yarımstansiya və yüksək gərginlikli xətlərin inşası, mövcud olanların yenidən qurulması mühüm əhəmiyyət kəsb edir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu ilin əvvəlindən 35-500 kilovoltluq (kV) elektrik verilişi xətləri təmir olunmuşdur. Bundan əlavə, 220 kV-lik "Zabrat" yarımstansiyası, 220 kV-lik ikidövrəli "Şimal elektrik şəbəkəsi (ES)-Hövsan" və 220 kV-lik "Şimal ES-Zabrat-Sənaye Qovşağı yarımstansiyası (YS)-Sumqayıt ES" hava xətlərinin tikintisi layihəsi üzrə işlər başa çatdırılmışdır. "Şimal" Elektrik Stansiyasında gücü 409 meqavat olan 2-ci buxar-qaz qurğusu tikilib istismara verilənə kimi göstərilən hava xətləri "Sənaye Qovşağı" YS – Sumqayıt ES – "Zabrat" YS – "Hövsan" YS sxemi üzrə işdə olacaqdır.
Bakı şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında müstəsna rol oynayacaq bu layihə üzrə tikilmiş ikidövrəli 220 kV-lik hava xətlərinin ümumi uzunluğu 95 kilometrdən artıqdır. Layihə əhəmiyyətinə görə son vaxtlarda həyata keçirilən ən mühüm infrastruktur layihələrdən hesab olunur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...